İyl
2020
14:24
120
33
2370
Virtual karabakh

Qurbanovdan şok etiraf: “Azərbaycana gələnədək intizamsızlığıma görə iki il futbolsuz qalmışdım”

7 İyl, 2020
14:24
2370

Qurbanovdan şok etiraf: “Azərbaycana gələnədək intizamsızlığıma görə iki il futbolsuz qalmışdım”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin sabiq futbolçusu, “Keşlə” klubundan yenicə ayrılmış Ruslan Qurbanov maraqlı etirafı ilə diqqəti çəkib.

Oxu.Az xəbər verir ki, milliləşdirilmiş rusiyalı oyunçu 2010-cu ildə “Neftçi”yə keçənədək iki il futbol oynamadığını bildirib:

“Siz nə vaxtsa inandığınız arzulara nail olmusunuz?

Məndə beləsi olub və yəqin ki, heç vaxt bunu unutmayacağam. Bu, futbola aiddir. 16 yaşım vardı. Böyük ümidlər verirdim və əsas – birinci komandaya cəlb olunmuşdum.

Səhv buraxmayanadək hər şeyin yaxşı getdiyi görünürdü. Rejimi pozdum, məni də komandadan qovdular. Yaxşı ki, məni qovdular və üç ay müddətinə islah işləri üçün başqa bir kluba göndərdilər. Bundan sonra əsas komandama qayıtmalı idim.

Düzdür, orada da qalmadım və yenə nizam-intizamı pozdum, gənc ağlımla düşünmədim. Nəticəsi isə bu oldu: mən iki il futbolsuz qaldım.

16 yaşdan 18 yaşınadək özümə gələ bilmirdim. İki il ərzində cəmi iki ay məşq etdim. Mənim üçün çətin idi, amma inanırdım ki, məndə hər şey yaxşı olacaq və məqsədimə çatıb, futbolçu olacağam. Belə də oldu.

Azərbaycanın “Neftçi” komandasına baxışdan keçmək üçün getdim. 2010-cu il idi. Doğulduğum və yaşadığım Stavropoldan 900 km məsafədə olan Bakıya getdim, gömrüklə birlikdə 14 saat vaxtım getdi, səhər saat 7-də gəlib çatdım. Bakını gördüm, bu şəhərə aşiq oldum və özümə dedim ki, burada qalmaq üçün hər şey edəcəyəm.

“Neftçi”nin bazasına gəldik və deyildi ki, bu gün yoldaşlıq oyunu olacaq və məni də yoxlayacaqlar. Hazırlaşmışdım. Duyğular aşıb-daşırdı, narahat olmuşdum. İkinci hissədə məşqçi məni özümü göstərməyim üçün müydançaya buraxdı, 10 dəqiqədən sonra qol vurdum və yaxşı oynadım. Hamı oyunumdan razı qaldı.

Artıq bundan sonra mənə beş illik müqavilə təklif etdilər. Bundan imtina edə bilməzdim. Beləcə arzularıma sonadək inandım və buna nail oldum. Ona görə də, hədəflər qoyun, bu yolda həmişə uğursuzluqlar olacaq, həmişə özünüzə və arzunuza inanın və o, mütləq gerçəkləşəcək”.

Qeyd edək ki, 28 yaşlı Ruslan Qurbanov Stavropol “Dinamo”sunun və “Rostov” klubunun yetirməsidir. Lakin “Rostov”da əsas heyətə düşə bilməyib, “Nika” və “Taqanroq” klublarında icarə əsasında forma geyinib. Burada qol vura bilməyən hücumçu 2010-cu ildən Azərbaycan karyerasına başlayıb. Həmin vaxt Azərbaycan pasportu alan Ruslan altı illik “Neftçi” karyerası vaxtı “Sumqayıt” və Xorvatiyanın “Xayduk” klublarında da icarə əsasında çıxış edib. Milliyyətcə ləzgi olan Qurbanov daha sonra “Qəbələ”, “Səbail” və “Keşlə”də oynayıb. 2010-2012-ci ilərdə 21 yaşadək millimizdə çıxış etmiş futbolçu 2015-ci ildən əsas komandamıza cəlb olunub. Burada 26 oyun keçirən Ruslan 2016-cı ildə San-Marino üzərində qələbəmizin səbəbkarıdır. Bu, onun millimizdə vurduğu yeganə qoldur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri