11 
Avq
2020
20:13
23
157
3265
Virtual karabakh

Şimali makedoniyalı futbolçu: “Sileks” “Qarabağ”a çətinlik yaşadacaq” - MÜSAHİBƏ

“Səbail” klubu bir həftə əvvəl futbolçu Florian Kadriu ilə müqavilə bağlayıb.  

Oxu.Az 24 yaşlı hücumçunun Şimali Makedoniyadan olduğunu nəzərə alaraq, ondan müsahibə alıb.

– Azərbaycana xoş gəlmisiniz. Transferiniz necə baş tutdu?

– Əvvəla, ingiliscə zəif danışdığım üçün sizdən üzr istəyirəm. “Xoş gəldin”ə görə təşəkkür edirəm. “Renova” klubu ilə müqaviləm başa çatmışdı. Azərbaycanlı menecer Kamil Məmmədov “Səbail” klubundan təklif olduğunu dedi.

Mən də bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər. Ona görə də təkliflə razılaşdım. İlk dəfədir ki, Azərbaycana gəlirəm.

– Ötən mövsüm “Renova”da cəmi üç qol vurmusunuz. Hücumçu üçün az deyil?

– Əvvəla, onu bildirim ki, mən mərkəz hücumçusu deyiləm. Hücumun cinahlarında oynayıram. Son klubumda da daha çox sol cinahda çıxış etmişəm. Üstəlik, Şimali Makedoniya çempionatı pandemiyaya görə yarımçıq dayandırıldı. Ona görə də martdan sonra oyun keçirmədik.

– Alban mənşəli olduğunuzu bilirəm…

– Bəli. Doğulduğum Kiçevo şəhəri Kosovo sərhədindən 2,5 saatlıq məsafədədir. Elə peşəkar karyerama da alban klublarında başlamışam. Şimali Makedoniyanın “Vellazerimi”, “Şkupi” klubları albanlarındır. Həmçinin, Albaniyanın “Teuta” və “Tirana” klublarında oynamışam. Qısa müddət Şimali Makedoniyanın məşhur klublarından olan “Rabotniçki”də də çıxış etmişəm.

– Şimali Makedoniyanın “Sileks” klubu Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq. Həmçinin, Şimali Makedoniyanın alban əsilli komandalarından “Şkupi” Avropa Liqasında “Neftçi” ilə, “Şkendiya” “Sumqayıt”la görüşəcək. Albaniyanın “Laçi” komandası isə Avroliqada “Keşlə”nin qonağı olacaq. İstərdim ki, püşkə münasibət bildirəsiniz...

– Bu komandaların Azərbaycan klubları ilə düşdüyünü bilirəm. Düşünürəm ki, “Sileks” “Qarabağ”a çətinlik yaşadacaq. Düzdür, oyun Bakıdadır. Amma mərhələnin bir oyundan ibarət olduğunu nəzərə alsaq, çətin görüş keçəcək. Digər iki Şimali Makedoniya klubunun da yaxşı heyəti var. 2016/2017 mövsümündə “Şkupi”də çıxış etmişəm.

– Yeni komanda yoldaşınız Rauf Əliyevin 2017-ci ildə Albaniyanın “Kukesi” klubunda oynadığını bilirdiniz?

– Bəli. Hələ o, üç il əvvəl “Kukesi”yə keçəndə bir azərbaycanlı futbolçunun transferini eşitmişdim. Onunla artıq görüşmüşəm. Bir komandada olduğumuz üçün sevinirəm.

– Albaniya millisini 2016-cı ildə Avropa çempionatına çıxarmış sabiq baş məşqçi Canni De Byazi bizim yığmanı çalışdıracaq. İtalyan məşqçinin Albaniyadakı kimi, Azərbaycanda da uğur qazanacağına inanırsınız?

– O, çox yaxşı məşqçidir. Düzdür, ola bilsin ki, Azərbaycan dünya çempionatında çıxış etməyəcək. Amma onun Albaniyadakı işləri Azərbaycanda da nəticə verəcək. Millətlər Liqasında Azərbaycanın uğurlu çıxış edəcəyinə inanıram.

– “Səbail”in rəsmi saytına müsahibənizdə sizi “Landi” çağırdıqlarını bildirmisiniz...

– Bəli, ailəm məni belə çağırır. Mənim də bundan xoşum gəlir (gülür).

– Müsahibənin əvvəlində dediniz ki, burada həmyerliləriniz oynayıb. Əvvəl Azərbaycanda oynamış futbolçulardan kimləri tanıyırsınız?

– “Qarabağ”da oynamış Ansi Aqolli, Muarem Muarem, “Qəbələ”də çıxış etmiş Sabien Lilayı. “Qəbələ”nin dünən transfer etdiyi Yurqen Qocanı da tanıyıram.

– Bu ayın 29-da 24 yaşınızı qeyd edəcəksiniz. Bakıda ad gününüzü necə keçirməyi düşünürsünüz?

– Əvvəla, onu bildirim ki, “wikipedia”da ad günümün tarixi səhv yazılıb. Əslində, sentyabrın 30-da doğulmuşam. Özüm də 1996-cı ildən yox, 1995-ci ildənəm. Yəni sentyabrın 30-da 25 yaşım olacaq. Albaniyanı saymasaq, ilk dəfə ölkə xaricində ad günümü qeyd edəcəyəm. Maraqlı olacağını düşünürəm.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri