24 
Mar
2020
16:47
159
114
7047
Virtual karabakh

72 yaşlı Ağasəlim Mircavadov: “Lazım olsa, işə bir saatlığa gedərəm”

24 Mar, 2020
16:47
7047

72 yaşlı Ağasəlim Mircavadov: “Lazım olsa, işə bir saatlığa gedərəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Oxu.Az saytına müsahibəsi

– Bayramdan sonra işə çıxacaqsınız?

– İnşallah, çıxmalıyam.

– Amma sizin 72 yaşınız var. Nazirlər Kabinetinin operativ qərargahının dünənki qərarında açıqlandı ki, 65 yaşdan yuxarı insanlar evdə olmalıdır. Siz bu məsələ ilə bağlı nə fikirləşirsiniz?

– Heç nə. Qanun qanundur...

– Amma bir az öncə dediniz ki, işə çıxacaqsınız...

– İş deyəndə ki... Hələ federasiya işləmir. Bayramdan sonra zəng edərik, öyrənərik. Lazım olsa, bir saatlığa gedərəm. Amma qanun hamı üçün birdir. Ona riayət etməliyik. Özü də mükəmməl şəkildə.

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzi bu gündən fəaliyyət göstərir. Ora zəng vurmaqla qeydiyyata alına və sosial məişət tələbatlarınızı ödəyə bilərsiniz...

– Sağ olsunlar, mənim övladlarım var. Ona görə də, buna ehtiyac duymuram. Amma televizordan eşitmişdim ki, yaşlı vətəndaşlara xidmət göstəriləcək. Bu, çox gözəl haldır. Azərbaycan xalqını qorumaq lazımdır. Bu, ümumbəşəri bəladır. “Euronews”da oxuyuram ki, İtaliyada hər gün 640 nəfər ölür. Onlar hazırlıqsız yaxalandılar. Yaxşı ki, hökumətimiz vaxtında qərarlar qəbul etdi.

– Futbolun olduğu günlər üçün darıxmırsınız?

– Darıxıram, çox darıxıram. Hər şənbə-bazar Məşqçilər Komitəsinin üzvü kimi Azərbaycan çempionatının oyunlarına gedirdik. Mənim həyatım futboldur. Onsuz mən dayana bilmərəm.

– Bəs bu günlərdə nə işlə məşğul olursunuz?

– 10-cu ildir ki, məşqçi kimi işləmirəm. Amma özümün məşq dəftərim var. Onun üzərində işləyirəm. İndi vaxtım da var. Televizorda köhnə futbol oyunlarına baxıram. Oradan da lazım olan nələrisə götürürəm. Bunu deməyə heç kimdən utanmıram. Mən indi də öyrənməyə çalışıram. Bu, yaşa baxmır. Futbol elə bir oyundur ki, daim dəyişilir, yeniliklər olur. Yoldaşlar məndən müəyyən taktiki sxemlər barədə fikrimi soruşurlar. Mən də səhv desəm, özümü bağışlamaram. Şükür Allaha ki, indiyədək səhv məsləhət verməmişəm.

– Evdə spirtdən istifadə edirsinizmi?

– Evdə spirtim də, sabunum da yüksək səviyyədə var (gülür)... Maska da almışam. Amma çox istifadə etmirəm. Getdiyim yer yalnız Şüvəlandakı bağımdır. Ora gedib ağaclara qulluq edirəm. Bağda da hər gün iş var.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri