11 
İyn
2021
10:56
170
12
5773
Virtual karabakh

İtaliya - Türkiyə: 21 il sonrakı revanş - VİDEO

Düz 21 il bundan qabaq, 11 iyun 2000-ci ildə Türkiyə və İtaliya yenə bir Avropa çempionatının final mərhələsinin qrup matçında üz-üzə gəlmişdilər.

Hollandiya və Belçikanın ortaq təşkilatçılığı ilə keçirilən qitə birinciliyinin B qrupunun ilk matçı olduqca maraqlı keçmişdi.

Həmin vaxt Dino Zoffun başçılıq etdiyi İtaliya yığmasının heyətində Fabio Kannavaro, Alessandro Nesta, Paolo Maldini, Alessandro Del Pyero, Françesko Totti, Antonio Konte, Flippo İnzaqi kimi ulduzlar var idi. Həmin heyətin yeganə itkisi isə Canluici Buffonun yoxluğu ola bilərdi. Belə ki, çempionatın startından cəmi bir neçə gün əvvəl Norveçlə hazırlıq oyununda həmin vaxt “Parma”da çıxış edən Cicinin əli qırılmışdı və onun yerinə sonradan turnirin qəhrəmanlarından birinə çevriləcək Toldo heyətə daxil edilmişdi.

Rəqibin heyətindəki ulduzlara baxmayaraq, Türkiyə millisi də asan loxma sayılmırdı. “Ay-ulduzlular”ın baş məşqçisi Mustafa Dənizli heyətə təxminən bir ay əvvəl UEFA kubokunu qazanmış “Qalatasaray”dan Tuqay (mövsümün ortasında Şotlandiya təmsilçisi “Qlazqo Reyncers”ə keçmişdi) və Sərgəni də (UEFA kuboku oyunlarında reqlamentə görə meydana çıxmasa da, son mövsümü “Qalatasaray”da keçirmişdi) saysaq, 10 futbolçu daxil etmişdi.

İtaliya ilə matçda isə onlardan beşi (Fatih Akyel, Hakan Şükür, Sərgən Yalçın, Ümit Davala və Okan Buruk) start heyətində başlamış, oyunun gedişində daha üç futbolçu (Ərgün Pəmbə, Arif Ərdəm və Tuqay Kərimoğlu) meydana daxil olmuşdu.

Matçın ilk hissəsində hesab açılmamış, ikinci hissədə isə üç qol vurulmuşdu.

Əvvəlcə, Antonio Konte 52-ci dəqiqədə baxımlı aşırma zərbə ilə “Azzuri”ni hesabda önə çıxarmışdı. Bundan düz 10 dəqiqə sonra Sərgənin cərimə zərbəsindən hava ötürməsini bəlkə də meydandakı ən balacaboy oyunçu – Okan Buruk başla Toldonun qapısından keçirmişdi.

Həlledici qol isə uzun müddət müzakirələrə səbəb olan penaltidən vurulmuşdu. Belə ki, Türkiyə millisinin cərimə meydançasında kapitan Ogün Təmizkanoğlu ilə mübarizədə özünü yerə atan Filippo İnzaqinin istəyi baş tutmuş, hakim penalti zərbəsi təyin etmişdi. Sonralar bu epizod haqqında danışan Super Pippo özü də qərarın şübhəli olduğunu, hətta həmin epizodda simulyasiyaya görə sarı vərəqə alacağından qorxduğunu etiraf etmişdi. Qərar isə dəyişməmiş və İnzaginin özünün yerinə yetirdiyi zərbə oyunda həlledici olmuşdu. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq üçün müəyyən şansları olsa da, nəticə dəyişməmişdi.

Maraqlıdır ki, aradan keçən illər ərzində komandalar cəmi iki dəfə yoldaşlıq oyunlarında üz-üzə gəlsələr də, rəsmi oyunlarda heç vaxt qarşılaşmayıblar.

Yoldaşlıq oyunlarının hər ikisində isə 1:1 hesablı nəticə qeydə alınıb.

O səbəbdən bugünkü oyunu 2000-ci ilin revanşı da adlandıra bilərik.

Bu gün 21 il əvvəlki vəziyyətdən fərqli olaraq, İtaliya millisi aşkar favorit sayılmır.

Roberto Mançininin rəhbərlik etdiyi komanda qitə birinciliyinin seçmə mərhələsini naməğlub və +33 top fərqi ilə başa vurmuş olsa da, Türkiyə yığması da keçirdiyi 10 oyunun sadəcə birində məğlub olub və cəmi 3 qol buraxıb.

2000-ci ildən fərqli olaraq bu dəfə İtaliya yığmasının heyətində İnzaqi, Maldini, Kannavaro, Nesta, Del Pyero, Totti kimi ulduzlar olmasa da, komanda şəklində əla kollektiv formalaşıb və təsadüfi deyil ki, seçmə tsikli də məhz komanda oyunu sayəsində məğlubiyyətsiz başa vurublar.

Türkiyə millisinin baş məşqçisi Şenol Günəşin əsas güvəncəsi isə son mövsümü ölkə xaricində, Avropanın aparıcı çempionatlarında keçirmiş legionerlər olacaq.

Burak Yılmaz, Zəki Çəlik, Merih Dəmiral, Çağlar Söyüncü, Ozan Kabak, Hakan Çalhanoğlu, Yusuf Yazıcı, Cengiz Ünder kimi ulduzlar “ay-ulduzlular”a uğurlu nəticə qazandırmaq üçün savaşacaqlar.

İtaliyanın isə ən böyük üstünlüyü Avropa çempionatının təşkilatçı ölkələrindən biri olaraq öz oyunlarını doğma meydanda keçirməsi olacaq.

Mətn: Zaur Xudiyev

Video: Səbuhi Sadiq

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri