24 
Yan
2020
16:23
131
22
1964
Virtual karabakh

Ayxan Mamayev: Üzüm sağaldıqdan sonra şəhərdə çoxlarına qəribə gəlirdim - MÜSAHİBƏ

Karate millimizin aparıcı üzvlərindən biri, dünya və Avropa çempionatlarının mükafatçısı Ayxan Mamayevin Oxu.Az saytına müsahibə verib.

– Oktyabrda böyrənizlə əlaqədar gündəmə gəldiniz. Bir idmançının böyrəyində problemin yaranması nadir hallarda üzə çıxır. Nə olmuşdu? 

– Sözün düzü, mənə – böyrəyimə nə olmuşdusa, səbəbi sirr olaraq qaldı. Yalnız ehtimallar irəli sürüldü. Bakıda bir həftə müalicə alanda vəziyyətim daha da pisləşdi. Türkiyədə həkimlər dedi ki, biopsiyaya (böyrəkdəki xəstəliyi müəyyənləşdirmək üçün tibbi üsul) ehtiyac yoxdur. Həkimlərin məsləhəti ilə bədənimə sistem qoyuldu və bundan sonra artıq sular orqanizmimdən çıxarıldı. Müalicə vaxtı çəkim 84 kq-dan 94-dək qalxmışdı. Sistemlərdən sonra çəki ataraq 78 kq-a düşdüm. Şükür Allaha, Türkiyədəki müalicədən sonra heç bir ağrım yoxdur. Düşünürəm ki, 17 gün çəkdiyim çətinlik bir yuxu kimi geridə qaldı. 

– Parisdə keçirilən ilin ilk Premyer Liqa yarışı müalicədən sonra ilk turnirin olacaq. Özünüzü necə hiss edirsiniz? 

– Müalicədən sonra Madriddəki ötən ilin sonra Premyer Liqa yarışında iştirak edə bilmədim. Amma indi qaydasındayam, məşqlərdə iştirak edirəm. Bununla belə, həyəcanlıyam. Çünki müalicədən sonra ilk yarışımdır. Tam formada olduğumu deyə bilmərəm. Amma bu yarış üçün pis hazırlaşmamışam. Sadəcə, bir qədər həyəcanım var. Sanki ilk dəfə karate yarışına çıxıram (gülür). 

– Çıxış etdiyiniz 84 kq-da əsas rəqibləriniz kimlər sayılır? 

– Hər bir rəqib elə mənim üçün əsasdır. Çünki karate Olimpiya idman növü olduğundan, bu yarışa peşəkar yanaşanlar çoxaldı. Halbuki əvvəllər karateyə hobbi kimi yanaşılırdı. Premyer Liqada heç bir rəqib zəif olmur. 

– Sizin çəkidə mübarizəyə sabah start veriləcək. İlk rəqibiniz misirli Məhəmməd Əl-Kotbidir. Onunla daha əvvəl qarşılaşmısınız?

 – İki dəfə qarşılaşmışam. Birində qalib gəlmişəm, digər görüşdə ona uduzmuşam. Düşünürəm ki, bu dəfə ona qalib gələrəm. 

– 2016-cı ildə Avstriyanın Lints şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanmağa yaxın idiniz. Finalda yaponiyalı Ryutaro Araqaya uduzaraq gümüş medalla kifayətləndiniz. Ondan sonra Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarındakı qızıl medalı saymasaq, elə bir ciddi uğurla yadda qalmadınız. Özünüz də karyeranızda enişin olduğunu etiraf edirsiniz? 

– Bunun eniş olduğunu qəbul edirəm. Belə hallar bütün idmançıların başına gəlir. 2017-ci ilin yanvarında dizimdən ciddi zədə aldım. Məcbur oldum ki, idmanı dayandırım. Çünki sümüklərim şişmişdi, dincəlməyim lazım idi. Üç həftə çəliklə gəzməli oldum.

Mayda Kocaelidə keçirilən Avropa çempionatına tam formamda yollana bilmədiyim üçün uduzdum. Bundan sonra Tokio Premyer Liqa yarışı zamanı bud əzələmdə yırtıq əmələ gəldi və bu zədə məni üç ay idmandan kənar saxladı. Həkim 10 gün də səbir etməyimi istədi. Öz məsuliyyətsizliyimdən məşqlərə tez başladım və zədəm ağırlaşdı. Ötən il də başıma gələn hadisə üst-üstə gəldi. Forma yığmağa başladığım zaman zədələr imkan vermir. 

– İnternetdə sizin haqda axtarış verəndə zədəli şəkilləriniz çox çıxır. Demək olarmı ki, zədə sizi qarabaqara izləyir? 

– Həqiqətən elədir. Nə vaxt ki qorxdunsa, zədə alacaqsan, bax onda zədə alırsan. Nədəndirsə, demək olar ki, hər yarışda üzüm, əlim, barmağım zədə ilə qayıdır. Elə bir yarış olmayıb ki, heç bir yerim ağrımasın. Düşünürəm ki, 2015-ci ildə I Avropa Oyunlarındakı zədəm – almacıq sümüyüm sınmışdı – mənə uğur gətirib (gülür). Çünki qızıl medal qazanmışdım. Ona görə də çoxlarının yaddaşında elə qalmışdım. Hətta üzüm tam sağaldıqdan sonra şəhərdə məni tanımırdılar. Çünki insanlara qəribə gəlirdim. 

Üzümdə zədə olsa da olar. Əsas odur ki, boynuna medal asılsın. Onun yerini heç nə vermir. 

– Olimpiadada yarışmaq üçün reytinqdə 36-cı yerdəsiniz. İlk “dördlüy”ə düşməyiniz asan görünmür... 

– Zədələrdən öncə dünya reytinqində birinci yerdə idim. Doqquz ay birinci yerdə qaldım. Zədələr məni geri saldı və hazırda dünya reytinqində 13-cü, Olimpiya reytinqində 36-cı yerdəyəm. Amma mənim üçün hələ heç nə bitməyib. Bu yarışdan başqa, məni Olimpiadayadək dörd yarış gözləyir.

Beş yarışın üçündə qalib gəlsəm, ilk “dördlük”də ola bilərəm. Çünki rəqiblərimlə aramda xal fərqim o qədər də böyük deyil. Martda Bakıda keçiriləcək Avropa çempionatında da qalib gəlməyə çalışacağam. Bu yarış son lisenziya xallarını verəcək. Əgər reytinqlə Olimpiadaya vəsiqə qazana bilməsəm, mayda Parisdə keçiriləcək lisenziya turniri vasitəsilə ilk üç yerdən birini tutub Tokioya getməyə çalışacağam. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri