15 
İyl
2020
13:27
370
36
3492
Virtual karabakh

Müharibəyə könüllü getmiş məşqçimiz: “Futbolda müdafiəçi olmuşam, hərbdə hücumçu olmaq istəyirəm” - MÜSAHİBƏ

Azərbaycan futbolunda Qarabağ müharibəsində iştirak etmiş veteranların sayı çox deyil. Hər zaman onların adı çəkiləndə Novruz Əzimov yada düşür. O, 1992-ci ilin martında – 32 yaşında, “Neftçi”də oynadığı vaxt doğulduğu Laçın rayonunun müdafiəsi üçün könüllü cəbhəyə yollanıb. Mayın əvvəllərində Bakıya ezamiyyətə qayıdıb. Şuşanın işğalı günü – mayın 8-də “Neftçi” forması ilə çempionatın açılış turunda Sumqayıt “Xəzər”inə qarşı oynayıb. Ertəsi gün isə öz maşını ilə yenidən Laçına qayıdıb. Demək olar ki, bir il döyüşüb.

Oxu.Az olaraq, hazırda işsiz olan, amma məşqçi kimi vaxtilə bir dəfə Azərbaycan çempionu, üç dəfə ölkə kubokunun sahibi olmuş Novruz Əzimovdan müsahibə götürdük.

– Siz 1992-ci ilin martında könüllü olaraq cəbhəyə yollanmısınız və Kəlbəcər-Laçın istiqamətində döyüşmüsünüz. Bu dəfə isə döyüş Ermənistan-Azərbaycan sərhədində gedir. İstərdim ki, bu yöndə fikirlərinizi öyrənim...

– O vaxt Azərbaycan ordusu formalaşmamışdı, döyüşə tam hazır deyildi. Üstəgəl, ölkədə anarxiya, xaos idi. Bir neçə dəfə hakimiyyət dəyişikliyi oldu. Ayaz Mütəllibov Xocalı soyqırımından sonra istefaya göndərildi, Yaqub Məmmədov Milli Məclisin sədri oldu. Daha sonra Ayaz Mütəllibov mayda geriyə qaytarıldı. Amma bir gün sonra Xalq Cəbhəsi hakimiyyətə gəldi. Belə şəraitdə Müdafiə Nazirliyi də tam oturuşmamışdı. Həmin tarixdən 28 il keçir.

Elə düşünürəm ki, Azərbaycan ordusu indi lazım olanı edə biləcək gücdədir. Düzdür, itkilərimiz olacaq. Allah şəhidlərimizə rəhmət eləsin! Elə sizlə danışmazdan öncə Sumqayıtda, 13-cü mikrorayonda generalın dəfni ilə bağlı videoya baxırdım. Düşmən çox alçaq, mənfur, beynəlxalq qanunları tanımayan ermənilərdir. Baxmayaraq ki, vaxtilə Azərbaycan onlara torpaq verib, ancaq yenə də gözləri doymur, ikinci bir dövlət yaratmaq istəyirlər. Əminəm ki, bu, heç vaxt olmayacaq. Ukrayna, Türkiyə kimi ölkələr də artıq Azərbaycanın tərəfində olduqlarını bildiriblər.

– Tovuzun Ağdam kəndində mülki şəxsi öldürən, Qarabağ yox, birbaşa Ermənistan sərhədindən hücuma keçən, dünyada koronavirusla mübarizə gedərkən bu fürsətdən yararlanmağa cəhd edən düşmənlə döyüşmək də çox təhlükəlidir. Bir var kişi kimi düşmənlə döyüşəsən, bir də var... Fikirlərimlə razısınız?

– Bayaq ona görə mən onları mənfur, alçaq adlandırdım. Onlar kiçik uşaqları da öldürür. Ermənilər türk qanına susamış alçaqlardır. İnanıram ki, haqq-ədalət öz yerini tutacaq, onlar layiq olduqları cavabı alacaqlar.

– O vaxt tərkibində döyüşdüyünüz 811-ci Laçın alayından sağ qalan keçmiş əsgər yoldaşlarınızla görüşürsünüz?

– Bəli. İsmayıllının Basqal qəsəbəsindən olan Şirzad Abdullayev adlı dostum var. Həmin vaxt o, kəşfiyyat rotasının komandiri idi. O, dayımoğlu ilə birgə Əfqanıstanda qulluq etmişdi. Bizim alayda tək laçınlılar və ya qarabağlılar döyüşmürdü, digər bölgələrimizdən də əsgərlər vardı.

– Alayın rəhbəri olmuş Arif Paşayevlə əlaqəniz var?

– Yox. Amma bildiyimə görə, o, Türkiyədə yaşayır. 811-ci alay əvvəl bölük olub, sonra sıraları artdığı üçün alaya çevrilib. 1992-ci ilin mayın 1-də isə Müdafiə Nazirliyi tərəfindən ləğv olundu. Məhz bundan sonra Şuşanın ardınca Laçın, bəzi mənbələrə görə, mayın 17-si, bəzilərinə görə isə, 18-i işğal edildi.

– Arif Paşayev məhz ondan sonra hərbdən tərxis olundu?

– Yox, sonra bildiyimə görə, Arif Paşayev Qubadlının Muradxanlı kəndində döyüşürdü. Bir əhvalat danışım. Mayın 12-də Şuşa tərəfdən Laçına həmlə olanda onu gecə vaxtı oyatdıq. Dedik ki, bizə hücum edirlər. Arif Paşayev isə dedi ki, əmr vermək üçün heç bir səlahiyyəti yoxdur, nazirlik onu kənarlaşdırıb, komanda vermək hüququ indiki general Elbrus Orucovdadır (Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi olmuş general-mayor Elbrus Orucov 2017-ci ildə istefaya göndərilib – S.M.). Onda Elbrus Orucov ora mayor rütbəsi ilə gəlmişdi.

– 60 yaşınız var. Yenə müharibəyə könüllü şəkildə getməyə hazırsınız?

– Sözsüz. Hər zaman bu Vətəni qorumağa hazıram. Daha doğrusu, hücuma hazıram. Düzdür, futbolda müdafiəçi olmuşam. Amma arzulayaram ki, hərbdə hücum edən tərəf olaq və mənfur düşməni sonuncu nöqtəsinə kimi oturdaq. Zəngəzur, İrəvanın özü – hamısı Azərbaycan torpaqlarıdır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri