27 
May
2021
16:06
127
9
3956
Virtual karabakh

36 yaşlı Ruslan Əmircanov: “Hələ oynayırsan?” soruşurlar” - FOTO

Millimizin sabiq futbolçusu, “Keşlə”nin cinah müdafiəçisi Ruslan Əmircanovun Oxu.Az-a müsahibəsi.

– “Keşlə”də ardıcıl ikinci il medal qazandınız. Azərbaycan Kubokunun finalında “Sumqayıt”ı 2:1 məğlub etdiyiniz oyunla bağlı nə deyə bilərsiniz?

– Bu oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibimiz də iki il ardıcıl “Qarabağ” kimi komandanı Azərbaycan Kubokundan uzaqlaşdırıb finala çıxmış komanda idi. Onların oyun üslubunu bilirdik. Şükür Allaha, baş məşqçinin verdiyi tapşırığı uşaqlar layiqincə yerinə yetirdi. Hesabda geri düşsək də, uşaqlar ruhdan düşmədi.

– Fasilədə baş məşqçi Sənan Qurbanov nə dedi ki, ikinci hissəni fırtına kimi keçirdiniz?

– İlk dəqiqələrdə kuryoz qolla – avtoqolla hesabı açdılar. Bu, bəxtsizlik qolu idi. Mən meydana çıxmasam da, ehtiyat oyunçular skamyasından uşaqları ruhdan düşməməyə çağırırdım. Fasilədə baş məşqçimiz dedi ki, qol buraxmışıq, olan işdir, ikinci hissədə özümüzü göstərməliyik. Birinci hissədə rəqibin boşluqlarını Sənan müəllim uşaqlara izah etdi. İkinci hissədə rəqibə də hücum şansı vermədik. Daha çox bizim hücumlarımız oldu.

– Adətən ilk dəqiqələrdə qol buraxan komanda sınır, oyundan qopur. Siz isə toparlanmağı bacardınız...

– Məndə də həmin vaxt belə qələbəyə əminlik vardı. Uşaqlara deyirdim ki, oynayın, biz qalib gələcəyik. Özünə inanmaq lazımdır.

– “Keşlə” ilə müqaviləniz bitir. Komandada qalırsınız, yoxsa yox?

– Hələ bu barədə danışıq olmayıb. Yəqin ki yaxın günlərdə buna aydınlıq gələcək. Mənə deyilsə ki, “Ruslan, sən hələ bizə lazımsan”, onda mən də əlimdən gələn köməkliyi edəcəyəm. Düzdür, artıq 36 yaşım var. Amma Canluici Buffonun 42 yaşı var, hələ də oynayır. Zlatan İbrahimoviçin də 40 yaşı var, “Milan” deyir ki, gəl müqavilə bağlayaq (gülür).

– Amma yəqin ki, “Ruslan, futbolu nə vaxt bitirirsən” sualından bezmiş olarsınız...

– Bir sürücülərə, bir də subay oğlanlara eyni sual verilir: “Nə vaxt tərpənirsən?” (gülür) Mənə də eyni sual verirlər. “Hələ oynayırsan?” soruşurlar. Mən də deyirəm ki, klub mənim qara qaşıma və qara gözümə vurulub məni saxlamır ki?! Deməli, hələ lazımam ki, futbol karyeramı bitirməmişəm. Ona görə də saxlamaq istəsələr, mən də yeni müqaviləyə razılıq verəcəyəm. Bu klub mənə çox doğmadır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri