23 
İyl
2019
14:56
133
25
1325
Virtual karabakh

EYOF-2019: Beş güləşçimiz qızıl medal üçün yarışacaq

Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışlarının sonuncu günündə daha beş idmançımız finala çıxıb.

Oxu.Az xəbər verir ki, sərbəst güləşdə Kənan Heybətov (-51 kq) Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib – 12:2. Daha sonra Finlandiya idmançısına heç bir şans tanımayan (10:0) Kənan yarımfinala yüksəlib.

Yunan güləşçini də vaxtından əvvəl yenən (12:1) Heybətov finala çıxıb. Onun finaldakı rəqibi rusiyalı Rüstəm Dolayev olacaq.

Cəbrayıl Hacıyev (-65 kq) ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb – 13:3. Türkiyə pəhləvanını bir dəqiqə ərzində diz çökdürən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb. Cəbrayıl yarımfinalda İsveçrə idmançısına da güzəştə getməyib. Son üç görüşündə 10:0 qalib gələn pəhləvanımızın finaldakı rəqibi rusiyalı Batırbəy Tşkovrebovdur.

Yunan-Roma güləşində Elmir Əliyev (-51 kq) ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb – 8:0. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub – 2:1. Yarımfinalda gürcü rəqibini 6:1 qalib gəldiyi vaxtda “tuşe” ilə devirən həmyerlimiz adını finala yazdırıb. Onun həlledici görüşdəki rəqibi ukraynalı Sanya Yakovlevdir.

Xasay Həsənli (-65 kq) ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib – 7:0. Finlandiya və İsveçrədən olan rəqiblərinə də 3:1 və 10:2 hesabı ilə qalib gələn Xasay adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan (7:4) Həsənli finala yüksəlib. O, qızıl medal uğrunda Almaniyanı təmsil edən Deni Nakayevlə qarşılaşacaq.

Qadın güləşində Elnurə Məmmədova (-53 kq) gərgin keçən qarşılaşmada macar rəqibindən son xal prinsipi ilə üstün olub – 4:4. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan (müvafiq olaraq 7:2 və tuşe) Elnurə finala adlayıb. Onun finaldakı rəqibi rusiyalı Polina Lukinadır.

Birgül Soltanova (-57 kq) startda Rusiya güləşçisinə uduzub – 2:2. Sonuncu xalı qazandığı üçün qələbə rəqibə verilib. Lakin rusiyalı güləşçi finala çıxmadığından, Birgül yarışı medalsız başa vurub. 

Nigar Mirzəzadə (-65 kq) yarışa alman rəqibini yenməklə başlayıb – 8:0. Ancaq o, 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib – 0:10. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Nigar britaniyalı güləşçiyə rahat qalib gələrək (10:0) bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun rəqibi polşalı Zofia Polovçik olacaq.

Qeyd edək ki, medal qarşılaşmaları bu gün saat 16:00-da başlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri