Noy
2019
14:41
136
27
1095
Virtual karabakh

Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər

16 yaşadək yeniyetmələr (U-16) arasında Ümumdünya Şahmat Olimpiadası gələn il Azərbaycanda keçirilə bilər. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Şahmat Federasiyası (AŞF) Beynəlxalq Şahmat Federasiyasına (FIDE) məktub yollayıb. 

AŞF və Naxçıvan Şahmat Federasiyasının birgə müraciətində Naxçıvanın 2020-ci ildə mötəbər yarışa ev sahibliyi etmək istəyi bildirilib.

Bir müddət əvvəl FIDE və AŞF-nin vitse-prezidenti Mahir Məmmədovla AŞF-nin vitse-prezidenti Faiq Həsənov Naxçıvanda səfərdə olub. Səfər idman qurğuları, şahmat məktəbləri, eləcə də, infrastrukturla tanışlıq məqsədi daşıyıb. U-16 Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi üçün uyğun komplekslərə baxış keçirilib. 

FIDE və AŞF-nin vitse-prezidenti Mahir Məmmədov yarışın Naxçıvanda yüksək səviyyədə keçirilməsinin mümkünlüyünü bildirib:

“Bir müddət əvvəl AŞF-nin vitse-prezidenti Faiq Həsənovla birgə Naxçıvanda olduq. Azərbaycanın bütün şəhərlərində şahmat çox sevilir. Naxçıvanda da şahmata xüsusi maraq və qayğı var.

Seymur Talıbov Naxçıvan Şahmat Federasiyasına rəhbər seçiləndən sonra kütləvilik artıb, maraq çoxalıb. Artıq ilkin nəticələr özünü göstərir. Naxçıvan təmsilçiləri beynəlxalq turnirlərdə iştirak edir, layiqincə mübarizə aparırlar. Bu yarışı yüksək səviyyədə təşkil etmək üçün bütün şərait var. FIDE müsbət cavab verəcəyi halda, bu məsələ ilə bağlı ətraflı danışmaq mümkün olacaq”.

Qeyd edək ki, bu il Türkiyənin Çorum şəhərində keçirilən turnirdə U-16 Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Komandamız 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən, Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub.

Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri