İyl
2020
21:00
8
207
4620
Virtual karabakh

Ramin Musayev: “Həmişə futbolçulara deyirdim ki, sizin ömrünüz qaranquşunku kimidir” - MÜSAHİBƏ

3 İyl, 2020
21:00
4620

Ramin Musayev: “Həmişə futbolçulara deyirdim ki, sizin ömrünüz qaranquşunku kimidir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin Oxu.Az saytına müsahibəsi

– Dünən həm PFL-in yaranmasının günü idi, həm də idman jurnalistlərinin. Tam təsadüfdür bu?

– Birini demədiniz (gülür). Həm də 2 iyul Azərbaycan polislərinin günü idi... Sualınıza gəlincə, tam təsadüfdür.

– PFL-in 2008-ci ildə yaradılması hansı zərurətdən irəli gəldi?

– PFL-in yaradılması təşəbbüsü AFFA prezidenti Rövnəq Abdullayevin olub. Onda bizim çempionatın reytinqi dünyada 106-cı, Avropada isə 44-cü yerdə idi. 2013-cü ildə dünyada 43-cü yerə gəldik. Ümumiyyətlə, həmin il əvvəlki illə müqayisədə rekord irəliləyişə imza atdıq. 2012-ci ildə 84-cü olan çempionatımızın bir il sonra 43-cü sıraya qalxması yüksək nailiyyət idi. Hətta 33-cü yerə kimi qalxdığımız il oldu. Avropada isə ən yüksək reytinq sıralamamız 23-cü yer olub. 2018-ci ildən bu tərəfə isə 26-cı yerdə qərarlaşmışıq.

PFL-in yaradılmasında əsas məqsəd çempionata diqqət ayırmaq, yarışın ədalətli keçirilməsi olub. “Qəbələ” komandasının ardıcıl iki il Avropa Liqasında ilk təsnifat mərhələsindən qrupadək irəliləməsi qitədə rekord göstərici olub. Demirəm ki, bu, sırf PFL-in əməyidir, burada klubun da böyük rolu var. Amma bizim keçirdiyimiz çempionatda ədalətli oyunların nəticəsidir ki, “Qəbələ” öz layiqli yerini tutub, avrokuboklara vəsiqə qazandı.

Rövnəq Abdullayev AFFA prezidenti olanadək çempionatımızda haqsızlıqlar baş alıb gedirdi. PFL yaranandan həmin haqsızlıqlar aradan qaldırılmağa başlandı. Öz çəkiliş qrupumuzu yaratdıq. Vaxtı ilə oyunların çəkilməsi ilə bağlı problemlər olurdu. Amma özümüzün çəkiliş qrupu olandan sonra hər oyuna ən azı 4-5 nəfər operator göndəririk.

Əvvəlki çempionatlarda asan yolla nəyəsə nail olmağa çalışan klublar bu videoçəkilişlərdən sonra hansısa kiçik epizodları şişirdə bilmədi. Bütün klubların nümayəndələri oyunlardan sonra şikayətə gəlirdi. Elə olub ki, altı kameradan çəkilən görüntüdən hakimin səhv qərar verdiyi görünüb, amma bir gənc operatorun çəkdiyi rakursdan fikrimiz dəyişib. Bundan sonra hakimin doğru qərar verdiyi üzə çıxıb. Halbuki o görüntüyədək bizə “qəsdən bizi yıxırsız”, “sifarişlə işləyirsiz”, “bizi sındırırsız” kimi ittihamlar səsləndirilirdi.

– Başa çatan mövsüm çətinlikləriniz oldu. “Topaz”la əməkdaşlıq dayandırıldıqdan sonra çempionatı sponsorsuz keçirdiniz...

– Bəli, bu bizə çətinlik yaratdı. Amma AFFA rəhbərliyi bizi tək buraxmadı. Elə sizin vasitənizlə Rövnəq müəllimə də, Elxan Məmmədova da təşəkkür edirəm ki, bizim qurumun yaşamasında hər iki şəxsin əməyi oldu. Bu gün də PFL-in maddi durumunun qaydasında olmasında AFFA-nın rolu var.

– Bir ara sponsor tapmağa yaxın idiniz. Lakin xarici bukmeker şirkəti ilə əməkdaşlığınız idman mediasının haqlı tənqidi sayəsində reallaşmadı...

– Biz həmin vaxt iki qurumla danışıq aparırdıq. Birini düz buyurursunuz. Dediyiniz şirkətin bizim dövlətlə heç bir əlaqəsi olmadığından, onlarla danışıqları dayandırdıq. İkinci danışdığımız şirkət isə Azərbaycanda fəaliyyət göstərir.

– Hansı sektorda fəaliyyət göstərən şirkətdir?

– Gəlin, bunu xırdalamayaq. Amma çempionatın ortasında – mart ayında artıq bu şirkətlə uzunmüddətli müqavilə bağlamalıydıq. Əfsuslar olsun ki, koronavirus ortaya düşdü deyə, müqavilə bağlaya bilmədik. Mənə elə gəlir ki, pandemiyadan sonra bu barədə danışıqlarımız olacaq...

– Ancaq həmin şirkətin pandemiyadan necə çıxacağı da sual altındadır…

– İnşallah, yaxşı olar.

– Hakimlərin təyinatına əvvəl faktiki olaraq siz nəzarət edirdiniz. İndi fikriniz olmadan təyinatların olması sizi qane edir?

– PFL-in əvvəl hakimliklə bağlı AFFA ilə müqaviləsi vardı. Oyunlara hakimlər bizim məsləhətimiz ilə təyin olunurdu. Çünki PFL-ə “filan hakim filan oyunda belə edəcək”, “filan hakim danışıqlara gedib” kimi məlumatlar gəlirdi. Biz də bu informasiyalara əsasən təyinatlara öz fikrimizi bildirirdik, həmin hakimləri o oyundan çıxarıb, digərinə göndərirdik.

Hakimlərin təyinatı üzərində nəzarətin bizdən çıxarılması xeyrimizə oldu. İndi canımız rahat, qulağımız dincdir (gülür). Çünki həmin qərar verilən vaxtlarda otağımızda hər oyundan sonra qalmaqal yaşayırdıq. Adi bir künc zərbəsinə görə üstümüzə gəlirdilər ki, filan hakim səhv qərar verib. İndi isə bu baxımdan çox sakitəm.

– Pandemiyaya görə çempionat dayandırıldı. Bəs özünüz PFL-ə gedib-gəlirsinizmi?

– Bəli, hazırda işdəyəm.

– Vaqif Cavadov, Kamran Ağayev, Vüqar Nadirov kimi futbolçular klubsuz qalıb. “Keşlə” Əfran İsmayılovla müqaviləsini uzatmadı. Bu nəsil idmançıların klubsuz qalmasının günahını kimdə görürsünüz?

– Hər zaman futbolçuların özlərində. “Neftçi”də işləyəndə futbolçulara deyirdim ki, sizin ömrünüz qaranquşunku kimidir, həmişə çalışıb ondan istifadə etməlisiniz. Bu gün hansısa futbolçu kənarda qalırsa, günah onlardadır. Çünki saydığınız futbolçulardan da yaşlı oyunçular çempionatda çıxış edib və ya onlardan gəncləri milliyə düşür. Əfrana gəlincə, məncə, o özünə komanda tapmalıdır. Son oyunlarına baxmışıq, “Keşlə”də yavaş-yavaş formasına qayıdırdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri