29 
Apr
2020
16:01
33
445
8120
Virtual karabakh

Üçqat Azərbaycan çempionu: “Hara getdimsə, dedilər, ancaq fəhlə işi var” - MÜSAHİBƏ

Futbol üzrə üçqat Azərbaycan çempionu, ölkə çempionatının bombardiri Rövşən Əhmədovun Oxu.Az saytına müsahibəsi

– “Kəpəz” klubunun sizin məşqçilik kursunuzun ödənişini qarşılayacağını bilirsinizmi?

– Bəli, bu gün zəng vurub dedilər ki, “Kəpəz” məni oxumağa göndərəcək. Yəqin, iş verəcəklər deyə, məşqçiliyi oxumağımı istəyirlər.

– C kateqoriyalı məşqçi kurslarına yazılmaq üçün nə qədər pul tələb olunur?

– 600 manat.

– Milli komandada çıxış etmisiniz. Yığmanın sabiq üzvləri avtomatik C kateqoriyalı məşqçi lisenziyası alır. Siz, deyəsən, qeyri-rəsmi oyunlar olduğu üçün bu imkandan məhrumsunuz...

– Bəli, İranda keçirilən turnirdə millinin heyətində oynamışam. Xatırladığım qədərilə orada İran və İraq millilərinə və dörd kluba qarşı oyunumuz olub.

– “Kəpəz” klubunun sizə maddi yardım verərkən şəklinizin çəkilməsi böyük effekt verdi. Razılaşırsınızmı ki, məhz həmin şəkil olmasaydı, indi sizə belə diqqət olmazdı?

– Razıyam, o şəklin köməyi çox dəydi. Amma keçmiş futbolçu kimi istəməzdim ki, mənə kasıb vaxtımda maddi yardım edilsin. Bundan sonra Gəncənin deputatı Müşfiq Cəfərov, futbol veteranlarından bəziləri mənimlə maraqlandı. Hərtərəfli kömək edənlər oldu. AFFA-nın özündən Elxan Məmmədov, Futbol Veteranları İttifaqından Oqtay Abdullayev mənə iş verilməsini istəyir.

– Amma mətbuatda sizin Futbol Veteranları İttifaqına fəhlə kimi işə götürüldüyünüz yazılıb...

– Bəli. Gəncədə idman məktəbində fəhləlik edirəm. Məşqçi işləmək üçün hələ ki, lisenziyam yoxdur deyə, buna razılaşmışam.

– Düzdür, sizin vaxtınızda futbolda böyük pullar yox idi. Amma istənilən halda, belə duruma düşməkdə özünüzü də günahlandırırsınızmı?

– Qismən. O vaxt maaş kimi 100 manat alırdıq, indiki kimi yüksək pullar yox idi. O vaxtkı pulla özümə ev, “VAZ-2107” almışdım.

– Maşının aqibəti necə oldu?

– Maddi vəziyyət pisləşdi. Uşaqlar ac qalmasın deyə satdım.

– Ailədə neçə nəfərsiniz?

– İki övladım, üç nəvəm var. Qızım köçüb, ayrı yaşayır. Amma oğlum ailəliklə bizdə qalır. Altı nəfər bir evdə yaşayırıq.

– Bəs necə oldu ki, fəhlə işləməyə başladınız?

– “Kəpəz”də işə götürmədilər. Hara getdimsə, dedilər, ancaq fəhləliyə iş var. Axırda məcbur olub fəhlə işlədim. Bu işlə də maşın almaq mümkün deyil.

– “Kəpəz”in veteranlarından sabiq baş məşqçiniz Mehman Allahverdiyev, Vidadi Rzayev, Yunis Hüseynov, Mahmud Qurbanov sizinlə bu müddətdə maraqlanmayıb?

– Yox, heç biri zəng vurmayıb. Sağ olsunlar, Bakıdakı 4-5 nəfər mənimlə əlaqə saxlayır.

– Keçmiş karyeranızı bir az vərəqləyək. “Turan”la 1994-cü ildə ilk Azərbaycan çempionluğunu yaşadınız. 1995-ci ildə isə bu komanda ilə gümüş medal qazandınız. Bəs niyə UEFA Kubokunda “Fənərbaxça” ilə oyunlarda meydana çıxmadınız?

– Zədə almışdım deyə, İstanbula gedə bilmədim. Azərbaycandakı cavab oyununa isə bir həftə vaxt qalmışdı deyə, sağalmamışdım və ehtiyat oyunçular skamyasında oturmuşdum. Bundan sonra “Turan”da müqaviləm başa çatdı, “Kəpəz”ə keçdim.

– 1996-cı ildə “Neftçi”dəki karyeranız çox qısa olub. Buna səbəb nə idi?

– “Neftçi” həmin il çempion olmuşdu. O vaxt Azərbaycanın çempion komandası da UEFA Kubokunda yarışırdı. Mən də “Kəpəz”də Fazil Pərvərovla eyni sayda - 23 qol vurub bombardir olmuşdum. Həm də gümüş medal qazanmışdıq (əslində, yanılır, Buzovnanın “Xəzər” komandası gümüş, “Kəpəz” isə bürünc medal qazanmışdı – S.M.). O vaxt üç aylıq müqavilə bağlamaq olurdu. “Neftçi” də Sofiya “Lokomotiv”i ilə UEFA Kuboku matçı üçün mənimlə müqavilə bağlamışdı. Müqaviləm başa çatandan sonra orada qalmadım, “Kəpəz”ə qayıtdım.

– Karyeranızı 2001-ci ildə Azərbaycan çempionatında Masallının “Viləş” komandası ilə qazandığınız bürünc medalla başa vurmusunuz?

– Yox, bundan sonra yenidən “Kəpəz”də oynamışam. Daha sonra isə “Şəmkir”ə keçib karyeramı bitirdim. Bir il oynamadım. Amma 2005/06-cı illər mövsümündə Xanların “Gilan” komandası (sonradan Qəbələyə köçən, indiki “Qəbələ” klubu – S.M.) ilə karyeramı bərpa edib, I divizionun çempionu olmuşam. Amma elitaya çıxanda baş məşqçimiz Faiq Cabbarov mənlə Fazil Pərvərovu komandadan çıxardı. Onda artıq 38 yaşım vardı. Samuxun “Şəfəq” komandası ilə I divizionda oynayan məşqçi olmuşam. Daha sonralar həvəskar komandalarda həm oynamışam, həm də məşqçilik etmişəm. “Kəpəz-2”, “Xəmsə” və “Samux” komandaları ilə həvəskarlar liqasında kubok qazanmışam.

Yeri gəlmişkən, oğlum Asif Əhmədov da futbolçudur. “Kəpəz”, “Şəmkir”, “Bakılı”, “Naftalan” klubları ilə I divizionda, Mingəçevirin “Energetik” və Kürdəmirin “Şirvan” komandaları ilə Region Liqasında çıxış edib. Hazırda komandasızdır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri