16 
Apr
2021
16:42
88
71
2453
Virtual karabakh

“Yeni əsrin idman növünün gələcəyi böyükdür” - FOTO

16 Apr, 2021
16:42
2453

“Yeni əsrin idman növünün gələcəyi böyükdür” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə kiberidman üzrə yarışlar təşkil edən “Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov Oxu.Az saytına müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

Adil bəy, kiberidman yarışları son dövrlər çox böyük populyarlıq qazanıb. Sizcə bunun əsas səbəbi nədir?

Kiberidman yarışları son illərdə bütün dünyada populyardır. Xüsusilə gənclər asudə vaxtlarını kiberidman yarışlarında iştirak etməklə keçirirlər. Peşəkar idmanda olduğu kimi kiberidmanda da məşq edirlər, hazırlaşırlar. Fərq yalnız mübarizənin virtual şəkildə baş tutmasıdır. Ötən il bütün dünyada pandemiya ilə yadda qaldı. Karantində idman yarışları təxirə salındığı zaman kiberidman üzrə turnirlər öz axarıyla keçirildi. Tarixən insanlar kompüter oyunlarına böyük maraq göstərib. İndi bu oyunlarda həm də maddi baxımdan qazanc əldə etmək mümkündür.

Kiberidman kompüter oyunudur demək düzgündü?

Kiberidman Azərbaycanda idman növü kimi rəsmən təsdiqlənib. Buna görə kiberidman adi kompüter oyunu deyil. Bu peşəkar səviyyədə virtual idman yarışıdır. Amma bizim kompüter avadanlığımız peşəkar səviyyədədir. Bu adi kompüter salonlarında gördüyünüz qurğulardan deyil. Kiberidman üzrə milli və beynəlxalq yarışlar təşkil olunur. Bu artıq idmanın bir növünə çevrilib.

Peşəkar idmanda olduğu kimi bizim yarışlarda da xüsusi nəzarət edən şəxslər - hakimlər olur.

Kiberidman son illər dünyada böyük uğurlar qazanıb. 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib. Hətta gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına əlavə olunacağıyla bağlı müzakirələr var.

Rəhbəri olduğunuz “Gaming League Azerbaijan”ın başlıca məqsədi nədən ibarətdir?

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən “Gaming League Azerbaijan” bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Məhz buna görə, kompüter oyunları üzrə Milli Çempionatlar təşkil olunur.

Ordumuzun Vətən müharibəsində tarixi qələbəsindən sonra biz “Xarı Bülbül” adlı beynəlxalq yarış keçirdik. Səkkiz ölkənin iştirak etməsinə baxmayaraq, bu turnir ölkə xaricində böyük maraqla qarşılandı. Xarici federasiyalar yarışın adının niyə məhz “Xarı Bülbül” adlandırıldığını soruşurdular. Kiberidman həm də idmanın bu növündə təbliğatımızdır. Martda “Nizami ili”nə həsr olunan “Xəmsə” adlı beynəlxalq yarış keçirildi. Bütün iştirakçı ölkələr Azərbaycanda “Nizami ili”nin qeyd olunduğunu öyrəndi.

Kompüter oyunlarının insana zərərli olduğu deyilir. Bu fikirlə razısınız?

Artıq içiləndə su belə zərərli ola bilər. Bu mənada normal qaydada kompüter oyunlarından istifadə etmək ziyanlı deyil. Bu yolla gələcəkdə beynəlxalq arenada ölkənizi təmsil etmək hüququ qazanırsan. Kiberidman artıq milyonlarla insanın həyat tərzinə çevrilib. Digər sahələrdə olduğu kimi insanlar kiberidman vasitəsi ilə də karyera yüksəlişinə nail ola bilir. Dünya praktikasında kiberidman ali məktəblərdə tədris olunur.

Kiberidmanda belə böyük məbləğin olması təəccüblü deyil?

Cavid Qurbanovun keçdiyi GMT Esports klubu “Qız Qalasının keşikçiləri” adlanır. 25 min manat bizim kiberidmanımız üçün böyük məbləğdir. Amma Avropada daha böyük transferlər olur. Artıq kiberidman futbol və digər növlərdə olduğu kimi transferlərlə gündəmə gəlir. Klublar güclü qeymer-oyunçularla müqavilə imzalayır. Bizim təşkilat mütəmadi olaraq gənclərə dəstək məqsədi ilə turnirlər keçirir. Özünü yaxşı göstərən qeymerlərlə peşəkar müqavilə imzalanır, onların inkişafına şərait yaradılır. Kiberidman həm də gənclərin asudə vaxtının səmərəli keçirilməsində yardımçı olur. Pis vərdişlərlə məşğul olmurlar. 3-4 il əvvəl oyunçular başqa ölkələrdəki yarışlarla maraqlanırdı. İndi artıq öz təşkilatımız və milli liqalarımız var.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri