31 
May
2020
11:06
52
38
1521
Virtual karabakh

Tunis millisi koronavirusa görə üç aydır Bakıda qalıb

31 May, 2020
11:06
1521

Tunis millisi koronavirusa görə üç aydır Bakıda qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tunisin ağırlıqqaldırma üzrə milli komandası koronavirusa görə Bakıda qalıb.

Oxu.Az xəbər verir ki, Tunis millisi Mavrikidə keçiriləcək Afrika çempionatına hazırlıq üçün məkan olaraq Bakını seçib.

Komanda martın əvvəllərində dörd həftəlik təlim-məşq toplanışı üçün paytaxtımıza gəlib, lakin sərhədlər bağlandığından ərəblər Azərbaycanı tərk edə bilməyib. Beləcə, misirli baş məşqçi Xalid Koraninin rəhbərliyi altında iki kişi və iki qadın atlet Bakıda qalıb.

Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulovun saytımıza verdiyi məlumata görə, Tunis komandası hazırda “AAAF Park”da qalır. 

Minimum iyunun 15-dək Azərbaycan sərhədlərinin bağlı olacağını nəzərə alsaq, Tunis millisi hələ Bakıda bir müddət də qalacaq. 

Digər bir məsələ isə 51 yaşlı Xalid Korani ilə bağlıdır. Misir və Səudiyyə Ərəbistanı millilərinin sabiq baş məşqçisi öz ölkəsinin yeniyetmə və gənclərdən ibarət yığmasını çalışdırdığı vaxt idmançılarının yeməyinə dopinq qatmaqda ittiham olunur.

2016-cı ildə Misirin paytaxtı Qahirədə keçirilmiş yeniyetmə və gənclər üzrə Afrika çempionatında çıxış etmiş meydan sahibi yeddi idmançının dopinqdən istifadə etdiyi müəyyənləşib.

Bu səbəbdən də Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən yaradılmış Müstəqil Üzv Federasiyalarının Sanksiya Paneli ötən ilin sentyabrından Misiri iki illiyinə cəzalandırıb (Tokio Olimpiadasında iştirak edə bilməyəcəklər – red.) və 200 min dollar məbləğində cərimələyib. Həmçinin, həmin yeddi idmançı dörd il müddətinə diskvalifikasiya edilib.

IWF ilkin olaraq Xalid Koraninin məşqçi kimi fəaliyyət göstərməsini müvəqqəti olaraq qadağan edib. Onun yeniyetmə yaşına çatmamış idmançılara dopinq verdiyi sübuta yetirilərsə, minimum dörd illik, maksimum ömürlük cəzalandırılacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri