28 
May
2021
16:36
127
17
12688
Virtual karabakh

28 mayda Avropa çempionu olmuş keçmiş idmançı: “Arzularım yarımçıq qaldı” - MÜSAHİBƏ + FOTO

28 May, 2021
16:36
12688

28 mayda Avropa çempionu olmuş keçmiş idmançı: “Arzularım yarımçıq qaldı” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 28 may – Respublika Günüdür. Azərbaycan idmançıları hər zaman bu gözəl və özəl gündə beynəlxalq arenada bayrağımızı dalğalandırmağa çalışıb. Bunlardan bəziləri buna nail olub. Onlardan biri də 2006-cı ildə Almaniyanın Bonn şəhərində Avropa çempionu olan sabiq taekvondoçu İlkin Şahbazovdur. O həm də Azərbaycanın taekvondoda böyüklər arasında Avropa çempionu olmuş altı idmançısından (bunlardan ikisi qeyri-azərbaycanlıdır – red.) biridir.

Oxu.Az bu münasibətlə gənclər və böyüklər arasında Avropa çempionu, böyüklər arasında qitənin üçqat mükafatçısı, ardıcıl olaraq 10 il Azərbaycan çempionu olmuş, hazırda kiçik yeniyetmələr üzrə millimizin baş məşqçisi işləyən İlkin Şahbazovdan müsahibə götürüb.

- Siz üç dəfə Avropa çempionatından medal gətirmisiniz. Amma sanki unudulmusunuz. Buna səbəb kimi nəyi görürsünüz?

- İdmanda olanda sən hər dəfə gündəmdə olursan. Amma karyeranı bitirdikdən sonra yeni idmançılar səhnəyə çıxır deyə, unudulmağa başlayırsan. Bu həyatın qanunu belədir.

- Hazırda nə işlə məşğulsunuz?

- Karyeramı bitirdikdən sonra məşqçiliyə başladım. Çünki idmansız qala bilməzdim. Həmişə arzulayırdım ki, sıfırdan başlayan tələbələrim olsun və onları özüm yarışlara hazırlayım. Artıq avqustun 17-də mənim rəhbəri olduğum “Ümid” klubunun altı yaşı tamam olacaq. Klubum Yasamalda, Yeni Yasamalda, Bakıxanov qəsəbəsində və doğulduğum Abşeronun Hökməli kəndində fəaliyyət göstərir. Orda özüm tək məşq keçirəm. Pandemiyadan qabaq 200-ə yaxın tələbəm vardı.

- Yetirmələrinizin bəhrəsini görməyə başlamısınız?

- Bəli, bəli. 2019-cu ilin dekabrında 10-11 yaşlı uşaqlar arasında Almaniyanın Zindelfinqen şəhərində ilk dəfə Avropa çempionatı keçirildi. Millinin baş məşqçisi kimi ora 10 idmançı aparmışdım və bunlardan 7-si medal qazandı. Mənim üçün sevindirici hal odur ki, qızıl medal qazanan Mehdi Budaqlı və bürünc mükafatçı olan Fərid Quşxani sırf “Ümid”in tələbəsidir. Dörd il içərisində bu nailiyyəti əldə etdiyim üçün çox sevinmişdim.

- Bildiyimə görə, köhnə “Sovetski”də doğulmusunuz. Ordan idmana gəlişinizin xüsusi tarixçəsi varmı?

- O vaxt taekvondo nədir heç bilmirdik. Amma məhəlləmizdə uşaqlar yaxınlıqda yerləşən zalda bu idmana yazılmışdı. Məni valideynlərim qoymurdu. Çünki əsəbi olduğumdan, gözümü tez-tez qırpırdım. Həkimlərin məsləhəti ilə valideynlərim deyirdi ki, idmanla məşğul olaram, lap pis olaram. Uşaqlar idmana gedirdi deyə, mən də pis olurdum, məhəllədə onların qayıtmasını gözləyirdim... Bir dəfə məhəllədə dava zamanı döyüldüm. Üzüm-gözüm cırmaq, qan içində idi. O vaxt bizdə deyirdilər ki, nə edirsən et, evə gələndə döyülüb gəlmə. Mən də bir yandan sevinirdim ki, bəlkə bundan sonra məni idmana yazalar. Evdə döyülməyimin səbəbini deyəndən sonra mən də taekvondoya yazıldım.

1998-ci ildə Gündüz və Məmməd Abdullayevin məşqçi işlədiyi “Azəri” klubunda məşqlərə başladım. Artıq 2000-ci ildə Əl Oyunları Sarayında (indiki Bakı İdman Sarayı – S.M.) respublika çempionatında iştirak etdim və 36 kq-da yeniyetmələr arasında çempion oldum. 2001-ci ildə isə Minskdə ilk dəfə beynəlxalq turnirin qalibi oldum. İlk çıxış etdiyim mötəbər turnir isə 2001-ci ildə İspaniyanın Pamplona şəhərində keçirilmiş yeniyetmələrin Avropa çempionatı olub.

Bunadək yarışlara maliyyə üzündən tez-tez gedə bilmirdik. Amma 2001-ci ildə Kəmaləddin Heydərovun federasiya prezidenti, Füzuli Musayevin vitse-prezident olmasından sonra səfərlərə tez-tez getməyə başladıq. Artıq 2003-cü ildə ilk dəfə gənclərin Avropa çempionu oldum. 2004-cü ildən böyüklərə keçdim. 2005-ci ildə 58 kq-da respublika çempionatının finalında Elnur Amanova uduzdum. Amma 2006-cı ildən karyeramı bitirdiyim 2016-cı ilədək respublikada öz çəkim üzrə çempionluğu heç kimə vermədim. Ümumilikdə 14 dəfə respublika çempionu olmuşam. 2009-cu ildə Bakıda keçirilmiş Dünya Kubokunda millimizin heyətində mən də vardım. Onda taekvondonun vətəni olan Koreya komandasına qalib gəlib bürünc medal qazanmışdıq.

- Karyeranızı 30 yaşınızda bitirdiniz. Səbəb nə oldu?

- Əsas səbəb taekvondoda elektron jilet, elektron dəbilqə, elektron coraba keçilməsi oldu. Əvvəlki taekvondoda vurulan zərbələr zədələrə səbəb olurdu və hakim ədalətsizliyi olurdu deyə sistemi dəyişdilər. Amma bununla da taekvondonun təbiiliyi itdi. Futbolda Dieqo Maradonanın dünya çempionatında əl ilə vurduğu qol hakim səhvi olsa da, bir gözəllik idi və tarixə əl ilə vurulmuş qol kimi yazıldı. İndi isə təkrara baxılsa, qol sayılmaz. Taekvondoda əvvəl rəqib səndən hündür olsa da, onu taktika, cəldlik hesabına yenmək olurdu. İndi isə bu bir qədər çətindir. Karyeramın son illərindəki uğursuzluqlar bununla bağlıdır. Son uğurum 2014-cü ildə Bakıdakı Avropa çempionatında bürünc medal oldu. Karyeramı bitirməyimin bir səbəbi də əvvəlki kimi çəki ata bilməməyim oldu.

- Bayaq qeyd etdiniz kimi, tələbəniz iki il əvvəl Almaniyada Avropa çempionu oldu. Deyəsən, Almaniya sizin üçün düşərli ölkədir. Çünki 2006-cı ildə Almaniyanın Bonn şəhərində Avropa çempionu olmusunuz. Özü də bu, əlamətdar gündə – 28 mayda gerçəkləşib. Həmin dövrə qayıtsaq, bizə nələri danışa bilərsiniz? 

- Həqiqətən Almaniya artıq mənim üçün sevimli ölkədir (gülür)... Əvvəla, çox şadam ki, bu gözəl gündə Azərbaycana qızıl medal qazandırıb, ölkəmin bayrağını beynəlxalq arenada dalğalandırmışam. Karyeramda ən uğurlu nəticəmi bu gündə qazanmağım mənim üçün 28 may tarixini ikiqat bayrama çevirir. 15 il əvvəl keçirdiyim o döyüşlər indiyədək gözümün qabağından keçmir. İnanmazdım ki, 19 yaşımda böyüklər arasında Avropa çempionu ola bilərəm. Taekvondo Olimpiya idman növləri içərisində ən çətinlərindən biridir.

2004 və 2005-ci illərdə ilk Avropa çempionumuz hazırda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti işləyən Niyaməddin Paşayev olub. Azərbaycandan ikinci bu nailiyyətə bundan bir il sonra mən imza atmışam. Daha sonra 2008-ci ildə Elnur Amanov (qadınlardan ibarət millimizin hazırkı baş məşqçisi – S.M.), 2010-cu ildə Təvəkkül Bayramov, 2014 və 2018-ci illərdə Radik İsayev və 2016-cı ildə Milad Beiqi Avropa çempionu olub.

Mənim gənclərdən böyüklərə keçidim çox çətin alınıb. Çünki böyüklərin yarışı tamam başqa səviyyədir. 2005-2006-cı illərdə ardıcıl 10 yarışda uduzmuşam. Federasiyadan da məndən əllərini üzmüşdülər. Özüm də fikirləşirdim ki, yəqin ki mənimki elə bura qədər imiş. 2005-ci ildə Riqadakı Avropa çempionatından sonra həkimlər ürəyimdəki yüklənməyə görə iki ay istirahət etməli olduğumu deyirdilər. Altı ay sonra da Bonnda Avropa çempionatında çıxış etməliydim. Avropa çempionatından bir ay əvvəl Bonnda beynəlxalq turnirdə çıxış etdim. Belçikalı idmançı ilə final görüşümdə 11:9 qalib gəldiyim halda, 11:12 uduzdum. O məğlubiyyəti özümə bağışlaya bilmirdim, ağladım. Fikirləşdim ki, burda uduzuramsa, Avropa çempionatında nə edəcəyəm?

Əlqərəz, çempionat başladı. Yarışdığım 62 kq-da İsrail və Belarus idmançılarına qalib gəldim. Yarımfinalda Türkiyə idmançısı, ikiqat Avropa çempionu Kıvanç Dinçsalmanı çətinliklə məğlub etdim. Əsas vaxt 3:3 bitdi deyə, “Golden score”da ona qalib gəldim. Finala çıxdığım üçün elə bilirdim yuxudayam, bu saat kimsə məni oyadacaq. Çox çaş-baş qalmışdım. Finalda isə danimarkalı rəqibimi 3:2 yenib Avropa çempionu oldum. Bundan sonra 2008-ci ildə Romada Avropa çempionatının gümüş və 2014-cü ildə Bakıda bürünc medalını qazandım. Yeri gəlmişkən, 2006-cı ildə Avropa çempionu olduqdan sonra Gənclər və İdman Nazirliyi tərəfindən ilin idmançılarından biri seçildim. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən mənzillə mükafatlandırıldım.

- Üç dəfə müəyyən aralarla Avropa mükafatçısı olmağınız karyeranızın enişli-yoxuşlu olmağından xəbər verir...

- Elədir. Dünya çempionatlarında da medala gedən döyüşlərimdə ya hakim ədalətsizliyi olub, ya əlim sınıb, qoluma “şurup” qoyublar. Amma mən özümə bəxtsiz idmançı deməzdim. Bəxtsiz idmançı Avropa çempionu ola bilməzdi. Sadəcə, arzum olub ki, olimpiya və dünya çempionu olum. Bunu həmişə arzulamışdım. Arzularım yarımçıq qaldı. Həyatda hər şey arzuladığın kimi olmur. Bu arzumu indi tələbələrim vasitəsilə reallaşdırmaq istəyirəm. Onlarla mən başqa cür nəfəs alıram. Onları görməyəndə artıq darıxıram. Əvvəl öz yerimə görə düşünürdümsə, indi onlara görə məsuliyyət daşıyıram. Bu il respublika çempionatı olmalıdır. Onların qalibləri Avropa çempionatına aparılacaq.

- Klubunuzun adının “Ümid” olması oğlunuzun adı ilə bağlıdır?

- Əslində mən klubu “Uğur” adı ilə açmışdım. “Ümid” klubu başqa adamın adında idi. Oğlumun adı Ümüd olduğundan, onunla razılaşdıq ki, bu klubun adı məndə olsun (gülür).

- Pandemiya vaxtı işsizlik sizi çox sıxmadı?

- Düşünürəm ki, bu tək mənə yox, bütün məşqçilərə təsir etdi. Mənim yeganə qazancım məşqçilikdəndir. Əlavə biznesim yoxdur. Heç bir qurumda zabit kimi fəaliyyət göstərmirəm. Ona görə də bir təhər borc, xərclə bu günləri keçirdik. Artıq zallar açılır, tələbələrimlə yenidən qapalı zalda rahat məşq keçə biləcəyəm. Gələcəkdə klubuma yeni məşqçilər də gətirməyi düşünürəm.

Söhbət etdi: Səbuhi Musayev

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri