12 
Apr
2021
18:43
281
21
5083
Virtual karabakh

AFFA-nın sabiq baş katibi: “Bir futbolçumuz da Avropanın elit komandasında çıxış etmir”

12 Apr, 2021
18:43
5083

AFFA-nın sabiq baş katibi: “Bir futbolçumuz da Avropanın elit komandasında çıxış etmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin sabiq qapıçısı, futbol şərhçisi və AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılovun bu gün 86 yaşı tamam olur.

Oxu.Az bu münasibətlə ondan müsahibə götürüb.

– Ad gününüzü təbrik edirik.

– Çox sağ olun. Minnətdaram.

– Sizi zəng edib, yada salanlar, təbrik edənlər çoxdurmu?

– Zəng edirlər. Millimizin məşqçisi Arif Əsədov, AFFA-dan Ramiz Mustafayev, AzTV-dən Fikrət Adıgözəlli zəng edərək təbrik edib. ARB telekanalında mənim haqda çəkilmiş 45 dəqiqəlik “Futbol – sevincim mənim” filminin rejissoru Aydan xanım zəng edib. Hələ zənglər çox olacaq. AFFA-da birgə işlədiyimiz, əməkdar məşqçi Aleksandr Yampolski də mənə yaşadığı Almaniyadan zəng vurub. Ad günüm Kosmonavtika Günü ilə eyni günə təsadüf etdiyindən, çox adamın yadında qalır (gülür).

– Çempionat oyunlarını izləyirsiniz?

– Çempionat çox zəifdir. Mənim sevimli komandam “Neftçi” düzəlmir ki, düzəlmir. “Neftçi”ni bir ilə düzəltmək çətin məsələdir. Sovet vaxtı deyirdilər ki, formaca milli, məzmunca sosialist. Yəni deyirdilər ki, sosializmə xidmət et, amma futbolçuların öz millətindən olsun. “Neftçi”də millilik yoxdur. İndi qılıncoynatma, ağırlıqqaldırmada son günlər qazandığımız medallar məni sevindirir, çünki öz uşaqlarımızdır. Ümumiyyətlə, bütün idman növlərini diqqətlə izləyirəm. Təəssüflər olsun ki, ağır atletika üzrə Avropa çempionatı başa çatdı, baxırdım.

– Milli komandamızın oyunları ilə bağlı nə deyə bilərsiniz?

– Mən heç kimi günahlandırmıram. Səkkiz komandalı çempionatımız var. Millidə oynayanların 40 faizi legionerlərdir (Şahruddin Məhəmmədəliyev, Bədəvi Hüseynov, Rəhim Sadıqov, Aleksey İsayev, Aleksandr Krivotsyuku nəzərdə tutur – S.M.). Yığmada biz özümüz yetişdirdiyimiz futbolçular oynamalıdır. Təsəvvür edin ki, bir nəfər futbolçumuz da Avropanın elit komandasında çıxış etmir. Ən yaxşı halda Gürcüstanda və ya Türkiyənin I divizionunda oynayırlar. 

– Ad gününüzə qayıdaq. Necə qeyd edəcəksiniz?

– Həyat yoldaşım və uşaqlarımla qeyd edirəm. Ümumiyyətlə, ad günü keçirməyi sevmirəm. Yalnız sovet vaxtında dost-tanışlarla qeyd edirdim. Bircə 80 illiyimi kiçik oğlumun təkidi ilə təmtəraqlı keçirmişik. O, təşkil etmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri