29 
Okt
2019
11:23
217
27
4788
Virtual karabakh

Eduard Məmmədovun dünya çempionluğuna nəzər: 41 yaşında necə qalib oldu? - FOTO

29 Okt, 2019
11:23
4788

Eduard Məmmədovun dünya çempionluğuna nəzər: 41 yaşında necə qalib oldu? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19-26 oktyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinq üzrə növbəti dünya çempionatı keçirildi.

Oxu.Az xəbər verir ki, Eduard Məmmədovun yenidən dünya çempionu olması sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Müzakirələr daha çox tanınmış idmançımızın 41 yaşında çempion olması ilə bağlı idi. Onun dünya çempionu olması xəbərini ilk olaraq Oxu.Az ictimaiyyətə çatdırdığından, bu mövzu ətrafında bir qədər dəqiqləşdirmə aparmaq qərarına gəldik. Ki, insanlarımızda bəzi təəccüb doğuran məqamlara aydınlıq gətirək.

Əvvəla, onu bildirək ki, yarışı WAKO (World Association of Kickboxing Organizations), yəni Dünya Kikboksinq Təşkilatları Assosiasiyası keçirirdi. WAKO isə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan yeganə beynəlxalq kikboksinq qurumudur. Yəni kikboksinq önümüzdəki illərdə Olimpiadanın proqramına salınacağı təqdirdə, məhz bu təşkilatın keçirdiyi yarışların nəticələri əsas götürüləcək. Budəfəki dünya çempionatı 1978-ci ildən həvəskar kikboksçular arasında keçirilən 22-ci yarış idi.

Bu yarışda Azərbaycanı 22 idmançı təmsil edirdi. Bunlardan yalnız türkiyəli legionerimiz Fatma Rəcəbzadə qadın millimizin üzvü kimi yarışa qatılmışdı (bundan başqa, Azərbaycandan dörd məşqçi, iki federasiya rəsmisi və üç hakim Sarayevoya ezam olunmuşdu).

Millimizdən daha çox təmsil olunan ölkələr Rusiya (55), İtaliya (38), Polşa (37), Xorvatiya (35) və Qazaxıstan (23) idi. Hətta meydan sahibi Bosniya və Herseqovina yığmamızdan daha az idmançı ilə – 22 kikboksçu ilə təmsil olunurdu. Ümumilikdə 57 ölkədən 720 idmançı (bunlardan 502-si kişi, 218-i qadın kikboksçu idi) yarışda mübarizə aparırdı.

Yarış üç – Light Contact (Yüngül Toxunma), Low Kick (Qurşaqdan Aşağı Zərbə) və K1 (Tam Toxunuş) versiya üzrə keçirilirdi. Əvvəl xəbər verdiyimiz kimi, yığmamız doqquz medal qazanıb.

İdmançılarımızdan ikisi qızıl (Ramal Aslanov, Eduard Məmmədov), ikisi gümüş (Məhəmməd İmanov, Telman Məhərrəmov) və beşi bürünc (Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov, Fuad Haşimi) medal qazanıb.

Bu idmançılarımızdan ikisi – Eduard Məmmədov və Telman Məhərrəmov yaşlarının (40 yaşdan yuxarılar) çoxluğuna görə veteranlarda yarışırdı. Veteranlar isə digərlərindən fərqli olaraq, rinqdə yox, tatamidə mübarizə aparırdı (Low Kick veteranlar üzrə yarışların qalibləri üç yox, iki raund əsasında bilinir. Üstəlik, idmançılar idman şalvarı ilə mübarizə aparır).

Bu səbəbdən rəsmi medal sıralamasında Azərbaycanın bu iki medalı nəzərə alınmayıb. Belə ki, Azərbaycan bir qızıl, bir gümüş və beş bürünc medalla XIV yeri tutub. Rusiya (15-6-10) I, Serbiya (8-4-3) II və Xorvatiya (3-5-4) III yeri tutub.

Veteranların turnir cədvəlində isə Azərbaycan bir qızıl və bir gümüş medalla IV yeri tutub. Burada Macarıstan, İtaliya və Almaniya ilk üç sırada qərarlaşıb.

 

Low Kick-də bir qızıl və üç bürünc medalla Azərbaycan turniri VI yerdə başa vurub. Rusiya, Serbiya və Xorvatiya ilk üç sıranın sakinləri olub.

K1 qaydaları üzrə keçirilən yarışlarda isə Azərbaycan bir gümüş və iki bürünc medalla XV sıranı tutub. Burda Serbiya, Rusiya və Ukrayna ilk üçlükdə qərarlaşıb.

Light Contact versiyasında heç bir idmançımız mübarizə aparmadığından, Azərbaycan turnir cədvəlində əks olunmayıb. 

Gələk əsas məsələyə – veteranların yarışına. Məlumdur ki, veteranların yarışında digərlərindən fərqli, az idmançı mübarizə aparır və burda üç yox, iki raund oynanılır. İki il əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında zədələndiyi üçün yarışı yarımçıq tərk etmiş Eduard Məmmədov (-63 kq) bu dəfə özü də daxil olmaqla beş idmançının yarışdığı mübarizəyə qatılıb. Əvvəldən yalnız bu idmançılardan birinin medalsız qalacağı bəlli idi.

Onun rəqibləri italiyalı, rusiyalı, almaniyalı və macarıstanlı idmançılar olub. O, yarımfinalda alman Daniel Merteni 3:0 məğlub etdikdən sonra finalda italyan Campaolo Spanunu 2:1 məğlub edərək ilk dəfə veteranlar arasında dünya çempionu adına yiyələnib (ötən il Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında veteranların yarışında çıxış etsə də, yer tuta bilməmişdi). Ümumilikdə isə bu onun WAKO tərəfindən keçirilən dünya çempionatında dördüncü çempionluğu olub.

Ən maraqlısı isə Telman Məhərrəmovun qazandığı gümüş medalla bağlıdır. Onun mübarizə apardığı 94 kq-da cəmi iki idmançı mübarizə aparıb. Onun rəqibi macar Zoltan Danço olub. Telman isə ona 0:3 hesabı ilə uduzaraq gümüş medalı boynundan asıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri