May
2020
15:07
317
103
2737
Virtual karabakh

Azərbaycanda qalan türk məşqçi: “İyunun 1-dək ölkəmə qayıda bilməyəcəyəm”

Karate millimizin baş məşqçisi Bahattin Kandazın Oxu.Az saytına müsahibəsi

– Bir hoteldə qalırsınız. Qarşıda hər hansısa yarış da yoxdur. Komanda ilə birgə yüngül məşq etməkdə məqsəd nədir?

– Düzdür, yarışların nə vaxt olacağı bəlli deyil. Amma biz məşqlərə başlayanda yarışlar ləğv olunmamışdı və ya təxirə salınmamışdı. Biz də bir yerdə qalmağımızı üstünlüyə çevirdik. İdmançıları formada saxlamaq, zədə ehtimallarını azaltmaq, zəif yerlərini gücləndirmək üçün yüngülvari məşq edirik. Yəni gələcəkdə daha intensiv məşqlər üçün hazırlaşırıq.

Karantindən sonra məşqlərə başladığımızda çətinlik çəkməyəcəyik, hazır formada olacağıq. Bu, bizim üçün böyük üstünlükdür. Həm formada qalmaları, həm də koronavirusa yoluxmamaları üçün bir yerdə qalırıq. Yoxsa onları evə buraxsaq, məşq edə bilməyəcəkdilər, 3-5 kq çəki alacaqdılar. Üstəlik, indi Ramazan ayıdır. Oruc tutanların artıq çəkidən qurtulmaları asan olacaq.

– Bir aydan çoxdur ki, karateçilər ev üzü görmürlər. Bəs evlərindən ötrü darıxmırlar?

– Mayın 4-də karantin ləğv olunsa, evlərinə buraxılacaqlar. Karantin ləğv olunmasa, bu formada davam edəcəyik.

– Hazırkı durumda ilk yarışınızın nə vaxt olacağı gözlənilir?

– 2-4 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskvada Premyer Liqa yarışı olmalıdır. Onun ləğvi barədə hələ qərar verilməyib. 17-22 noyabrda isə Dubayda dünya çempionatımız var. Avropada artıq vəziyyət düzəlir. Almaniyada, İsveçrədə, Fransada vəziyyət yaxşıya doğru dəyişir. Bildiyimə görə, Fransada mayın 11-dən məktəblər açılacaq. Necə olacağı, yəqin ki, bu ay ərzində bəlli olacaq.

– Artıq iki ay olar ki, siz öz ölkənizə gedə bilmirsiniz?

– (gülür) Onsuz da milli komandaya görə evimə gedə bilmirdim. İndi də sərhədlər bağlandığından, gedə bilmirəm. Azı iyunun 1-dək Azərbaycandan təyyarələr uçmayacaq.

– Yəqin ki, ailənizlə danışa bilirsiniz...

– Allaha şükür ki, texnologiya var. İnternet sayəsində İsveçrədə yaşayan ailəmlə danışa bilirəm.

– Orada vəziyyət necədir?

– İsveçrədə Azərbaycandakı kimi sərt karantin tədbirləri görülmür. Çünki Avropada adamlar intizamlıdır, sosial məsafəyə riayət edirlər, evdən çıxmırlar. Orada restoranlar açılıb. Ayın 11-dən məktəblər də açılacaq.

– Siz Azərbaycanda işləyən yeganə əcnəbi məşqçisiniz ki, Azərbaycan vətəndaşı pasportunuz da var...

– Biz tez-tez xaricə gedib, bura qayıdırıq. Digər idman növlərində bizdəki kimi xaricə səfərlər, yarışlar olmur. Ona görə də, Azərbaycanda daha çox oluram. Hər dəfə viza almamaq üçün mənə Azərbaycan pasportu verilib. Bu barədə Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov ətraflı məlumat verə bilər.

– Karantin vaxtında hansı işləri görürsünüz?

– Adətən, türk dilində şəxsiyyət inkişafına aid kitablar oxuyuram. Klassiklərdən də oxumağa çalışıram. Məsələn, indi oxuduğum kitab Viktor Hüqonun "Bir məhkumun son günü" povestidir. Bir də məşqlərlə bağlı yeniliklərə baxıram. Ramazan ayı olduğu üçün oruc tuturam.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri