22 
İyl
2021
10:48
79
12
3394
Virtual karabakh

Arzuladığımız hesaba niyə təəssüfləndik?

22 İyl, 2021
10:48
3394

Arzuladığımız hesaba niyə təəssüfləndik?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaur Xudiyev yazır...

Əgər dünən oyun saatına qədər kimsə mənə desəydi ki, “Neftçi” “Olimpiakos” səfərindən minimal hesablı məğlubiyyətlə dönəcək, həmin adamın pozitivliyinə qibtə edib, gülərdim, ürəyimdə də arzulayardım ki, oyun məhz belə bitsəydi, nə yaxşı olardı. 

Əslində, Tiflis “Dinamo”su ilə Bakıdakı oyundan sonra Samir Abasov özü də demişdi ki, bütün mümkünsüzlüklərə və ehtimal(sızlıq)lara rəğmən, bizim üçün yeganə pozitiv məqam bizdən gözləntilərin çox da böyük olmayacağı, rəqibin üzərində isə böyük təzyiqin olacağıdır. 

Amma matç başlayandan sonra gördük ki, rəqib nə divdir, nə yeddibaşlı əjdaha, nə də Homerin “Oddiseya” dastanındakı təpəgöz Sikloplardandır. 

Xüsusilə də yunanların azlıqda qalmasına qədər ələ düşən bir neçə şans var idi ki, həmin epizodların sonunda bir əlimiz oldu, bir də başımız. 

Rəqib azlıqda qaldıqdan sonra isə elə təəssürat yarandı ki, artıq böyükhesablı məğlub olmamaq missiyası yerinə yetirilib, rahatlaşmaq olar. 

“Neftçi” sanki qarşısında bu qədər zəif və optimal formasında olmayan bir “Olimpiakos” gözləmirdi.

Komanda əlinə düşən fürsətləri təəccüb, heyrət, təlaş və naşılıqla boşa verirdi.

Halbuki, həmin vəziyyətlər başqa oyunda, başqa məqamda ələ düşsə, səfərdən sərfəli nəticə ilə dönmək olardı. Bu cür oyunlarda yarım qol vəziyyətindən belə maksimum yararlanmaq lazımdır. 

“Olimpiakos” isə sanki qarşısında oynamaq istəyən, meydanda hərəkət edən, nəsə axtaran bir komanda deyil, qapısının ağzında “avtobus park edəcək”, oyunu çirkinləşdirəcək, vaxt qazanmağa çalışacaq bir komanda gözləyirdi.

Bir sözlə, meydanda qəribə, bir-birilərinə qarşı hazırlıqlı olmayan, bir-birilərini tanımayan iki komanda var idi.

“Neftçi”nin kapitanı Emin Mahmudov matç ərzində özünə daha inamlı, daha özgüvənli olmalı və məsuliyyəti daha çox öz üzərinə götürməlidir. Kapitan sanki səhv etməkdən qorxurmuş kimi davranır, daha zəmanətli ötürmələr verir, əsasən yana və geriyə oynayırdı ki, bu da sürətli əks-hücumlar zamanı komandanın oyununu soyudurdu. Cavab oyununda daha cəsarətli bir kapitan görsək, rəqibi daha da təəccübləndirə bilərik.

Yazının sonunda bir abzas da Mert Çelik üçün əlavə edim. Türkiyə əsilli müdafiəçi elə diletant və həvəskar səhv etdi ki, rəqibə birbaşa verdiyi qırmızı vərəqəni kompensasiya etməyə bəhanə axtaran hakimin əlinə oynadı. Mertin vurduğu təpiyi Olimpiya Oyunlarında hansısa karateçimiz vura bilsə, Tokioda bir medalımız hazır olacaq.

Cavab oyununda daha hazırlıqlı, daha cəsarətli və inamlı “Neftçi” görmək ümidi ilə.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri