19 
Yan
2021
11:24
39
6
979
Virtual karabakh

2020-ci ildə dünyada futbolçu transferi zamanı iştirak edən məbləğ açıqlandı - HESABAT

FIFA transferlərlə bağlı hesabatında 2020-ci ildə futbol klublarının nə qədər oyunçu ilə anlaşdığını göstərib.

Oxu.Az xəbər verir ki, ötən il kişi futbolunda 17 077 transfer həyata keçirilib. Bu, 2019-cu illə müqayisədə 5,4 faiz azalma deməkdir. Transferdə azalmanın səbəbi COVID-19 pandemiyasıdır.

Transferlərdə rekord sayda klub – 187 üzv assosiasiyanın 4178 klubu iştirak edib. 180 fərqli millətin 14 432 futbolçusu transfer edilib.

2020-ci ildə klubların transfer əməliyyatları zamanı 5,63 milyard dollar pul xərcləyib. Halbuki 2019-cu ildə bu rəqəm 7,35 milyard dollara bərabər idi. 2020-ci ildəki göstərici yalnız 2016-cı ildəkindən (4,72 milyard dollar) yüksək olub.

Transfer edilən 7369 oyunçu 18-23 yaş aralığında olub. 35 yaşdan yuxarı 109 futbolçu transfer edilib.

Ən çox transfer edilən futbolçu milliyyətcə braziliyalılar olub – 2008 oyunçu. Bu siyahıda ikinci argentinalılar (899) və üçüncü Böyük Britaniyadan (817) olub.

Ən çox pul xərclənən futbolçular da Braziliyadan olub – 734 milyon dollar. İkinci ispaniyalılar (612,6 milyon) və üçüncü almaniyalılar (395,2 milyon) olub.

Ən çox transfer edən Braziliya klubları olub – 1015. Daha sonra Portuqaliya (755) və İngiltərə (698) olub. Türkiyə bu sırada yeddincidir (371). Başqa klublara futbolçu satmaqda isə birinci sırada İngiltərə (867), ikinci Braziliya (820) və üçüncü Portuqaliyadır (753).

Ən çox futbolçu transferi Braziliyadan Portuqaliyaya edilib (274). Portuqaliyadan Braziliyaya (254), İngiltərədən İspaniyaya (96) transfer keçidləri ilk üçlükdədir.

İspaniya klubları ötən il 785,7 milyon dollar transferlərdən qazanıb. İtaliya (582,6 milyon) və Portuqaliya (487,9 milyon) növbəti sıralardadır.

Transfer xərclərinin məbləği ən çox İspaniyadan İngiltərəyə keçidlər zamanı qeydə alınıb – 340,2 milyon dollar. Portuqaliyadan İngiltərəyə (261,7 milyon), Almaniyadan İngiltərəyə (244,7 milyon) transfer məbləğlərinin həcmi müvafiq olaraq ikinci və üçüncüdür. 

Qeyd edək ki, ötən il 2019-cu illə müqayisədə kişi futbolundan fərqli olaraq, qadın və həvəskar futbolda transferlərin sayı artıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri