12 
May
2021
14:30
164
34
1558
Virtual karabakh

Nağı Səfərov: “Mən hətta həyəcandan döyüşlərə baxa bilmirdim” - FOTO

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa Təsnifat Turnirindən qayıdan parataekvondoçularla görüş keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və Nəzarət-Təftiş Komitəsinin sədri Vüqar Məmmədov milli üzvlərini təbrik edib.

N.Səfərov bildirib ki, pandemiya dövründə yarışa yollanan dörd idmançının hər birinin Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanması böyük nailiyyətdir: “Son – Rio-de-Janeyro Olimpiadasında yeganə qızıl medalı taekvondoda əldə etmişdik. İndi bu idman növü ilə yanaşı, hədəfimiz parataekvondoçularımızı da dünyada ən güclü görməkdir. Koronavirus pandemiyasının çətinliyinə baxmayaraq, qəhrəmanlıq göstərdiniz. Bütün dünyaya sübut etdiniz ki, çətinliklərə baxmayaraq, güclüsünüz. Mən yarışın gedişində hətta həyəcandan döyüşlərə baxa bilmirdim. Düzdür, sonra izlədim. Bəzilərinizdə xal fərqində o qədər öndəydiniz ki, rəqibin sizə çatması mümkünsüz idi. Aynurun görüşü daha gərgin alındı. Lisenziyanı qızıl xalla qazandı. Bu dörd lisenziya ilə sübut etdiniz ki, istənilən yarışda qələbə qazanmaq mümkündür. Biz Sofiyaya dörd parataekvondoçu ilə deyil, yeddi nəfərlə də getsəydik, inanırdım ki, hər biri vəsiqə qazanacaqdı. Düzdür, sizdən öncə Olimpiya çempionumuz Radik İsayevin çıxışı hər birimizi məyus etdi. Amma onun uğursuzluğu fonunda siz böyük uğura imza atdınız”.

Onun sözlərinə görə, artıq əsas istək bu uğuru Paralimpiadada davam etdirməkdir: “Bu, birinci mərhələdir. Əsas məqsəd Paralimpiadadır. İnanırıq ki, Bolqarıstanda göstərdiyiniz döyüşləri Tokioda da göstərəcəksiniz və himnimizi səsləndirərək, vətənə medallarla qayıdacaqsınız”.

N.Paşayev qeyd edib ki, lisenziya yarışında hər bir təmsilçimizin vəsiqə qazanması böyük nailiyyətdir: “Mən Sofiyada parataekvondoçularımızın üzünə baxdıqda, onların gözlərindəki istəyi gördükdə, hər biri ilə fəxr etdim. Hiss olunurdu ki, bütün çətinlikləri arxada qoyublar. Həmin vaxt dedim ki, bunların hər biri lisenziya qazanacaq. Siz də ümidləri doğrultdunuz”.

V.Məmmədov da iştirakçıları qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib və bildirib ki, parataekvondoçularımız Tokioda da adlarından söz etdirmək gücündədirlər. Yığmanın baş məşqçisi Fərid Tağızadə bildirib ki, Paralimpiadada hər çəki dərəcəsində 12 rəqib olacaq və çempionluq üçün üç qələbə qazanmaq lazımdır: “Türkiyə, Rusiya və Monqolustan yarışa çox ciddi hazırlaşır və fikrimcə, əsas rəqiblərimiz sırasında digərlərindən fərqlənirlər. Amma bizim də daha yaxşı forma yığıb, inamlı çıxış edəcəyimizə əminəm. Bu yolda bizə dəstək olan federasiyaya təşəkkür edirəm. Çünki qazandığımız uğur tək bizim deyil, taekvondo ailəsinindir”.

Qeyd edək ki, parataekvondo üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Paralimpiya Oyunlarına Sofiyada maksimum – dörd lisenziya qazanıb. Təmsilçilərimizdən Əbülfəz Abuzərli (K-44, -75 kq), İmaməddin Xəlilov (K-44, -61 kq), Röyalə Fətəliyeva (K-44, -49 kq) və Aynur Məmmədova (K-44, + 58 kq) avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququna yiyələnib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri