Rövnəq Abdullayev: “Azərbaycan futbol ailəsinin 191 nəfər üzvü şəhidlik zirvəsinə ucalıb” - FOTO/VİDEO
Rövnəq Abdullayev: “Azərbaycan futbol ailəsinin 191 nəfər üzvü şəhidlik zirvəsinə ucalıb” - FOTO/VİDEO
Bu gün videokonfrans şəklində AFFA-nın növbəti konfransı olub.
Oxu.Az xəbər verir ki, 35 səs hüquqlu nümayəndənin 34 nəfəri konfransda iştirak edib və konfrans yetərsaya uyğun olaraq səlahiyyətli hesab olunub.
AFFA-nın prezidenti Rövnəq Abdullayev konfrans iştirakçılarını salamlayıb. O bildirib ki, AFFA-nın qeydiyyat sistemində qeydiyyatdan keçmiş Azərbaycan futbol ailəsinin 191 nəfər üzvü şəhidlik zirvəsinə ucalıb. Onlara Allahdan rəhmət arzulanıb.
AFFA prezidentinin salamlamasından sonra icraçı vitse-prezident Elxan Məmmədov məlumat verib ki, UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın konfransına videomüraciət ünvanlayıb və həmin müraciət nümayiş olunub. Sonra Elxan Məmmədov ötən il AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə hesabat xarakterli çıxış edib. Ardınca hesabat videoçarxı nümayiş olunub.
Sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı edib.
Elxan Məmmədov məlumat verib ki, Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərdə ekoloji vəziyyətə töhfə vermək, çempionatın futboldankənar uzunmüddətli irsinin saxlanılması ilə bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul etmişdi ki, ev sahibi şəhərlərdə 50 min ədəd ağac əkilsin. AFFA UEFA-nın bu təşəbbüsünü müsbət qarşılayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən müxtəlif yaşıllaşdırma idarələrinin ərazisində 50 600 ədəd ağac əkilib. Ağacların bir qismi Xocahəsən gölünün ətrafında, digər hissəsi isə hava limanı magistral yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında əkilib. Bununla bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonra AFFA-nın texniki direktoru Cahangir Həsənzadə çıxış edərək, gənclərdən ibarət milli komandaların hazırlıq prosesi və turnirləri barədə məlumat verib.
FIFA nümayəndəsi Nodar Axalkatsi öz çıxışında FIFA tərəfindən AFFA-nın konfransına ünvanlanmış fikirləri səsləndirib.
Səs hüquqlu konfrans nümayəndəsi Oqtay Abdullayev çıxış edərək Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində inşa olunmuş Futbol Akademiyasının istifadəyə verilməsi ilə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası keçirilib.