13 
Apr
2021
19:00
289
7
3296
Virtual karabakh

Dördillik sanksiyadan sonra medal qazanan idmançımız: “Ağırlığı sinəmə qaldıranda başım dönürdü”

Rusiyanın paytaxtı Moskvada keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında bir böyük bürünc və bir kiçik qızıl medal (birdən qaldırma hərəkətində) qazanmış Dadaş Dadaşbəylinin Oxu.Az-a müsahibəsini təqdim edirik.

– Böyüklər arasında Avropa çempionatında ilk dəfə iştirak edirdiniz. İlk dəfədən iki medal qazandınız. Təəssüratınızı öyrənmək istəyirdim...

– Həqiqətən də böyüklər arasında dünya çempionatında iştirak etsəm də, heç vaxt Avropa birinciliyində iştirak etməmişdim. Əvvəllər gənclər arasında Avropa çempionu, yeniyetmələr üzrə Avropa ikincisi olmuşdum. Bu dəfə böyüklərdə Avropa üçüncüsü oldum. Təəssüratlarım əladır. Çox sevincliyəm.

– Düzünü desək, medal qazanacağınızı gözləyirdiniz?

– Açığı, yox. Pandemiyadan sonra qısa müddətdə hazırlaşıb, belə nəticə əldə edəcəyimizi, fəxri kürsüyə qalxacağımızı gözləmirdim. Əlbəttə ki, qısa müddətdə bu nəticə qazanmaq gözəl məşqçi işinin nəticəsidir. Mənim üçün çox qürurverici andır. Beş ildir ki, mən idman arenalarından uzaq idim. Dizimdən ağır əməliyyat olunmuşdum. Azərbaycanda çoxları artıq mənim idmanı buraxdığımı düşünürdü. Dörd illik dopinq sanksiyası, ardından tibbi əməliyyat və pandemiya vaxtı qapalı zalların bağlı olmasına baxmayaraq, medal qazandım.

– Bu yarışda siz hətta gümüş medal da qazana bilərdiniz. Təkanla qaldırma zamanı üçüncü cəhddə gərək 210 kq-ın əvəzinə 207 kq-ı yenidən qaldırmağa cəhd edərdiniz...

– Düz qeyd edirsiniz ki, gümüş medal da qazana bilərdim. Amma qızıl medal qazanmaq üçün riskə getdik. İkinci cəhddə ağırlığı sinə nahiyəmə qaldıranda başım dönürdü. Bu da çəki salmağımla bağlı idi.

– 102 kq-da Əliş Nəzərov da iştirak edirdi. Eyni çəkidə iki idmançımızın Avropa çempionatına aparılması nəyə hesablanmış addım idi?

– Çünki Əliş məndən əvvəl altı lisenziya yarışında iştirak etmişdi. Ona görə də bu yarış ona Olimpiadaya lisenziya qazanmaq baxımından lazım idi (Əliş Nəzərov hazırda reytinqdə 31-cidir – S.M.).

– 24 yaşınız var. Olimpiya Oyunlarında iştirakınız mümkünsüzdür. İndi hansı yarışa köklənəcəksiniz?

– Bəli, diskvalifikasiyaya və dizimdəki zədəyə görə ilk lisenziya xalları verən altı yarışı buraxmışam və ona görə reytinqdə çox geridəyəm. Bu il əsas hədəfim noyabrda Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında medal qazanmaqdır. Dünya çempionatlarında heç vaxt medal qazanmamışam. Ona görə də əsas hədəfim orada medal qazanmaq olacaq. Həmçinin, bu yarışdan əvvəl sentyabrda Konyada V İslam Həmrəylik Oyunları keçirilməlidir. 2017-ci ildə Bakıda keçirilmiş İslamiadada dopinq sanksiyasına görə iştirak edə bilməmişdim. Ona görə bu yarışda da medal qazanmaq istəyirəm.

– Üç il sonra keçiriləcək Olimpiada ilə bağlı arzunuz necədir?

– Mən həmin Olimpiadada iştirak etməyi və medal qazanmağı çox istəyirəm. Olimpiadada yeganə medalımızı 2012-ci ildə Londonda Valentin Xristov qazanıb (lakin 2019-cu ildə o, dopinqdən istifadəyə görə həmin bürünc medaldan məhrum edilib – S.M.). Ancaq o, Bolqarıstandan olan legioner olub. İstəyirəm ki, bir azərbaycanlı da ağırlıqqaldırmada Olimpiadanın medalını qazansın.

– Son olaraq, soruşmaq istəyirəm. Dopinqdən istifadəyə görə sanksiya sizi nə dərəcədə geri saldı və ən böyük zərəri sizə nə oldu?

– 2015-ci ildə o vaxtkı polşalı baş məşqçimiz Miroslav Xoroşun səhvi nəticəsində dörd il dopinqdən istifadəyə görə cəzalandırıldım və 2016-2020-ci illərdəki yarışları buraxdım. Ən gözəl parlayan vaxtımda ona görə idmandan kənar qaldım. Bunun mənə ən böyük zərəri öz ölkəmdə keçirilən İslamiadada iştirak edə bilməməyim oldu. Halbuki orada real çempion ola bilərdim. Hətta 2016-cı il Rio Olimpiadasında fəxri kürsüyə çıxmağa əsas namizədlərdən sayılırdım. Amma məşqçilərim – Şəmsi Səfərli, Nizami Paşayev, Asif Məmmədovun təkidi ilə toparlana bildim və Avropa çempionatında bürünc medal qazandım.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri