İyn
2021
18:05
237
14
6087
Virtual karabakh

Növbəti qarayaxma cəhdi: Arustamyan bəlkə günahı özündə də görsün?

9 İyn, 2021
18:05
6087

Növbəti qarayaxma cəhdi: Arustamyan bəlkə günahı özündə də görsün?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Matç TV” telekanalının jurnalisti, şərhçi Nobel Arustamyan AVRO-2020 üçün akkreditasiyadan keçə bilməyib. Nəticədə Arustamyan futbol üzrə Avropa çempionatının Bakı da daxil olmaqla, digər 10 şəhərində keçirilən matçlara jurnalist kimi səfər etmək hüququndan məhrum olub.  

Şərhçi Vasili Utkin başda olmaqla, digərləri bu akkreditasiyanın alınmamasında Azərbaycanı günahlandırır. Ancaq Utkinkimilər məsələni araşdırmadan yazdıqları postun mahiyyətini düşünmürlər. Onlar məsələni millətlərarası münaqişəyə cəlb etmək niyyəti güdürlər.

Əslində akkreditasiyanın verilməməsinin səbəbi çox sadədir. Arustamyan işğal altında olarkən Azərbaycanın qanuni torpaqları olan Dağlıq Qarabağa ziyarət edib. Səfər edərkən Azərbaycanın müvafiq dövlət orqanlarından rəsmi icazə almayıb. Bu azmış kimi Arustamyan orda futbol turniri təşkil edib. Nəticədə Azərbaycan Xarici İşlər Nazirliyi Arustamyanı Dağlıq Qarabağa icazəsiz səfər etmişlərin yer aldığı “qara siyahı”sına salıb.

AVRO-2020-nin ev sahibi olan 11 şəhərindən biri Bakıdır. Deməli, Azərbaycan təşkilatçı kimi müəyyən hüquqlara sahibdir. Məsələn, akkreditasiya məsələlərində UEFA 11 assosiasiyanın fikrini öyrənir. Bütün jurnalistlərin siyahısı AFFA-ya göndərilir. AFFA isə həmin jurnalistlərin Bakıya gəlib-gəlməyəcəyindən asılı olmayaraq, onlar barədə öz fikrini bildirib. Məhz həmin müddətdə UEFA-ya Arustamyanın məlum səfəri və “qara siyahı”da olması xatırladılıb.

O buna görə heç cür iddia edə bilməz ki, erməni olduğu üçün akkreditasiya ala bilməyib. Bunun onun etnik erməni mənsubiyyəti ilə heç bir əlaqəsi yoxdur. Əlbət, digər millətdən olan jurnalist də Dağlıq Qarabağa səfər etsəydi və həmin jurnalist də akkreditasiya müraciəti edənlər arasında olsaydı, “yox” cavabı ilə üzləşəcəkdi.

Əksinə, Azərbaycan tərəfi idman jurnalisti olsa da, müəyyən tamaşaçı kütləsi olan Arustamyanı diqqəti fərqli yönlərə calamağa görə günahlandıra bilər. Çünki istər Tovuz hadisələri, istərsə də Vətən müharibəsi zamanı bu şəxs məhz məsələlərə erməni prizmasından yanaşıb. O, paylaşdığı postlarda münaqişənin başlanmasında Azərbaycan dövlətini günahlandırıb. Halbuki Bakıda doğulan Arustamyan bilməli idi ki, dövlətimizin erməni milləti ilə heç bir problemi yoxdur. Bir jurnalist olaraq o araşdırıb bilməli idi ki, Azərbaycanda indiyədək də ermənilər yaşayır və dövlətimiz onları burada yaşadığına görə sıxmır, onlara qarşı təzyiq göstərmir.

Bir sözlə, Arustamyan akkreditasiyadan keçə bilməməsinin günahını Azərbaycanda yox, özündə axtarmalıdır. Bir dövlətin suveren torpaqlarına əl-qolunu sallayıb girərkən bunu düşünmürdümü? Yoxsa elə fikirləşirdi ki, Dağlıq Qarabağ öz qanuni sahiblərinə geri qaytarılmayacaq?

Ümumiyyətlə, Azərbaycanda hər zaman mötəbər turnir keçirilərkən azərbaycan-erməni münasibətləri qabardılır. Bunların məqsədli şəkildə edilməsi isə şübhə doğurmur. 2019-cu ildə Bakıda UEFA Avropa Liqasının finalı keçilərkən, hazırda “Roma”da çıxış edən Henrix Mxitaryan min bir bəhanə ilə “Arsenal” komandası ilə ölkəmizə gəlməkdən imtina etmişdi. Səbəb gülünc idi: təhlükəsizlik. O boyda bir aylıq Avropa Oyunları zamanı erməni idmançılar Bakıda hansı problemlə üzləşmişdi ki, o da bir günlük oyunda üzləşəcəkdi?

İndi də Arustamyan məsələsi ilə ürək bulandırmaq istəyirlər. Ancaq heç nə dörd oyunu Bakıda keçiriləcək Avropanın ən möhtəşəm futbol turnirinin baş tutmasına mane ola bilməz! Bu bir aylıq marafonun tərkib hissəsi kimi Avropanın gözü burda olacaq. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri