29 
Dek
2019
20:23
163
26
3852
Virtual karabakh

İlin idmançısı: Mariya Stadnik pişik kimi qızdır - MÜSAHİBƏ

İlin idmançısı seçilən parataekvondoçu Aynur Məmmədovanın Oxu.Az saytına müsahibəsi

– Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılan yeganə paralimpiyaçı oldunuz. Həmçinin Milli Paralimpiya Komitəsi tərəfindən ilin idmançısı seçildiniz. Bu barədə təəssüratlarınızı bilmək maraqlı olardı...

– Öncə xalqımızı dünya azərbaycanlıları və Yeni İl günü münasibətilə təbrik edirəm. Baxmayaraq ki, ikiqat dünya və dördqat Avropa çempionuyam, amma ilk dəfə ilin idmançısı seçildim. Həm nazirlik, həm də komitə tərəfindən mükafatlandırılmağıma görə ilk öncə bu qurumlara, həmçinin baş məşqçimiz Fərid Tağızadəyə və Taekvondo Federasiyasına təşəkkürümü bildirirəm.

– Seçiləyəcəyinizi gözləyirdiniz?

– Doğrusu, yox. Heç bir qurumdan bunu gözləmirdim. Çünki əvvəllər iki dəfə dünya çempionu və üç dəfə Avropa çempionu olsam da, mükafatlandırılmamışdım. Elə bilirdim ki, həmişə belə olacaq. Ona görə də nazirliyin ilin idmançısı siyahısına düşməyim mənim üçün həqiqətən sürpriz idi və buna çox sevindim. Məqsədim Tokio Yay Paralimpiya Oyunlarında qalib olmaqdır. Bu, son həddir. Heç vaxt ikinci və üçüncü yerləri tutmaq barədə düşünməmişəm. Gümüş və bürünc medallar mənim üçün deyil. Güclü rəqiblərim var. Amma onlara dəfələrlə qalib gəlmişəm. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Ona görə də Paralimpiadada var gücümlə çıxış edəcəyəm.

– 40 yaşınız var. “Son hədd” deyəndə bu sizin ilk və son Paralimpiya Oyunlarınız ola bilər anlamında işlətdiniz?

– Mən hər yarışa gedəndə deyirəm ki, bu, sonuncudur. Çünki yaş amili də var. Amma Allah mənə güc verib. Hər il gedib yarışdan nəticə ilə qayıdırımsa, deməli, hələ gücüm çatır. Parataekvondo ilk dəfə Paralimpiya Oyunlarında olacaq. Ona görə də istəyirəm ki, Azərbaycanın parataekvondodan ilk Paralimpiya çempionu adını qazanım. 2021-ci ildə İstanbulda V İslam Həmrəyliyi Oyunları keçiriləcək. Parataekvondo olarsa, istərdim ki, o yarışda da iştirak edim. Məni idmandan ancaq zədə ayıra bilər. Oktyabrda İtaliyada keçirilmiş Avropa açıq çempionatında isə ayaq barmağımdan zədə almışam. Tez bir zamanda sağalıb Paralimpiya Oyunlarında mübarizə aparmaq istəyirəm. Hazırda dünya reytinqində altıncı sıradayam və bu yarışa düşürəm.

– Ayağınızın zədəsi nə dərəcədə ciddidir?

– Zərbə vurduğum sağ ayaq barmağım sınıb. İlk üç yarışda qalib gəldim. Finalda Özbəkistan idmançısı ilə görüşün üçüncü raundunda barmağım sındı. Elə o barmaqla da zərbə vurub qalib gəldim və rəqibimi 3:0 hesabı ilə məğlub etdim. Hansı ki əvvəl bu rəqibə üç dəfə qızıl xal hesabına uduzurdum. Yarış bitəndən sonra gördüm ki, ayağımda qaralma var. İki gün sonra rentgendən keçəndə bildim ki, barmağım sınıb.

– Sizcə, Azərbaycanda taekvondoya münasibət necədir?

– Parataekvondo deyiləndə hamının ağlına ilk olaraq Aynur Məmmədova gəlir. Röyalə Fətəliyeva isə indi-indi populyarlaşır. Bizdə çox uşaq var ki, dünya və Avropa çempionları olsa da, onlar tanınmır. Çünki ən çox parataekvondonu işıqlandıran özüməm. Əlilliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İctimai Birliyinin təsisçisiyəm. Bu uşaq və gənclərin valideynləri artıq övladlarını parataekvondoya yazdırmağa çalışır. Hətta valideynlərdən biri mənə yazmışdı ki, ailədəki dörd uşaq mənə görə taekvondo ilə məşğul olmağa başlayıb.

– Bəs siz kimi ilin idmançısı seçərdiniz?

– Bunun üçün digər idmançıların nəticələrinə baxmaq lazımdır. Bəzən mənə deyirlər ki, bəxtin gətirdi. Amma bir dəfə, iki dəfə bəxtim gətirə bilər. İki dəfə dünya və dörd dəfə Avropa çempionu oluramsa, bu artıq bəxt deyil.

– Belə başa düşdüm ki, siz digər idmançılarımızın nəticələri ilə o qədər də tanış deyilsiniz. Bir köməklim edim. Qadın güləşçimiz Mariya Stadnik bu il II Avropa Oyunlarının və dünya çempionatının qalibi olub. Buna əsasən o, Oxu.Az tərəfindən ilin idmançısı seçilib. İdman jurnalistlərinin səsverməsinə əsasən isə şahmatçı Teymur Rəcəbov Dünya Kubokunun qalibi olduğundan, birinci yerə layiq görülüb...

– Mən öz idman növümdən başqa, digərləri ilə o qədər də maraqlanmıram. Amma Mariya Stadnik pişik kimi qızdır. Baxmayaraq ki, anadır, övladları var, istədiyi hədəfə çatmaq üçün əlindən gələni edir. Taekvondoda isə bu il Milad Beiqinin ikinci dəfə dünya çempionu olması təqdirəlayiq haldır. Hər zaman fikirlərimdə yanılmıram. Taekvondoçularla bir oteldə qalırıq. Kim yarışa çıxırsa, deyirəm ki, medal qazanacaq, elə də olur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri