Noy
2019
10:11
180
14
2619
Virtual karabakh

Olimpiadanın qalibi olmuş şahmatçımız: 11-ci sinifdə oxuduğuma görə dərslərimə diqqət yetirəcəyəm

7 Noy, 2019
10:11
2619

Olimpiadanın qalibi olmuş şahmatçımız: 11-ci sinifdə oxuduğuma görə dərslərimə diqqət yetirəcəyəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi olan Azərbaycan milli komandası Bakıya qayıdıb. 

Oxu.Az xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər qarşılayıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov əldə olunan nəticəni böyük uğur kimi dəyərləndirib:

“İndiyə qədər Azərbaycan şahmatçıları bu yarışda belə yüksək nəticə göstərməyib. Son tur ərəfəsində qələbəyə çox yaxın olduğumuzu bilirdik. Bununla belə, son turda Çin komandası ilə oyuna ciddi hazırlaşdıq. Bütün idman ictimaiyyətini təbrik edirik”.

Ümumdünya Şahmat Olimpiadasının qalibi olan Azərbaycan yığmasının baş məşqçisi Fərid Abbasov komandanın çempionluğa layiq olduğunu söyləyib:

“Azərbaycan şahmatı dünyada güclülər sırasındadır. Türkiyədəki qələbə bir daha gücümüzü, bacarığımızı göstərdi. Bizə göstərilən dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm. Son tur ərəfəsində həyəcan hiss olunurdu.

Hamı qızıl medal arzulayırdı, bununla belə, Çinlə oyunun çətin olacağını başa düşürdük. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, FIDE rəsmisi Mahir Məmmədov bir gün əvvəl zəng vuraraq bütün komanda üzvlərinə dəstək oldu. Mahir müəllim söylədi ki, bizə inanır və son turda da qələbə qazanmaq realdır. Bu sözlər bizə çox kömək oldu”.

Fərid Abbasov mükafatlandırma mərasimində milli geyimdə iştirak etmələrinin sirrini də açıqlayıb:

“Bilirsiniz ki, oktyabrın 29-u Türkiyədə Cumhuriyyət günüdür. Yarışdan əvvəl bütün komandalardan səfərə çıxarkən milli geyimlərini özləriylə götürmələrini xahiş etmişdilər. Bağlanış mərasimində bütün ölkələrin milli geyimdə olmalarını istəyirdilər.

Nəticədə, iştirakçı ölkələrdən yalnız Azərbaycan milli geyimi gətirmişdi. Əvvəldən ideyamız var idi – qızıl medal qazansaq, mükafatlandırma mərasiminə milli geyimdə yollanaq. Çox sevinirəm ki, istəyimiz alındı. Qazanılan uğurda hər bir şahmatçımızın rolu var. Türkiyədə əsl komanda kimi çıxış edərək çempion olduq”.

Birinci lövhədə çıxış edən Məhəmməd Muradlı qələbədə komanda üzvlərinin mehribanlığının mühüm rol oynadığını deyib:

“Biz əsl komanda kimi çıxış etdik. Mehribanlığımız mühüm rol oynadı. Uşaqlarla bir-birimizi yaxşı başa düşürdük. Səfərdən öncə mükafatçılar sırasında yer almağı arzulayırdıq. 5-6 turdan sonra isə ancaq çempionluq barədə düşünməyə başladıq”.

İkinci lövhədə yeddi xal toplayan Aydın Süleymanlı qələbənin onun karyerasında önəmli yer tutacağını söyləyib:

“Bir neçə gün əvvəl 14 yaşlılar arasında dünya çempionu oldum. İndi isə yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında qızıl medal əldə etdim. Bu uğurdan sonra üzərimizdə daha çox çalışmalıyıq. 2-3 gün istirahətdən sonra Monteneqroya yola düşəcəyəm.

“Vüqar Həşimov” klubunun heyətində Avropa Çempionlar Kubokunda iştirak edəcəyəm. Vüqarın adını daşıyan klubda iştirak etmək mənim üçün həm şərəfdir, həm də böyük məsuliyyət. Çalışacağam ki, bu yarışda da layiqincə mübarizə aparım”.

Üçüncü lövhədə çıxış edən Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında ən böyük arzusundan danışıb:

“Sözsüz ki, bu gün biz güclü olduq. Vətənə qızıl medalla qayıtdıq. Bununla belə, üzərimizdə daha çox işləməliyik. Bizə göstərilən dəstəyə görə federasiyaya, məşqçilərə təşəkkür edirik. Ən böyük arzum gələcəkdə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbovun çıxış etdiyi Azərbaycanın əsas milli komandasının şərəfini qorumaqdır”.

Vüqar Manafovla Gövhər Beydullayeva da Türkiyədə yeniyetmələrin belə mötəbər yarışında qızıl medal qazandıqlarına görə xoşbəxt olduqlarını bildirib. Gövhər Beydullayeva qeyd edib ki, komandada yeganə qadın idmançı kimi həmkarları ona qarşı hər zaman diqqət və qayğı göstərib:

“Biz komandada sanki ailəyik. Hər zaman bir-birimizə dəstək olurduq. Məhz bu mehribanlığımız sayəsində qalib olduq. Bu il 11-ci sinifdə oxuduğuma görə dərslərimə xüsusi diqqət yetirəcəyəm. Bu il daha yarışım yoxdur. Gələn il yarışlara qatılacağam”. 

Qeyd edək ki, Azərbaycan komandası olimpiadada 16 xal toplayıb. Azərbaycan Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub.

Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub. Şahmatçılardan ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, doqquz tura yeddi xal qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri