Sen
2020
09:54
104
18
2711
Virtual karabakh

“Qalatasaray”dan təklif almış Qədirov: “Məni Türkiyə millisinə dəvət edirdilər” - MÜSAHİBƏ

“Neftçi” futbol klubunun sabiq futbolçusu Vladislav Qədirovun Oxu.Az saytına müsahibəsi

– “Qalatasaray”dan başqa, “Neftçi”yə Moskva “Dinamo”su və Qazaxıstan “Kayrat”ı düşə bilərdi. Siz hansı komandanın düşməsini istəyirdiniz?

– Bu mərhələdə güclü rəqib olur. Məncə, “Qalatasaray” normal rəqibdir. Deyərdim ki, “Kayrat” və “Dinamo” “Qalatasaray”dan da zəif deyil. “Kayrat” düşsə, çətin ola bilərdi. “Qalatasaray” “Neftçi”ni yaxşı tanımır, yuxarıdan aşağı baxır. Bu da bizim işimizə yarayır. Hər 30 ildən bir “Neftçi” “Qalatasaray”la oynayır. Əvvəl iki oyunda “Qalatasaray”a uduzmamışıq. Bu dəfə də uduzmarıq. Düzdür, 1960 və 1990-cı ildəki “Qalatasaray”la indiki bir deyil. Əsas odur ki, bu rəqibdən qorxmaq lazım deyil. Öz oyunumuzu göstərmək lazımdır. Başa düşürəm, rəqibdə Arda Turan, Radamel Falkao kimi məşhur futbolçular var. Amma adlardan çəkinmək lazım deyil. Fiziki cəhətdən də onlar “Neftçi”dən hazırlıqlı deyil. Çünki artıq “Neftçi” artıq iki rəsmi oyuna çıxıb, “Qalatasaray” isə yox. Üstəlik, Bakıda oynayacağıq, problem olmamalıdır. Bu da bir üstünlükdür.

– “Evdə oynayırıq” artıq nisbi anlayışdır. Çünki oyun azarkeşsiz keçiriləcək...

– Hardasa düz deyirsiniz. Amma mən özüm futbolçu olmuşam deyə bilirəm. Bakıda oynayanda özümüzü psixoloji cəhətdən daha rahat hiss edirdik. Səfərdə oynayanda üzərimizdə sanki basqı olurdu, oyunumuzu göstərə bilmirdik. Buna səfər yorğunluğu da əlavə olunur.

– “Qalatasaray”la oynamağımız “Neftçi”nin futbolçularının Super Liqaya yolunu aça bilərmi?

– Əlbəttə. Türkiyə nəhəngi ilə oynamağımızın bu üstünlüyü də var. Bu oyun bizim xeyrimizə olacaq, nəinki mənfimizə. Artıq klub prezidentinin özü də bildirib ki, iki futbolçusu ilə Türkiyə klubları maraqlanır. Nə qədər çox futbolçumuz xaricdə oynasa, o qədər çox Azərbaycan futboluna xeyri dəyər.

– 1990-cı ilin yanvarın 17-də “Qalatasaray”la “Neftçi”nin 2:2 bitən oyunda heyətdə siz də vardınız. Bu oyunu necə xatırlayırsınız?

– Bu oyun haqda Türkiyə mətbuatı da yazmışdı. Amma məqalədə səhv vardı. Əvvəla, 10-cu dəqiqədə birinci qolu Yunis Hüseynov yox, mən vurmuşam. Arzu Mirzəyev (söhbət rəhmətə getmiş “Neftçi”nin sabiq futbolçusundan gedir – S.M.) niyə qırmızı vərəqə aldı? 2:1 qalib gəldiyimiz oyun bitməli idi. O vaxt hakimlər oyuna neçə dəqiqə əlavə olunduğunu göstərmirdi. Neçə dəqiqə əlavə olunduğunu özü bilirdi. Bizim qapımıza 90+-də – 94 və ya 95-ci dəqiqədə penalti təyin edildi (ancaq Türkiyə mətbuatı bu penaltinin 86-cı dəqiqədə verildiyini bildirib, sadəcə bu qərarın gülünc olduğunu qeyd edib – S.M.). Arzu da hakimin üzərinə getdi ki, niyə oyunu qurtarmırsınız ki? Ona görə də qırmızı vərəqə aldı.

– “Qalatasaray”a vurduğunuz qoldan sonra sizə təklif də gəlmişdi...

– Elədir. Türkiyəyə biz tək getməmişdik. Ağadadaş Ağayev, Brilyant Dadaşova, rəqqasələr də bizimlə İstanbula getmişdi. Komanda oyundan sonra Bakıya qayıtdı. Mən isə Moskvaya, oradan da SSRİ gənclər millisi ilə Tailanda getməliydim. Ona görə də mən İstanbulda qaldım. Müğənnilər və rəqqasələrin Bakıya təyyarəsi isə sabaha idi. Axşam hoteldə yemək zamanı “Qalatasaray”ın nümayəndələri də gəldi. Onların vitse-prezidenti mənə dedi ki, “Qalatasaray”a keç, Türkiyədə qal. Həm də Türkiyə millisində oynayarsan. Mənə də soyadıma görə “Kadir” adı verəcəkdilər. Çünki məni belə çağırırdılar. Amma mən o vaxt təkbaşına qərar verə bilməzdim. Çünki onda hələ SSRİ-nin tərkibində idik, qapalı ölkədə yaşayırdıq. Dedim ki, rəhbərliklə danışın.

– Bəs rəhbərliklə danışdılarmı?

– Bəli. Bir ay sonra Bakıya gəldilər. Bakıda da mənim söhbətim getdi. Amma “Neftçi”nin ovaxtkı prezidenti Aydın İbrahimov razılaşmadı. Dedi ki, bizdə məqsəd “Neftçi”ni SSRİ Yüksək Liqasına çıxarmaqdır, hədəfimizə çatdıqdan sonra Vladislavı sizə buraxarıq. Amma nə Yüksək Liqaya çıxdıq, nə də mənim “Qalatasaray”a keçidim alındı. Onda 20 yaşım vardı. O vaxtlar Toni Şumaxer kimi alman qapıçı “Fənərbaxça”ya gətirilmişdi. Yavaş-yavaş Türkiyə futbolu inkişaf edirdi.

– Siz bilirdinizmi ki, oynadığınız “Qalatasaray” əslində Türkiyə 3-cü liqasında çıxış edən əvəzedici komanda olub?

– O komandanın heyəti əsas və ikinci komanda ilə yarıbayarı idi. Məsələn, onların əsas futbolçusu Tanju Çolak bizə qarşı oynamamışdı. O vaxt “Qalatasaray”ın futbolçularını da çox tanımırdıq. Sovet futbolçularına daha çox bələd idik, nəinki türklərə. Çünki o vaxt baxdığımız SSRİ çempionatı idi.

– “Qalatasaray”a keçsəydiniz, sizi Avropanın digər klublarında da görmək olardı bəlkə də...

– Əlbəttə. Adam çox təəssüflənir. Amma qismətdə nədirsə, odur. Görünür, belə olmalıymış.

– Xatırlayıram ki, siz 2011-ci ildə Pro məşqçilik lisenziyası üçün “Qalatasaray”ın düşərgəsinə təcrübə keçmək üçün getməliydiniz. Niyə bu səfər baş tutmadı?

– O vaxt işlədiyim “Rəvan” klubunun “Qalatasaray”la əlaqələri vardı. Amma Pro lisenziyası almaq istəyənlərdən Qurban Qurbanov “Barselona” variantını seçdiyindən, biz də “Qalatasaray”a yox, ora getməli olduq. Hətta “Barselona”dan ötrü Vaqif Sadıqovun çalışdığı Rusiyanın “Anji” klubu variantından da imtina etdik. “Rəvan”ın ovaxtkı vitse-prezidenti Bəhruz Şirəliyevlə səhəri təyyarə ilə İspaniyaya getməli idik. Amma son anda xəbər gəldi ki, bizim səfərimiz baş tutmayacaq. Elə o vaxtdan xarici klubda təcrübə keçmədiyimə görə Pro lisenziyası ala bilmədim.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri