10 
Avq
2019
13:00
194
39
4822
Virtual karabakh

Pərvin Məmmədov: Özüm də bəstəboy görəndə deyirəm ki, bunun boyuna bax - MÜSAHİBƏ

Paralimpiya hərəkatına dəstək olaraq bu sahədə fəaliyyət göstərən idmançıları tanıtmaqda davam edirik.

Oxu.Az bu dəfə Avropa çempionu, Dünya Kubokunun qalibi olmuş parapauerliftinqçi Pərvin Məmmədovla müsahibəni təqdim edir:

– 1.25 m boya maliksiniz və 25 yaşınız var. Belə boyla idmanla məşğul olmaq çətin deyil?

– Yox, heç də çətin deyil, çox rahatdır. Gərək özündə kompleks yaratmayasan. Kompleksə vaxt ayırıb özünü məhv etməyin mənası yoxdur. Daha həvəslə, adrenalinlə yaşamaq lazımdır.

– Bəstəboyluq sizin qardaşınızda da var. Nəsildə də varmı?

– Yox, yalnız kiçik qardaşımda var. Həkimlər bunu “raxit”liklə əlaqələndirirdi. Amma sonra bilindi ki, bu, irsi bir şeydir. Görünür, nəsildə əvvəl kimdəsə olub. İndi də məndə və qardaşımda belə bəstəboyluq üzə çıxıb. Müalicədən sonra boyumda artım oldu. Amma yalnız 1.25 m-dək uzana bildim.

– Məktəbə iki il gec getmisiniz...

– Boyuma görə gec getmişəm... Uşaqlar I sinifdə mənə baxıb gülürdü. Onda mən də uşaq idim. Sakit uşaq idim, onların gülməsinə pis olurdum. Sonra böyüdükcə bu kompleksim yoxa çıxdı. Ağlım kəsdikcə bunu normal qarşılamağa başladım. Çünki həmin mənə gülənlər uşaq ağlında idi. V sinifdən sonra bütün bunlar yadımdan çıxdı.

– Bəs böyüklərin baxışları ilə üzləşirsinizmi?

– Nadir hallarda. Düşünürəm ki, bu da bəstəboy olsam da, bədənimin yaxşı olmasına görədir. Bütün bu baxışlar normaldır. Mən heç kimi qınamıram. Özüm də bəstəboy görsəm, belə baxaram. İndi də bəstəboy görəndə özümə qəribə gəlir. Özüm bəstəboy olsam da, deyirəm ki, bunun boyuna bax e (gülür). Adətən, yanımda gəzənlər bu baxışlardan əsəbiləşir. Amma mən bunu normal qəbul edirəm. Heç elə bil ki, belə bir şey olmayıb.

– Qardaşınızla şəhərdə gəzəndə necə? Bir var bir nəfərə baxsınlar, bir də var ki, iki nəfərə baxsınlar...

– Eyni şeydir. İstəyir bir nəfər olsun, istəyirsə 10 nəfər. Dostumun da boyu balacadır. Mənim üçün adi bir şeydir. Burada şişirdiləsi heç nə yoxdur.

– Yeri gəlmişkən, dost seçmək çətin olmur?

– Boya görə deyirsinizsə, yox. Bunu kim fikirləşirsə, səhv düşünür. Dostlarım çoxdur. Uşaqlıqdan dostluq etdiklərim var. Əksinə, deyərdim ki, boyuma görə dostlarımın sayı çoxdur.

– Məktəbi IX sinifdə tərk etmisiniz. Nəyə görə?

– Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə işlərimi verdim. Peşəkar rəssam olmaq istəyirdim. Qabiliyyət imtahanından keçsəm də, yalnız testdən keçə bilmədim. 37 bal toplamışdım.

– Bəs ikinci il yenidən həmin məktəbə daxil olmaq üçün cəhd etmədiniz?

– Yox. O qədər əziyyətim boşa getdiyi üçün bir az pis oldum. Amma bununla belə, rəsm çəkməyi dayandırmamışam. Doqquz ildir ki, rəssamlıqla məşğulam.

– Bilirəm ki, bu rəsmlərindən bəzilərini satışa çıxarmısınız. Ən baha satdığınız hansı portret olub?

– Ən baha satdığım 40 manat olub. Həmin portreti taxta – nərd üzərində işləmişdim. Mənim üçün yalandan rəsmin qiymətini qaldırmağın mənası yoxdur. Özüm neçə manat dəyərində görürəmsə, o qiyməti də qoyuram.

– Rəssamlıq hara, idman hara? Bu sualın üzərində dayanaraq pauerliftinqlə necə məşğul olmağa başladığınıza dair sual verirəm...

– 2014-cü ildə şəhərdə məhəllə uşaqları ilə gəzirdim. O vaxt avara uşaq idim. “28 May”da telefon dükanlarından birinə daxil olmuşdum. Ramil adında bir telefon ustası vardı, mənə belə bir idmanla məşğul olmağı təklif etdi. Mən də bilirdim ki, atam icazə verməyəcək. III dərəcəli əliləm, o oğlan dedi ki, bir müəllim var, ancaq paralimpiyaçıları hazırlaşdırır.

Atam əvvəl deyirdi ki, neynirsən, boyuna ziyan olacaq. Amma sonra razılığını aldım və məşqə gəldim. İlk olaraq 40 kq-ı qaldırmaqdan başlamışam. İlk yarışım Ağsuda oldu. Respublika çempionatında II yer tutdum. Bundan sonra həvəsim artdı. Bədənim formalaşdıqca, bodibildinqə də həvəsim yarandı. Məşhur amerikan bodibildinqçisi Roni Koulman da elə o vaxtdan kumirimə çevrildi.

2015-ci ildə isə millidən dəvət aldım. Hazırda beşqat ölkə çempionuyam. İlk beynəlxalq yarışım isə 2017-ci ildə Macarıstanın Eqer şəhərində keçirilən Dünya Kubokunda olub. Onda 137 kq-ı qaldırıb bürünc medal qazanmışdım. Ötən ilin mayında isə Fransada iki kateqoriya üzrə Avropa çempionu olmuşam. Bu ilin aprelində Dünya Kubokunun qalibi adını qazandım. 140 kq-ı qaldırmaqla bu nailiyyətə imza atdım.

– Sənin pauerliftinqlə məşğul olmağına səbəb olan telefon ustası ilə indi də əlaqəniz qalırmı?

– Təəssüf ki, daha orada işləmir. Heyf ki, onu daha görə bilmirəm. Amma sağ olsun, bu idmana gəlməyimdə onun təklifinin böyük rolu oldu.

– Ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında siz də daxil olmaqla, yığmamız medalsız qaldı. Bunun xüsusi səbəbi var?

– Buna zəif çıxış demək istəmirəm. Çünki bu, Paralimpiya Oyunlarına lisenziya xarakterli yarış idi. Mənə həmin yarışlarda medaldan çox, lisenziya xalı lazım idi. Rəqiblərə özümü göstərmək istəmirdim. Dünya çempionatında yalnız 150 kq-ı qaldırıb şəxsi rekorduma imza atdım.

Əslində, 156 kq-ı qaldırmışdım. Amma kəmərlər açıldığından, nəticəm qeydə alınmadı... Düzdür, VII yeri tutmağım yaxşı nəticə deyil. Amma qarşıdakı yarışlarda nəticələrimi daha da yaxşılaşdırmağa çalışacağam. İlk “beşliy”ə düşmək istəyirəm. Əsl gücümü gələn il Paralimpiya Oyunlarında göstərmək istəyirəm.

– Yaşadığınız Lökbatan qəsəbəsindəki idman zallarından birində formanızı saxlamağa çalışırsınız. İdmançıların çoxu bəzən fitnes məşqçi kimi işləyir. Sizin belə bir niyyətiniz yoxdur?

– Yox, hələlik belə bir niyyətim yoxdur. Mənim hələlik təcrübəm bu sahədə azdır. İndi buna vaxt ayıra bilmərəm. Yalnız Paralimpiya Oyunlarından sonra bu barədə düşünmək olar. Yeri gəlmişkən, məşq etdiyim zalın sahibi İsmayıl Balaməmmədova da öz təşəkkürümü bildirirəm ki, mənə barədə hazırlaşmaqda köməyini əsirgəmir.

– Cəmiyyətə çağırışınız varmı?

– Elələri var ki, uşaqlarını bayıra çıxarmaqdan utanır. Amma bununla uşaqlarını bədbəxt etməsinlər. Mən tövsiyə edərdim ki, əlillikləri varsa belə, dövlətimizin yaratdığı hər bir şəraitdən yararlanıb idmanla məşğul olsunlar. Onları küsdürməyin, taleyin axarına buraxmağın mənası yoxdur.

Əksinə, onları bayıra çıxarmaq lazımdır ki, komplekssiz olsunlar, insanların baxışlarına öyrəşsinlər. Nailiyyətlər qazandıqca artıq onlara başqa gözlə baxılacaq. Hamı deyəcək ki, bu boyda boyu olsa da, gör nələr edir və ya əlil arabasında gəzsə də, idmanda uğur qazanır, bütün ölkələri gəzir.

Səbuhi Musayev
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri