28 
Sen
2019
12:04
52
49
2199
Virtual karabakh

Nəriman Abdullayev: Zəif çıxış etmişik, bunu etiraf edirəm - MÜSAHİBƏ

Bu ay Rusiyanın Yekaterinburq şəhərində boks üzrə dünya çempionatı keçirildi. Bu yarışa millimiz səkkiz boksçu ilə yollansa da, komandamız vətənə əliboş döndü.

Oxu.Az bu məqsədlə boks millimizin müvəqqəti baş məşqçisi Nəriman Abdullayevdən müsahibə alıb.

– Dünya çempionatında səkkiz boksçu ilə təmsil olunsaq da, yığmamız medal qazanmadan vətənə döndü. Uğursuzluğun səbəbi nədir?

– Açığı, nəticə olmalı idi. Dominqes Alfonsonun 1/4 finaldakı döyüşünə baxdınızsa, onun qələbəsini hakimlər əlindən aldı. O, çox gözəl döyüşdü və deyərdim ki, özbək idmançıya məğlub olmadı, uduzduruldu. Qalib gəlsəydi, ən azı bürünc medalı özünə təmin edəcəkdi.

Eləcə də, Tayfur Əliyev və Məsud Yusifzadə hakimlərin qərarları ilə 1/8 finalda uduzduruldu. Onlar heç də pis çıxış etmədi. Sadəcə, hakimlər tərəfindən onlara problem yaradıldı. Cavid Çələbiyev və Kamran Şahsuvarlı kimi aparıcı boksçularımızın yarışa getməməsi də medalsız qalmağımıza səbəb oldu.

– Sizin sözünüzdən belə çıxır ki, üç boksçumuz uduzdurulubsa, Azərbaycana qarşı qərəzli mövqe olub...

– Oldu da. Alfonso 100 yox, 150 faiz qalib gəlmişdi. Bizdən sonra başqa məşqçilər də bizə bildirdi ki, sizin idmançı qalib gəlmişdi.

– Nəriman müəllim, bir dünya çempionatında üç idmançımıza qarşı hakim səhvi ola bilməz axı. Bu sanki uğursuzluğa don geyindirilməyə bənzəyir. İnandırıcı görünmür axı...

– Niyə ki?! İnandırıcıdır, özü də lap gözəl. Özü də dünya çempionatı ciddi yarışdır və burda güclü boksçular mübarizə aparır. 75 kq-da mübarizə aparan Amin Kuşkovun 1/16 finalda uduzduğu rusiyalı Qleb Bakşi sonda dünya çempionu oldu. Boksçularımız çox yaxşı çıxış edib.

Məsud 1/8 finalda erməni Artur Hovanisyanla görüşündə dəqiq zərbələr vurmuşdu. Həmin görüşdə qələbə bizim idmançıya verilə bilərdi. Yalnız 63 kq-da Bəxtiyar Qazıbəyov zəif çıxışı ilə yadda qaldı.

O, ilk görüşündə qazax idmançıya böyük hesabla uduzdu. Bir nüans da odur ki, mən qısa müddətdə komandaya baş məşqçi təyin olunmuşdum. Bu müddətdə hər şeyi yoluna qoymaq da çətin idi. Belə şeylər də rol oynayır...

– Qısa müddət deyəndə ki, siz əvvəlki baş məşqçi Vaqif Şirinovun vaxtında da yığmada işləyirdiniz. Yəni artıq milli komandanın idmançılarının potensialına, döyüş üslubuna bələd idiniz...

– Bunun ona dəxli yoxdur. Hər şey cavabdehlikdən asılıdır. Baş məşqçi hər şeyə cavab verir.

– Federasiya rəhbərliyi nəticəni necə qarşıladı?

– Əlbəttə, yaxşı qarşılanmadı. Zəif çıxış etmişik. Bunu açıq deyə bilərik. Amma bu dünya çempionatı Olimpiadaya lisenziya vermirdi. Qarşıdakı Avropa və dünya lisenziya turniri var. Biri Böyük Britaniya, digəri Fransada olmalıdır. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) ilə Beynəlxalq Olimpiya Komitəsi hələ ki hər çəkidə Olimpiadada neçə idmançının olması barədə qərar verməyib.

Bildiyiniz kimi, Olimpiadada əvvəlki 10 çəkidən ikisi çıxarılıb. Bu da boksa böyük zərbədir. 49 və 60 kq çəki dərəcələri çıxarılıb.

– Siz dünya çempionatı üçün müvəqqəti baş məşqçi təyin olunmuşdunuz. Yerinizə kimin baş məşqçi təyin olunması gözlənilir?

– Bunu bilmək olmaz. Qəliz sualdır. Bu barədə heç nə deyilmir. Biz hələlik başımızı aşağı salıb öz işimizi görürük. Çalışırıq ki, millimiz Olimpiadaya vəsiqə qazansın. İlin sonunda Respublika çempionatı keçiriləcək.       

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri