11 
Dek
2019
13:16
137
23
2516
Virtual karabakh

Faiq Qarayev: Rusiyanı Moskvada məğlub edəndə Yeltsin əsəbiləşmişdi

11 Dek, 2019
13:16
2516

Faiq Qarayev: Rusiyanı Moskvada məğlub edəndə Yeltsin əsəbiləşmişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biz artıq federasiyada mikrobları təmizləmişik. Keçənilki çempionatda pulsuzluğa görə hakimlər oyuna çıxmaq istəmirdi. Telefonla nöqsanları çəkənlər vardı. İndi isə maddi vəziyyət qənaətbəxşdir. Hər klubun illik büdcəsi təxminən 25-30 min manatdır.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

Faiq Qarayev bəzi maddi məsələlərdən danışıb:

“Gənc komandaları xaricə göndərə bilmirik. Hər səfər üçün 25 min avro xərc tələb olunur. Natalya Məmmədovanı “Mübariz” komandasına oynayan məşqçi qoymaq istəyirdik. Amma dedi ki, Faiq müəllim, mənə Çində yaxşı pul verirlər, icazə verin ora gedim.

Onu başa düşdük, ora yola saldıq. Onunla çox problem yaşamışam. Amma heç vaxt haqqında pis danışmamışam. Qadın məşqçisi olmaq çətindir. Həmişə onları mediadan və cəmiyyətdən qorumuşam, haqlarında heç vaxt pis məlumat verməmişəm. Versəm, onlar haqda pis imic formalaşacaq.

Həmişə Rusiyaya uduzurduq. Sual verilirdi ki, nə vaxt onları udacağıq? Sonra dörd dəfə onları məğlub etdik. Moskvada Boris Yeltsinin gözü önündə Rusiyaya qalib gəldik. Yeltsin əsəbləşmişdi. Qorxurdum ki, bizi döydürəcəklər (gülür).

Qurban Qurbanovun yığmaya təyin olunmasını istəyənlərdən biri mən idim. Çünki yığmada yerli məşqçi işləməlidir. Yerli məşqçidən başqa öz oyunçularımızın durumunu yaxşı bilən olmaz.

Mən Türkiyədə işləyəndə ən çox ödənişli məşqçi idim. Altımda maşınım, yaşamağa evim vardı. Amma Türkiyədən 12 topla Azərbaycanda işləməyə gəldim. Düzdür, mənə maddi tərəfdən kömək olmasaydı, Azərbaycanda voleybolu inkişaf etdirə bilməzdim. Həm də mən işlədiyim müddətdə toy, yas bilməmişəm. Səhər 8-də zala girib, axşam 8-də çıxmışam. Hətta valideynlər çox məşq keçməyə görə şikayətlənirdilər. Təəssüf ki, indi yerli məşqçilər voleybola belə içdən yanaşmırlar.

Etiraf edirəm ki, mənim də “krışam” olub. Bu “krışa” sözü pis qəbul olunur. Amma bir insanın yüksəlməsi üçün dəstəyi lazımdır. Mən də anadan vunderkind doğulmamışam axı. Mənə məşqçilərim dəstək olub.

Millətlər Liqasında oynamaq üçün 800-900 min dollar pul vəsaiti tələb olunur. Ona görə də, bu yarışda iştirak etməyə gücümüz çatmır.

Qızıl Liqa və Gümüş Liqada oynamaq xərci isə 200-250 min dollardır. Yalnız bunu qarşılaya bilirik deyə qadın və kişi yığmalarımız orda oynaya bilir”.

Daha sonra o, qadın millimizdəki məşqçi məsələsindən danışıb:

“Əvvəlki baş məşqçimiz Covanni Kapraranın libero Yuliya Kərimova ilə problemi vardı. O, yerli voleybolçuların mentalitetini bilmirdi. Amma onu özümüz yola salmadıq. Müqaviləsi başa çatdı. O, çox gözəl məşqçidir. Sadəcə onun fəlsəfəsi bizim səviyyə ilə uzlaşmırdı.

Vasif Talıbov, Famil Ağayev və Eldar Yusifovdan ibarət məşqçilər korpusu yığmanı çalışdıracaq. Federasiya prezidentimiz ölkə xaricindədir. O gələndən sonra baş məşqçinin kim olacağına qərar verəcəyik. Onların hər üçü klublarda baş məşqçilərdir. Mən onların işinə qarışmamaq şərti ilə məsləhətçi vəzifəsində olacağam”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri