16 
Mar
2021
15:35
221
11
2593
Virtual karabakh

Faiq Qarayev: “İdmançı üçün məşqsiz, yarışsız qalmaq çox çətindir” - MÜSAHİBƏ

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayevin Oxu.Az saytına müsahibəsi

- Üç il öncə bizimlə görüşünüz zamanı demişdiniz ki, aritmiyanız var. Yaxınlarda Türkiyəyə getməyinizin səbəbi bununla bağlı idi?

- Bəli, Türkiyəyə müayinə üçün getmişdim. Şükürlər olsun ki, hər şey qaydasındadır. Həkimlərin tapşırığına əməl etmək ən əsas öz sağlamlığımız üçün çox vacibdir. Buna görə də ildə bir neçə dəfə müayinə olunmaq lazımdır.

- Sizi nə vaxt iş başında görə bilərik?

- Hazırda koronavirus pandemiyası səbəbindən dünya idmanı çətin anlar yaşayır. Təxminən bir il öncə başlayan infeksiya nəticəsində idman zallarının qapısı bağlı, bir sıra idman növləri yarışsız, məşqsiz, azarkeşsiz qalıb. Azərbaycan hər zaman idman ölkəsi olub. Amma bu gün COVID-19 səbəbindən idmançılarımız üçün çətin bir dövrdür. Demək olar ki, hər kəs artıq onlayn sistemdən istifadə edərək işlərini davam etdirməyə çalışır. Buna baxmayaraq, idman elə bir sahədir ki, burada onlayn iş aparmaq qeyri-mümkündür.

Nazirlər Kabinetinin qərarı ilə yay aylarında açıq havada idman yarışlarına və məşqlərə icazə verildi. Biz də həmin ərəfədə təlim-məşq toplanışları və fiziki məşqlər təşkil etdik. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qadınlardan ibarət milli komandamız Türkiyədə, kişilərdən ibarət yığmamız Qusarda təlim-məşq toplanışı keçdi. Gənclərdən ibarət milli komandalarımız, Bakıya döndükdən sonra isə əsas yığmalarımız demək olar ki, hər gün Su İdmanı Sarayındakı çimərlik voleybolu üçün meydançalarda məşqlərini keçirdilər.

Hər kəs bilir ki, voleybol qapalı məkanda, komanda şəklində keçirilən idman növüdür. Yay aylarından sonra ölkəmizdə qapalı məkanlarda idman yarışları və məşqlərin keçirilməsi üçün icazə olmadığından, biz işimizi onlayn davam etdirməyə başladıq. Məşqlər hər gün bu formada idmançılara fiziki məşqçilər tərəfindən keçirilir, həkimlərimiz oyunçularımızın sağlamlığını hər an nəzarətdə saxlayır. Artıq hava şəraiti imkan verdikcə açıq havada da qaydalara əməl etmək şərti ilə məşqlər etmək lazımdır. Çünki fiziki hazırlıq idmançı üçün çox vacibdir. Bütün bu çətinliklərə baxmayaraq, biz hər zaman işimizin başındayıq.

- Federasiya pandemiya şəraitində beynəlxalq qurumlarla əməkdaşlığı hansı formada həyata keçirir?

- Karantinin ilk günlərindən bu günə kimi məşqçilər, həkimlər, klub rəhbərləri və AVF-nin işçiləri ilə tez-tez videokonfranslarımız olur. Öz konfranslarımızla bərabər, pandemiya səbəbindən iclasları və görüşləri onlayn şəklində təşkil olunan CEV (Avropa Voleybol Konfederasiyası) və FIVB-nin (Beynəlxalq Voleybol Federasiyası) videokonfranslarında da iştirak edir və voleybol yeniliklərini yaxından izləyirik. Bir qədər əvvəl də qeyd etdiyim kimi, hazırda dünya idmanı üçün çətin dönəmdir. Hər kəs kimi biz də tam şəkildə işimizə davam etmək istəyirik. İdmançı üçün məşqsiz, yarışsız qalmaq çox çətindir. İnanıram ki, yaxın zamanda ölkə olaraq biz bu virusa qalib gələcəyik və öz işimizi tam şəkildə həyata keçirəcəyik.

- Azərbaycan bir ildir voleybolsuz qalıb. Cari mövsüm ölkə çempionatları da keçirilmədi. Buna münasibətinizi öyrənmək istədim...

 - Azərbaycan Voleybol Federasiyası hər il ölkə çempionatı, I Liqa yarışları, həvəskarlar liqası və bir çox yarışlar keçirirdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 14 mart tarixli qərarına əsasən həmin tarixdən etibarən idman zallarının da fəaliyyəti dayandırıldı və digər federasiyalar kimi biz də məşqlərimizi və yarışlarımızı təxirə saldıq. Daha sonra isə ölkədə karantin rejimi uzadıldı və biz çempionatlarımızı sona çatdıra bilmədik. Bu il isə koronavirus pandemiyası səbəbindən qapalı məkanda məşq etməyə qadağaların tətbiqi voleybolçuların hazırlıq keçməsi və yarışların təşkilinə imkan vermədi. Buna görə də 2020/21 mövsümündə kişi və qadınlar arasında ölkə çempionatı, həmçinin I liqa yarışları baş tutmadı.

- Kişi millimizi 7-16 may tarixlərində seçmə mərhələ oyunları gözləyir. Bu oyunlara hazırlaşmaq üçün hansı addımlar atmağı düşünürsünüz? 

- Artıq federasiya qapalı məkanda məşqlərin keçirilməsinə icazə verilməsi üçün Gənclər və İdman Nazirliyinə müraciət edib. Nazirlik öz növbəsində Operativ Qərargaha təkliflər planı təqdim edib. İnanıram ki, yaxın zamanda qapalı məkanlarda məşqlərin və yarışların keçirilməsi üçün icazə veriləcək və biz qarşıdakı çempionatlarımızı, məşqlərimizi hər zamankı kimi yüksək səviyyədə təşkil edəcək və keçirə biləcəyik.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri