18 
Fev
2020
16:37
210
30
1656
Virtual karabakh

İrina Zaretskaya: “Bakıya gələndə mütləq ağ gilas mürəbbəsi ilə çay içirəm”

“Xallar üzrə artıq Olimpiadaya vəsiqə qazanmağım bilinib. Bəlkə də bu amil turnirdə qızıl yox, bürünc medal əldə etməyimə səbəb oldu. Misir karateçisi ilə görüşdə bilirdim ki, lisenziyanı 100 faiz təmin etmək üçün mütləq finala çıxmalıyam. Buna görə əsəbiləşdim və taktikanı dəyişə bilmədim. 0:4 hesabı ilə məğlub oldum və çox üzüldüm.

Ancaq xalları hesabladıqdan sonra başa düşdüm ki, bu nəticə ilə də Olimpiadaya vəsiqə almışam. İnanılmaz hisslər keçirdim. Bu, arzum idi və gerçəkləşdi. Ümid edirəm ki, Rafael Ağayev də bizi çox gözlətməyəcək və Olimpiadaya lisenziya qazanacaq. Mən ona azarkeşlik edirəm”.

Oxu.Az xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində Azərbaycan karateçisi İrina Zaretskaya deyib.

Ukraynalı legionerimiz müsahibəsində ötən həftə Dubayda qazandığı bürünc medalla Tokio Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etməsindən danışıb. O, Azərbaycan millisini digər yığmalarla müqayisə edib:

“Azərbaycanın həm böyüklər, həm də gənclərdən ibarət yığması dünyanın ən güclü komandalarından biridir. Məsələn, Avropa çempionatında komandamız əla nəticə göstərdi. Eyni gündə gənc oğlanlarımız üç qızıl medal qazandı. Bu ecazkar idi! Digər bir nümunə isə odur ki, komandamızın bütün çəki dərəcələrində ölkənin ən güclüləri cəmləşib. Onlar ilboyu keçirilən Premyer Liqa yarışlarında iştirak edirlər.

Bu yeddi mərhələnin və mövsümün yekunlarına görə, “Grand Winner” mükafatı verilir. Hər ölkə 2019-cu il üçün “Grand Winner”i qazanan iki karateçi ilə öyünə bilməz. Ancaq Azərbaycan millisi bunu bacara bilər. Bu titul məndə və Rafael Ağayevdə var. Bir də Türkiyənin iki belə idmançısı var, vəssalam. Yalnız Azərbaycan və Türkiyə. Biz bununla çox fəxr edirik!”

Azərbaycan himnini bilən İrina Zaretskaya ölkəmizdə olarkən ağ gilas mürəbbəsi yeməyi çox sevdiyini də söyləyib:

“Azərbaycan çayı mənim sevgimdir! Bakıya gələndə mütləq ağ gilas mürəbbəsi ilə çay içirəm. Tez-tez Bakıda oluram. İldə səkkiz dəfə 1-2 günlük və ya iki həftəlik gəlirəm. Fevral ayında artıq iki dəfə milli komanda ilə birgə məşq etmişəm. Martın sonlarında Bakıda karate üzrə Avropa çempionatı olacaq. Evdə çıxış etmək üçün gələcəyəm!

Bakıda xoşladığım yer idman zalıdır (gülür). Bulvardan xoşum gəlir, sahilboyu gəzirəm. Dənizi çox sevirəm, axı Odessadanam. Bakı ikinci doğma şəhərimdir və ürəyim həmişə buradadır.

Bakıya köçə bilərəmmi? Bilmirəm (gülür). Hələ heç nə planlaşdırmıram. Avqusta qədər Olimpiada həyəcanı ilə yaşayacağam. Ancaq yaxşı təklif olarsa, hər şey mümkündür!”

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri