16 
May
2020
12:24
131
50
4417
Virtual karabakh

Stadionlarımızın yaxşı vəziyyətdə olmasının səbəbkarı Azərbaycanı tərk edir: “İyunda ölkəmə gedirəm”

16 May, 2020
12:24
4417

Stadionlarımızın yaxşı vəziyyətdə olmasının səbəbkarı Azərbaycanı tərk edir: “İyunda ölkəmə gedirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanı iyunun ortasında tərk edəcəyəm. O vaxta kimi hələ burada işləyəcəyəm”.

Bunu Oxu.Az-a “Qəbələ” klubunun stadionlarında meydançaların qazonlarına nəzarət edən ingilis mütəxəssis Fil (Filip) Şarples deyib.

O, koronavirusa görə bəzi layihələrin təxirə salınması ilə əlaqədar Azərbaycanı tərk edəcəyini açıqlayıb:

“Bilirəm ki, mayın 31-dək Azərbaycanda sərhədlər bağlı olacaq. Ümid edirəm ki, iyunun əvvəlindən hava sərhədi açılacaq. Mən də həmin ayının ortalarında ölkəmə qayıda biləcəyəm.

Arada bir il “Qalatasaray” üçün çalışmağımı nəzərə almasaq, 10 il idi ki, Azərbaycanda işləyirdim. Bura “Gilan” şirkətinin dəvəti ilə gəlmişəm. “Qəbələ”nin stadionlarından başqa, “Qarabağ”ın daxili və beynəlxalq oyunları ərəfəsində Tofiq Bəhramov adına Respublika Stadionunda və Bakı Olimpiya Stadionunda meydançanın qazonu üçün texniki məsləhətçi işləyirdim. Ancaq onda da “Gilan”ın işçisi sayılırdım. Sadəcə olaraq, “Qarabağ”da müvəqqəti işə götürülmüşdüm”.

O, yarımçıq qalan layihədən də söz açıb:

“Bir il əvvəl stadiondakı işlərimi yekunlaşdırıb, “Gilan”a məxsus “The Crescent Bay” layihəsində Landşaft Departamentinin meneceri kimi işə başladım. Lakin iqtisadi vəziyyətə görə, Xəzər dənizinin sahilində göydələn kompleksinin inşasının ləngiyəcəyi bəlli oldu. Bu səbəbdən mən də ayrılmaq qərarına gəldim”.

Qeyd edək ki, Fil Şarples “Arsenal”ın əfsanəvi futbolçusu Toni Adamsın 2010-cu ildə “Qəbələ” klubuna baş məşqçi təyin olunduğu zamanlarda Azərbaycana gəlmişdi. Digər ingilis mütəxəssislər uğursuz işlərinə görə klubdan ayrılsalar da, Şarples Qəbələdə gözəl meydançaların hazırlanmasında əməyinə görə, uzun müddət burada qala bilib.

O, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı Olimpiya Stadionunun qazonunun atletika yarışları üçün dəyişdirilməsində də yaxından iştirak edib. Müasir texnologiya, ixtisaslaşdırılmış heyət olmadan 20 saata görülən bu işdə yerli Təşkilat Komitəsi 300 min avroya yaxın məbləğə qənaət edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri