17 
Fev
2021
17:36
58
240
5511
Virtual karabakh

Koronavirusa yoluxduğu halda bayıra çıxmış masajçı danışdı: “Dərman almağa heç kimim yox idi” - FOTO

17 Fev, 2021
17:36
5511

Koronavirusa yoluxduğu halda bayıra çıxmış masajçı danışdı: “Dərman almağa heç kimim yox idi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Noyabrın 25-də koronavirusa yoluxmuşam, iki gün sonra test vermişəm, ayın 29-u isə testin cavabı pozitiv çıxıb. Özüm “Memar Əcəmi” ilə “20 Yanvar” metrostansiyaları arasındakı ərazidə yaşayıram. Güclü başağrılarım var idi. Baş ağrısı üçün mənə lazım olan həmin dərmanı şəhərdə heç yerdə tapa bilmirdim. Elə oldu ki, dekabrın 10-da Lökbatan dairəsi tərəfdə bir nəfərdən o dərmanı götürməyə getdim”.

Bunu Oxu.Az-a qadınlardan ibarət voleybol millimizin və “Azərreyl” klubunun masajçısı Natalya Litovçenko deyib.

O, ötən ilin sonlarında koronavirusa yoluxduğu halda bayıra çıxıb. Bu səbəbdən də ona Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb.

Keçmiş voleybolçu olan Litovçenko bu barədə danışarkən bildirib ki, yaxınlarından heç kimin o dərmanı götürmək imkanı olmayıb və buna görə də özü bayıra çıxıb:

“Dərman üçün heç kimi göndərməyə imkanım yox idi. Çünki mənim Bakıda valideyn və qohumlarım yoxdur. Valideynlərim dünyasını dəyişib, qohumlarım isə Azərbaycandan köçüb. Ərimlə isə birgə yaşamıram. Bu səbəbdən də özüm dekabrın 10-da bayıra dərman almağa çıxmışam.

Həmin gün qeyri-rəsmi də olsa, xəstəliyimdən 14 gün keçmişdi. Ona görə düşündüm ki, heç kimə virus yoluxdurmayacağam. Çünki özüm çox məsuliyyətli insanam. Ora öz maşınımda getmişəm, heç kimlə kontaktda olmamışam.

Polis məni telefonumdakı geolokasiya ilə izləyib tapıb. Çünki mən TƏBİB-in sistemində qeydiyyatda idim. Amma mətbuatda yazıldığı kimi məni heç bir polis əməkdaşı saxlamayıb. Mənə zəng vurub açılmış cinayət işi ilə bağlı Nəsimi Rayon Polis Bölməsinə gəlməyi deyiblər. Onda bilmişəm ki, mənə cinayət işi açılıb. Orada da bayıra çıxdığımı gizlətməmişəm”.

Natalya Litovçenko onu da bildirib ki, etdiyi hərəkətdən peşmandır:

“Çox pis oluram ki, mənim üçün karantinin müddətinin bitmə tarixi olan dekabrın 14-nü gözləməmişəm. Prezidentimizə və onun qərarlarına hörmətlə yanaşıram. Çox təəssüflənirəm ki, belə bir şey baş verib. Bu mənə böyük dərs olacaq.

10 ildir ki, Azərbaycan Voleybol Federasiyası və “Azərreyl” klubunda işləyirəm. Hamı məni çox yaxşı insan və işçi kimi tanıyır. Ümid edirəm ki, məhkəmə mənim cəzamı yüngülləşdirəcək. Martın 3-də Nəsimi Rayon Məhkəməsində bu iş üzrə hazırlıq prosesi olacaq”.

Qeyd edək ki, həmin maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - 2 500 manatdan 5 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri