16 
May
2021
00:01
336
125
5442
Virtual karabakh

Türkiyə Superliqasında nəfəskəsən çempionluq yarışını “Beşiktaş” qazandı

16 May, 2021
00:01
5442

Türkiyə Superliqasında nəfəskəsən çempionluq yarışını “Beşiktaş” qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Oxu.Az xəbər verir ki, son tura, hətta son dəqiqəyə qədər davam edən çempionluq yarışında qalib “Beşiktaş” olub.

Ümumiyyətlə, son oyun günü qızıl medallarla yanaşı, həm də digər mükafatçıların sahiblərini də müəyyənləşdirib.

Maraqlıdır ki, üç İstanbul nəhəngi “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” son ana qədər qızıl medallara iddia edirdi. Bu səbəbdən eyni saatda start götürən axırıncı oyunlar olduqca maraqlı və kritik alınıb.

Kayseridə yerli “Kayserispor” üzərində əzmkar qələbə qazanan “Fənərbaxça” üçün qalibiyyət yetərli olmayıb və komanda son tur öncəsi olduğu mövqeyində - üçüncü yerdə qalıb.

Çempionluğa əsas iddiaçı və həlledici oyunlara eyni – 81 xalla girən “Qalatasaray” və “Beşiktaş”ın başqa-başqa şəhərlərdəki “qiyabi mübarizəsi” daha həyəcanverici olub.

Öz meydanında “Yeni Malatyaspor” önündə hesabda geri düşən “Qalatasaray” Xəlil İbrahim Dərvişoğlu, Rayan Babel və Oğulcan Çağlayanın ikinci hissədəki qolları sayəsində 3:1 hesablı qələbə qazanıb. Lakin bu, çempionluq üçün yetərli olmayıb.

Çünki İzmirdə “Göztəpə” ilə üz-üzə gələn “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qara qartal”ın heyətində Domaqoy Vida və Raşid Qezzal fərqlənib.

“Beşiktaş”la “Qalatasaray” mövsümü eyni xalla (84) tamamlamasına baxmayaraq, müsbət top fərqi rəqibindən daha çox olan “ağ-qaralar” finişə birinci çatıb.

Beləliklə, 3 illik həsrətə son qoyan “Beşiktaş” 16-cı dəfə Türkiyə çempionluğunu qazanıb.

Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcəklər.

Bundan başqa, “Dənizlispor”, “Ərzurumspor” və “Ankaragücü”nün ardından “Gənclərbirliyi” də elitanı tərk edib.

Zaur Xudiyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri