25 
Sen
2020
11:57
96
15
2306
Virtual karabakh

“Qarabağ”ın rəqibi: Birinci Dünya müharibəsində baş çavuşun yaratdığı komanda

25 Sen, 2020
11:57
2306

“Qarabağ”ın rəqibi: Birinci Dünya müharibəsində baş çavuşun yaratdığı komanda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin oyunları ilə “Qarabağ”ın rəqibi də bilindi. “Qarabağ” bu turnirin pley-off mərhələsi çərçivəsində oktyabrın 1-də Varşavada “Leqiya” ilə qarşılaşacaq.

Oxu.Az son Polşa çempionu haqqında maraqlı faktları təqdim edir:

Bu klub 1916-cı ilin 5-15 mart tarixləri aralığında yaradılıb. Klub Birinci Dünya müharibəsi vaxtı Polşa legionlarından qurulub. Komandanın əsasını qoyan baş çavuş Ziqmunt Vaserab olub. Müharibə bitdikdən sonra – 1920-ci ilin martında Varşavada bir kazino zabiti bu klubu yenidən aktivləşdirib. Komanda zabitlərdən qurulub. Klub “Voyskovı Klub Sportovı Varşava” (“Varşava Hərbi İdman Klubu”) adlandırılıb.

1923-cü ildə isə “Korona” komandası ilə birləşərək indiki adına “Leqiya”ya sahib olub. 1949-cu ildən 1957-ci ilədək klub “CWKS Warszawa” (“Varşava Mərkəzi Hərbi İdman Klubu”) adlandırılıb.

Komanda ilk beynəlxalq matçını 1922-ci ildə mayın 18-də Çexoslovakiyanın “Viktor Zixkov” klubuna qarşı keçirib. Öz meydanında oynasa da, hesab biabırçı olub – 2:9.

“Leqiya”nın uğurları 1950-ci illərin ortasında başlayıb. 1955-ci ildə həm ölkə çempionluğu, həm də Polşa kuboku qazanılıb. “Hərbçilər” 14 dəfə Polşa çempionu, 19 dəfə Polşa kuboku (bu kuboku ən çox qazanan komandadır – S.M.) və 4 dəfə Polşa Superkubokunu qazanıb.

“Qarabağ” bu rəqiblə ev oyununu Polşa Ordu Stadionunda keçirəcək. 1930-cu ilin avqustun 9-dan “Leqiya”nın ev oyunlarını keçirdiyi bu stadionun tamaşaçı tutumu 31 800-dür. Ancaq qeyd edək ki, bu oyuna pandemiya ilə əlaqədar azarkeşlər buraxılmayacaq. Bu baxımdan “Qarabağ” çox çılğın polşalı fanatların təzyiqi ilə üzləşməyəcək.

Belarusda doğulmuş 50 yaşlı Çesvaf Mixnyeviç komandaya dörd gün əvvəl baş məşqçi təyin edilib. O, həm də 2017-ci ildən Polşanın 21 yaşadək millisinin baş məşqçisidir.

“Leqiya”nın avrokuboklarda ən böyük uğuru 1969/70-ci illər mövsümündə Avropa Kubokunda (indiki Çempionlar Liqası – S.M.) yarımfinal oynamasıdır. 1/4 finalda “Qalatasaray”a qalib gəlmiş “Leqiya”nı 1/2 finalda “Feyenoord” saxlayıb. Komanda iki dəfə Çempionlar Liqasında, dörd dəfə isə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində “Reyncers” tərəfindən mübarizəni dayandırmış “Leqiya” cari mövsüm Çempionlar Liqasında mübarizəyə başlayıb. “Legionerlər” I mərhələdə “Linfild”ə (Şimali İrlandiya) 1:0 qalib gəlsə də, “Omonia”ya (Kipr) əlavə vaxtda vurulan qollarla 0:2 uduzub. Komanda dünən Avroliqada Kosovo çempionu “Drita”nı Pavev Fşovek (24-cü dəqiqə) və çexiyalı Tomaş Pekhartın (43-cü dəqiqə) qolları ilə məğlub. Maraqlıdır ki, cari mövsüm “Qarabağ”la oyun “Leqiya”nın evdə keçirəcəyi dördüncü avrokubok matçı olacaq.

“Leqiya” hazırda Polşa çempionatında keçirdiyi dörd oyundan sonra altı xal toplayıb və VII sırada qərarlaşıb. Heç vaxt Azərbaycan klubları ilə qarşılaşmamış “Leqiya”nın heyətində “Seltik” və “Fiorentina”nın 40 yaşlı sabiq qapıçısının olması diqqət çəkir. Heyətdə Xorvatiya, Gürcüstan, Ekvador, Portuqaliya, Qvineya, Serbiya, Fransa, Monteneqro, İspaniya və Braziliyadan legionerlər var.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri