29 
Dek
2020
18:47
423
29
4155
Virtual karabakh

İlqar Rəhimov: “Döyüşdə zəfər qazanan igidlərimiz idmanda da bayrağımızı zirvələrə ucaldacaq” - MÜSAHİBƏ

29 Dek, 2020
18:47
4155

İlqar Rəhimov: “Döyüşdə zəfər qazanan igidlərimiz idmanda da bayrağımızı zirvələrə ucaldacaq” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun ilin yekunları ilə bağlı müsahibəsi.

– 2020-ci ildə bütün dünya üçün xoşagəlməz hadisələr baş verdi. Hamının səbirsizliklə gözlədiyi Yay Olimpiya və Paralimpiya Oyunları təxirə salındı. Ümumiyyətlə geridə qoyduğumuz ili necə qiymətləndirirsiniz və Komitənin gələcək planları barədə nə deyə bilərsiniz?

– İnsanın həyatında həm sevinc dolu, həm də kədərli günlər olur. Bütün baş verən hadisələri qəbul edib həyatımıza davam etməliyik. Bəli, dünyada yayılmış pandemiyaya görə bəzi gündəlik vərdişlərimizdən müvəqqəti imtina etməli olduq. Dövlətimiz tərəfindən də müəyyən məhdudlaşdırıcı tədbirlər aparıldı, lakin bunun hamısı vətəndaşların sağlamlığının qorunması üçün edilir. Dövlət tərəfindən vaxtında atılan doğru addımlar infeksiyanın geniş yayılmasının qarşısını aldı. Bir çox insanın 2020-ci il ilə bağlı neqativ fikirləri formalaşıb, lakin araşdıranda görünür ki, əslində bu belə deyil, Azərbaycan xalqı üçün 2020-ci il tarixə qızıl hərflərlə yazıldı. Məhz bu il rəşadətli Azərbaycan Ordusu 30 illik Qarabağ həsrətinə son qoydu, Azərbaycan növbəti dəfə siyasi arenada və döyüş meydanında zəfər çaldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Rəşadətli Ordumuza bizə bəxş etdikləri qələbə sevincinə görə Paralimpiya ailəsi adından dərin təşəkkürümü bildirirəm!

İdmanla da bağlı bu il nailiyyətlərimiz olub. Lakin təəssüflər olsun ki, pandemiyaya görə bir çox beynəlxalq yarışlar eləcə də dörd il səbirsizliklə gözlədiyimiz Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunları təxirə salındı. XVI Yay Paralimpiya Oyunlarına var-gücümüz ilə hazırlaşırdıq və artıq dörd idman növündə doqquz lisenziya qazanmışdıq. Atletika üç, üzgüçülük üç, güllə atıcılığı iki, pauerliftinq idman növündən isə bir lisenziya qazanılıb, ümümi gözləntilərimiz isə yeddi idman növündən 33 lisenziya idi. Həmin idman növləri arasında ilk dəfə olaraq para-taekvandoçuların da gələn il iştirakı gözlənilir. Cüdo idman növü üzrə qadınlardan ibarət milli komandamız bütün çəki dərəcələrində təmsil oluna bilər. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə may ayında Bakıda keçirilməsi nəzərdə tutulan Qran-Pri yarışını 2021-ci ilin may ayına qədər təxirə saldıq.

Qran-Priyə demək olar ki, tam hazır idik və bu səbəbdən yarışın təxirə salınması bizə çox böyük maddi ziyan vurdu. Pandemiyaya görə bu il paralimpiyaçılarımız cəmi iki beynəlxalq və bir yerli yarışda iştirak edə bildi. Kamandan oxatma idman növü üzrə milli komandamız Bakıda “Birlik kuboku” və BƏƏ-nin Dubay şəhərində keçirilən reytinq turnirində iştirak ediblər. Pauerliftinqçilərimiz isə Böyük Britaniyanın Mançester şəhərində keçirilən Dünya Kubokundan Vətənə bir qızıl medal ilə qayıtdılar. Bütün çətinliklərə baxmayaraq, idmançılarımız ruhdan düşmədi, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qaydalarına riayət edərək məşqlərinə davam etdilər. İlin əvvəlindən Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə atletika, cüdo, üzgüçülük, pauerliftinq, para-taekvondo, güllə atıcılığı, kamandan oxatma, paravelosiped, qılıncoynatma, boççia, qolbol idman növləri üzrə milli komandaları açıq hava şəraitində ümumilikdə 9 təlim-məşq toplanışında iştirak edib. Hər keçirilən təlim-məşq toplanışında 100-ə yaxın paralimpiyaçı iştirak edirdi. 

Çətinliklərə baxmayaraq, idman növləri üzrə baş məşqçilər təlim-məşqlərin səmərəli keçirilməsi, idmançıların formada qalmaqları üçün xüsusi proqramlar hazırladılar. İdmançılarımız farmakoloji vasitələrlə tam təmin olunublar. Qarşıda gələn il üçün artıq fəaliyyət proqramımızı hazırlamışıq. Hədəfimiz “Tokio 2020” Yay Paralimpiya Oyunlarıdır. İdmançılarımızın 2021-ci ildə təlim-məşq, yerli və beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır. Əminik ki, qarşımıza qoyduğumuz məqsədləri yerinə yetirib, şanlı bayrağımızı beynəlxalq arenalarda zirvələrə qaldırıb xalqımızı sevindirəcəyik. İdmanla yanaşı digər istiqamətlərdə də işlərimizi davam etdiririk. Yerli və beynəlxalq əlaqələrimizin genişləndirilməsi də prioritet məsələlərdən hesab edilir. Ölkəmizdə fəaliyyət göstərən bir çox səfirlik və beynəlxalq təşkilatlarla sıx əlaqədə işləyirik. Bunun nəticəsi olaraq fevral ayında Yaponiyanın Şika şəhərinin meriyası ilə MPK arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən paralimpiyaçılarımızın “Tokio 2020” Oyunlarına qatılması ərəfəsində Şika şəhərində hazırlıq keçmələri barədə razılıq əldə edilib.

Uşaq Paralimpiya hərəkatının ölkəmizdə inkişaf etdirilməsi məqsədilə bir çox işlər görülür. Yarandığı gündən yüzlərə fiziki məhdudiyyətli uşaqları ətrafımızda toplaya bilmişik və bu çox sevindirici haldır ki, övladlarını cəmiyyətdən gizlədən valideynlər bu gün artıq özləri bizə müraciət etməyə başlayıb. Hesab edirəm ki, bu bizim ən böyük qələbəmizdir. Uşaq paralimpiyaçıları ilə əlaqələrin möhkəmləndirilməsi, uşaq paralimpiyasına daha çox idmançı cəlb etmək və bu hərəkatda valideynlərin daha yaxından iştirakını təmin etmək məqsədilə “Valideyn klubu”nu yaratmışıq. İdmanın hər növü üzrə iki və ya üç valideynin daxil olduğu klubun fəaliyyəti uşaqların asudə vaxtlarının, hər növ sosial tədbirlərin və idman yarışlarının təşkilindən ibarətdir. 

2020-ci ildə Lənkəran və Qusarda Uşaq Paralimpiya Komitəsinin regional bölmələri yaradılıb və bununla bölmələrin sayı artıq beşə çatıb. Növbəti ildən etibarən Qusar rayon İcra Hakimiyyəti, Şahdağ Turizm Mərkəzi, UNICEF və MPK-nin təşkilatçılığı ilə Qusarda əlilliyi olan uşaqların qış idman növü məşğul olmaları üçün işlər aparılacaq. Komitə idmanla yanaşı digər layihələrlə də işlərini davam etdirir. Abilimpiya hərəkatı və müyəssərliklə bağlı gələn il məhsuldar işlərimiz olacaq. Eləcə də Komitə 2021-ci ildə 25 illik yubileyini qeyd edir. Bu istiqəmətdə də hal-hazırda işlərimizi davam etdiririk. MPK, ümumiyyətlə ölkəmizdə paralimpiya hərəkatı bu 25 ildə böyük inkişaf yolundan keçib. Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) sabiq prezidenti Fil Kreyven 2016-cı ildə MPK-nin 20 illik yubileyində iştirak edərkən vurğulamışdır ki, Paralimpiya hərəkatına qoşulmuş ölkələr arasında Azərbaycan yeganə ölkədir ki, qısa bir zamanda yüksək nailiyyətlər əldə etməyə bacarıb və idmanla yanaşı digər sosial layihələrlə məşğul olur.

– Zəhmət olmasa Abilimpiya və müyəssərliklə bağlı 2020-ci il üçün görülmüş işlər və gələcək planlar barədə məlumat verərdiniz.

– Qeyd etməliyəm ki, Azərbaycanda əlillərlə bağlı sosial proqramlara böyük diqqət və qayğı göstərilir. Bu sahədə dövlət tərəfindən böyük imkanlar yaradılıb. Qeyri- hökumət təşkilatlarının da bu sahədə aktiv olmaları, beynəlxalq təcrübədən istifadə etmələri çox vacibdir. Bu səbəbdən ölkəmizdə Abilimpiya hərəkatının inkişafı üçün hazırlıqlar görməyə başladıq. MPK-nin Beynəlxalq Abilimpiya Federasiyası ilə əlaqələrinin qurulması üçün cari ilin fevral ayında Komitə nümayəndəsi R.Hacılını Yaponiyaya ezam etdim. Aparılan danışıqların nəticəsi olaraq mart ayında BAF-ın ümumi yığıncağı keçirilib və MPK-nin BAF-a üzv seçilməsi yekdilliklə qəbul edilib. Ölkəmizdə Abilimpiya hərəkatının daha da inkişaf etdirmək məqsədilə Milli Abilimpiya Federasiyasının yaradılmasını gündəmə gətirdik. Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası oktyabrın 5-də dövlət qeydiyyatından keçdi, 2 dekabr tarixində BAF-a üzv seçildi və həmin gün UNICEF-in Azərbaycan nümayəndəliyi ilə anlaşma memorandumu imzalandı. 

UNICEF ilə qurulan əlaqələr uşaqların Abilimpiya hərəkatına cəlb olunmasında böyük rol oynayacaq. Federasiya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzi, Gənclər və İdman Nazirliyi, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Sosial Təşəbbüslər Mərkəzi və Təhsil Nazirliyinin peşə-təhsil sistemi ilə sıx əməkdaşlıq edəcək. Abilimpiya hərəkatı vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünüməşğulluq proqlamlarında iştirak edəcəklər. Azərbaycanda Abilimpiya Hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, eyni zamanda özəl sektoru təmsil edən qurumlar da daxil olmaqla, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmək üçün işlər görüləcək. 2021-ci ildə Rusiyanın Moskva şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya Çempionatında ölkəmiz ilk dəfə iştirak edəcək. Milli komandanın formalaşdırılmasında ciddi işlər aparılacaq. Seleksiya işlərinin aparılması və yerli mütəxəssilərin hazırlanması üçün xaricdən ekspertləri də cəlb edəcəyik.

Onu da qeyd etmək istəyirəm ki, cari ilin iyun ayından “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” öz fəaliyyətinə başlayıb. Mərkəzin ekspertləri Rusiyanın “Ərazilərin ekoloji-sosial və innovativ inkişafı üzrə milli mərkəzi”nin seminarlarında iştirak edib və yekunda beynəlxalq sertifikatlarla təltif ediliblər. Mərkəzin ekspertləri müyəssərliyin təmin olunması məqsədilə bir neçə mühüm layihələrin hazırlanmasında iştirak ediblər – Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya İdman Mərkəzi, tikilməkdə olan Olimpiya Muzeyi, YARAT mərkəzi və “Xəzər” televiziya kanalında. Hal hazırda “KUTVAN GROUP” şirkəti ilə ölkəmizdə fəaliyyət göstərən bir neçə Türkiyə şirkət və müəssisələrində müyəssərliyin təmin olunması üçün layihələrin hazırlanmasında birgə işlər aparılır. 

– Yekun olaraq növbəti 2021-ci il üçün hansı işləri vurğulaya bilərsiniz?

– İlk növbədə hamını qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Xalqımıza cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Nəhayət ki, “Gələn ili Qarabağda keçirək” deməyəcəyik. Buna görə bir daha cənab Prezident İlham Əliyev və Azərbaycan Ordusuna təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, Vətən Müharibəsi zamanı sağlamlıq imkanlarını itirən şəxlər üçün Paralimpiya Komitəsinin qapıları hər zaman açıqdır. Döyüş meydanında şanlı bayrağımızı ucaldan igidlərimiz gələcəkdə idman vasitəsilə də üçrəngli bayrağımızı zirvələrə qaldıra biləcəklər və biz Komitə olaraq onların bu məsələdə hər zaman yanlarında olacağıq. İdman təşkilatı olaraq növbəti il qarşımızda “TOKIO 2020” Yay Paralimpiya Oyunlarıdır. İdmançılarımız Oyunlara çox ciddi hazırlaşır və əminik ki, hamımızı parlaq qələbələri ilə sevindirəcəklər. Daha öncə vurğuladığım kimi, digər layihələrdə də bizi çox məhsuldar il gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri