22 
Fev
2020
15:55
115
23
1699
Virtual karabakh

“TRT Spor”un məşhur aparıcısı: “O vaxt Azərbaycan çempionatına baxanda stadionlarınız yaxşı deyildi”

“Burada oynamaq çox gözəldir. Ev sahibi azarkeşlərini nəzərə alsaq, stadionun yarıdan çoxunda biz olacağıq. Azərbaycanın hər sahədə Türkiyəyə göstərdiyi maraq göz önündədir. Onlar Türkiyə yığmasına öz milliləri kimi baxırlar. Burada öz evimizdə oynayacağıq”.

Oxu.Az xəbər verir ki, bunu “TRT Spor”un şərhçisi Ərdoğan Arıkan deyib.

Bakıya seminar üçün gələn Ərdoğan Arıkan mətbuat konfransı keçirib. O bildirib ki, Nihat Kahveci kimi Türkiyənin ən məşhur futbolçularından biri ilə mətbuat konfransını bölüşmək qürurludur:

“Onunla bağlı mənim yaxşı xatirəm var. 2008-ci Avropa çempionatında Çexiya yığmasına qələbə qolunu vurmuşdu. Həmin oyunu mən şərh etmişdim.

Bakıya ilk dəfə gəlirəm. Heç vaxt sizin ölkəyə gəlmək qismət olmamışdı. Amma belə bir deyim var: “Gec olsun, güc olmasın”. Şəhərinizi gəzməyə çıxacağıq.

Azərbaycan çempionatını son vaxtlar izləmək imkanım olmayıb. Amma Mustafa Dənizli, Oğuz Çətin Azərbaycanda işləyəndə, Oktay Dərəlioğlu burda futbol oynayanda bəzi matçlara baxmışdım. O vaxt stadionlarınız o qədər də baxımlı deyildi. “Qarabağ”ın inkişafda olduğunu bilirəm. Bir ara “Neftçi” də yaxşı çıxış edirdi”.

O, Azərbaycanda digər idman növlərinin futbola nisbətən daha yaxşı inkişaf etdiyini bildirib:

“Futbol sizdə sanki digər idman növlərinin kölgəsində qalıb. Azərbaycanda fərdi idman növlərinin daha yaxşı olduğunu bilirəm. Məncə, futbolun sizdə durğunluğu iqtisadi məsələlərlə bağlıdır.

Azərbaycanda sovet dövründə yaxşı futbolçular olub. İndi Rusiya millisindən yaxşı azərbaycanlı futbolçular çıxır. Ötən dünya çempionatında Aleksandr Səmədov Rusiya millisində idi. Ümid edirəm ki, sizdə də futboldakı vəziyyət düzələcək. 

Azərbaycanlı gənc jurnalistlər üçün seminar keçirmək təklifi gəlsə, böyük məmnuniyyətlə bunu qəbul edərəm. Şərt deyil ki, burada mən bildiklərimi kiməsə öyrədim. Mən özüm də bura gəlməklə bilmədiklərimi öyrənə bilərəm. Hər şey qarşılıqlı olmalıdır”. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri