27 
May
2020
15:42
102
30
2670
Virtual karabakh

“Neftçi”nin ilk böyükhesablı qələbəsindən, Bəhramovun debütündən 74 il keçdi

27 May, 2020
15:42
2670

“Neftçi”nin ilk böyükhesablı qələbəsindən, Bəhramovun debütündən 74 il keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

26 may “Neftçi”nin SSRİ çempionatlarında ilk böyükhesablı qələbəsini qazandığı gündür.

Oxu.Az xəbər verir ki, bu, 1946-cı ilin 26 mayında Vladimir İliç Lenin adına stadionda (indiki Tofiq Bəhramov adına Respublika Stadionu - red.) Moskva “Lokomotiv”i üzərində qazanılan 3:0 hesablı qələbədir.

Həmin il doqquz yaşlı “Neftçi” (o vaxt “Neftyanik” adlandırılırdı – red.) IX SSRİ birinciliyinin 2-ci qrupunun Cənub yarımqrupunda iştirak etmək üçün dəvət alır. Buna səbəb “Neftçi”nin bir il əvvəl Azərbaycan çempionu olması idi. Halbuki, bir il əvvəl “Dinamo” Ümumittifaq yarışlarında Azərbaycanı təmsil etmişdi.

“Neftçi” bu çempionata Ehtiyat Əmək Qüvvələri (EƏQ) və Bakı “Dinamo”sunun bəzi oyunçularını heyətinə əlavə etməklə qatılır. “Dinamo”dan gələnlərdən biri də sonradan hakim kimi dünyada məşhurlaşacaq gənc Tofiq Bəhramov idi. 

1937-ci ildə “Neftçi”nin əsas heyətindən qalan dörd futbolçu vardı. Bunlar Məmmədəli İsmayılov, Vladimir Kuznetsov, Aleksey Mironov və Fyodor Nifontov idi.

Müharibədən təzə çıxmış ölkə olduğundan maliyyə imkanları o qədər yaxşı deyildi və komandalar səfərlərə qatarla gedirdi. Komandalar həmin vaxt səfərə getdiyi zaman rəqibi ilə iki dəfə – ev və səfər prinsipi ilə qarşılaşırdı. SSRİ futbol funksionerləri bununla da maliyyə itkilərinin qarşısını almağa çalışırdı.

Cənub yarımqrupunda 13 komanda mübarizə aparırdı. Bunlar Aleksey Şapoşnikovun baş məşqçisi olduğu “Neftçi”dən başqa, “Dinamo” (Rostov), ZE, “Lokomotiv” (hər ikisi Tbilisi - red.), “Lokomotiv”, HHQ, EƏQ, “Pişevik” (hamısı Moskva), “Lokomotiv” (Xarkov), “Stal” (Dnepropetrovsk), “Sudostroitel” (Nikolayev), “Dinamo” (Yerevan) və “Şaxtyor” (Stalino) komandaları idi. Yarımqrupun bir qalibi yuxarı qrupa vəsiqə qazanacaqdı.

9 May – Qələbə Günü çempionata start verilir. Komandamız ilk oyununu Rostov “Dinamo”suna qarşı keçirir. Bakının “Dinamo” stadionunda keçirilən görüşü təxminən beş min azarkeş izləyir. Bu görüşdə “Neftçi” 3:1 hesabı ilə qalib gəlir. Maraqlıdır ki, komandamızın üç qolunun müəllifi – Bakı erməniləri Qazaryan (2) və Xaçaturov olur. Bununla da, Qazaryan “Neftçi”nin ilk dubl müəllifi kimi tarixə düşür. Üç gün sonrakı matçda da “Neftçi” bu rəqibə 1:0 hesabı ilə qalib gəlir.

Mayın 16-sı və 19-da “Neftçi” Tbilisi hərbçilərinin komandası olan ZE-yə Bakıda iki dəfə 0:1 hesabı ilə məğlub olur. Bundan sonra Bakıda məşhur Moskva “Lokomotiv”i qəbul edilir. 23 mayda baş tutan ilk görüşdə “Neftçi” ilk hissədə 1:0 qalib gəlsə də, son dəqiqələrdə hesabdakı üstünlüyünü qoruya bilmir və görüş 1:1 başa çatır.

Bundan üç gün sonra keçirilən matçda altı min azarkeşin gözü önündə “Neftçi” rəqibini 3:0 hesabı ilə məğlub edir. Qolları Yevgeni Şaqarov (20-ci dəqiqə), Qazaryan (40) və İvan Şerexov (67) vurur. Bu matçda Tofiq Bəhramov “Neftçi”nin heyətində ilk matçına çıxır. Onun debüt matçı isə “Neftçi”nin ilk böyükhesablı qələbəsi kimi tarixə düşür.

Ümumiyyətlə, “Neftçi” bu çempionatda İrəvan “Dinamo”su ilə Bakıda keçirdiyi hər iki matçda yaxşı mübarizə aparır – 2:2, 1:0. Sonuncu matç isə Stalino şəhərində (indiki Donetsk) baş tutur. Məşhur “Şaxtyor”la 1:1 hesablı nəticə “Neftçi”nin bu çempionatda sonuncu matçı olur. Çünki komanda 24 oyunda doqquz qələbə, yeddi heç-heçə və səkkiz məğlubiyyətlə 25 xal toplayır və bu nəticə ilə doqquzuncu yeri tutur. Birinci sıranı isə İosif Stalinin oğlu Vasilinin rəhbərlik etdiyi Hərbi Hava Qüvvələrinə (HHQ) qismət olur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri