May
2020
15:58
70
45
732
Virtual karabakh

Ade Reski Dviçahyo: “Orada Azərbaycanın ilk badmintonçusu kimi tarixə düşmək istəyirəm”

Badminton millimizin indoneziyalı üzvü, komandamızın lideri Ade Reski Dviçahyo da karantini evdə keçirən idmançılardandır.

21 yaşlı idmançı ötən mövsüm Misir və Kamerundakı turnirlər də daxil olmaqla, beş beynəlxalq yarışın qalibi olub. Onun Oxu.Az-a müsahibəsini təqdim edirik:

– Karantin rejimini necə keçirirsiniz?

– Hamı kimi, mən də karantin qaydalarına əməl etməyə çalışıram. Zərurət olmadığı halda evdən çölə çıxmıram. Formada qalmaq üçün ev şəraitində gündəlik məşqlərə ara vermirəm. Mütəmadi olaraq məşqçimiz Murteza Validarvi ilə əlaqə saxlayıram. Onun tərtib etdiyi proqram əsasında məşq edirəm. Asudə vaxtımı ailə üzvlərimin əhatəsində keçirirəm. Musiqiyə qulaq asıram, kitab oxuyuram. Çalışıram, yaranmış vəziyyətdən səmərəli istifadə edim. Ümid edirəm ki, bəşəriyyət tezliklə bu bəladan xilas olacaq və biz yenidən kortlara qayıdıb sevimli işimizlə məşğul olacağıq.

– Digər idman növlərində, demək olar ki, əksər turnirlər təxirə salınıb. Badmintonda bu baxımdan vəziyyət necədir?

– Badmintonda da karantin rejimindən irəli gələn qeyri-müəyyənlik hökm sürür. Bir sıra turnirlər təxirə salınıb, bəziləri ləğv olunub. Məsələn, 21-26 apreldə Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan Avropa çempionatı martın 20-də təxirə salındı. Gələcəkdə necə olacaq, bunu zaman göstərəcək.

– Qarşıdakı illər ərzində əsas hədəfləriniz nədir?

– Əsas hədəfim pandemiya səbəbindən 2021-ci ildə keçiriləcək Olimpiadada çıxış etməkdir. Bununla həm də Olimpiadada Azərbaycanı təmsil edən ilk badmintonçu kimi tarixə düşmək istəyirəm. Bundan əlavə, növbəti illərdə keçiriləcək Avropa və dünya çempionatlarında uğurlu çıxış etmək istəyirəm.

– Hansı məşhur badmintonçulara qarşılaşmağı arzulayırsınız?

– Dünya reytinqinin bir nömrəsi yaponiyalı Kento Momota və çinli Çen Lonq kimi badmintonçularla qarşılaşmaq karyeramın unudulmaz anları olardı.

– Son illər ərzində keçirdiyiniz görüşlərdə hansı qələbə sizin üçün daha əlamətdardır?

– Son Avropa çempionatının finalçısı fransalı Bris Löverdez kimi badmintonçuya 2:1 hesabı ilə qalib gəldiyim görüş mənim üçün xoş xatirədir. Bu cür qələbələr məni gələcək uğurlara daha da ruhlandırır.

– Milliyyətcə indoneziyalı olduğunuzu bilirik. Azərbaycana “transfer”iniz necə baş tutdu?

– İndoneziya dünyada ən güclü badminton ölkələrindən biridir. Azərbaycandan təklif alarkən dünya çempionatları və Olimpiya Oyunlarında təmsil olunmaq üçün yaxşı şans əldə etdim. Artıq üç ildir beynəlxalq yarışlarda Azərbaycan Badminton Federasiyasını uğurla təmsil edirəm. Bu müddət ərzində badmintonun inkişafı üçün yerli federasiya tərəfindən aparılan böyük işlərin şahidi olmuşam. Elə mənim Azərbaycanda olmağım da bu inkişaf proqramının bir hissəsidir. Federasiya tərəfindən aparılan sistemli və düzgün iş mənim də uğurlarımı şərtləndirən əsas amillərdəndir. Bir sözlə, Azərbaycanı təmsil etdiyim üçün xoşbəxtəm.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri