24 
Avq
2021
16:24
162
56
8283
Virtual karabakh

Yaponiyada karantinə alınmış cüdoçu: “Burada yeyib-içməklə, pəncərədən Tokioya baxmaqla məşğulam” - MÜSAHİBƏ

24 Avq, 2021
16:24
8283

Yaponiyada karantinə alınmış cüdoçu: “Burada yeyib-içməklə, pəncərədən Tokioya baxmaqla məşğulam” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üç gün əvvəl Milli Paralimpiya Komitəsi məlumat yayaraq bildirdi ki, Rio Paralimpiadasının qalibi olmuş cüdoçu Ramil Qasımov koronavirusa yoluxub və Tokioda karantinə alınıb. Bu səbəbdən də onunla birgə təmasda olmuş cüdo millimizin digər 10 üzvü də yüngül karantin rejimində məşq edirlər və bugünkü açılış mərasimində yer almayıblar.

Ramil Qasımovun özünə gəlincə, Oxu.Az ondan məsələ ilə bağlı müsahibə götürüb:

- Koronavirusa necə yoluxdunuz və özünüzü necə hiss edirsiniz?

- Bakıda iki dəfə test verdik. Hər şey qaydasında oldu. Tokioya çatdıqdan sonra verdiyim testin nəticəsi pozitiv çıxdı. Amma özümü yüksək səviyyədə hiss edirəm. Gəlib temperaturumu, ürək döyüntümü ölçüblər, hər şey qaydasındadır. İybilmə, dadbilmə yerindədir. Başağrısı, ürəkbulanma, qızdırma yoxdur. İndi hoteldə karantinə alınmışam. Bir də termometr veriblər. Hərdən zəng edib temperaturumu soruşurlar. Heç bir dərman filan vermirlər. Konkret olaraq hoteldə ancaq yeyib-içməklə məşğulam.

Orada idmançılardan Atletlər Kəndində gündə test götürülür. Mən də xahiş və tələb etmişəm ki, gəlib məndən də təkrar test götürülsün. Deyirlər ki, səndən bir də 10 gün sonra test götürəcəyik. Deyirəm ki, yaxşıyam axı, gəlim, qanımı yoxlayın. Məndə haymorit var, bəlkə ona görə test pozitiv çıxıb. 10 gün sonra da yarış bitir. Ondan sonra testi neynirəm ki?!

- Təkrar test üçün ümid varmı?

- Bu, mənim şəxsi tələbimdir. Gündə məndən səhhətim soruşulur. Hər şey məndə qaydasındadırsa, gəlib məndən təkrar test götürülməlidir. Mən bunu tələb edirəm. Fikirlərimi tərcüməçi vasitəsilə yaponiyalı həkimə çatdırmışam. Lazımdırsa, testin xərcini də özüm qarşılayım, başqa klinikadan da həkim çağıraq. Deyirlər ki, yox, buna icazə yoxdur.

- Sizdən başqa hoteldə koronavirusa yoluxmuş idmançı var?

- Cüdo üzrə Özbəkistan millisinin məşqçisi də buradadır. Amma onun qızdırması var. Məndə isə temperatur normaldır. Yaponiyada yeyib-içməklə, pəncərədən Tokioya baxmaqla məşğulam. Mən bura gəzməyə, istirahətə gəlməmişəm axı. Beş il əziyyət çəkib o boyda yolu gəlmişəm ki, güləşim. Bu da belə oldu... İndi hər işdə bir xeyir var. Allah nə məsləhət bilirsə, o da olsun. Yəni, ümidimi itirmirəm.

- Bildiyimə görə, idmançılardan orada iki test götürülür. İkisi də pozitiv çıxıb?

- Bəli, birini ağızdan, digərini burundan götürüblər. İkisinin də nəticəsi pozitiv çıxıb. Məndə də koronavirusun simptomlarına aid heç nə yoxdur. Yolboyu da gələrkən heç bir ağrım olmayıb. İndi də heç nəyim yoxdur. Şükür Allaha, top kimiyəm (gülür)... Bəlkə də bu, statistik məlumat üçün edilib. Paralimpiya Oyunlarının qalibi koronavirusa yoluxub, karantinə alınması diqqət çəkmək üçün maraqlı xəbərdir. Nə məsələ olduğunu bilmirəm. Hələ ki, səbir edirəm.

- Dediyiniz təkrar test proseduru idmançının xahişi əsasında həll oluna bilməz. Məsələn, bəlkə buna Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qarışsa, cüzi şans olar...

- Burada yaponiyalı həkimə heç kim müdaxilə edə bilmir. Mən sadəcə xahiş etmişəm ki, adımı yarış sistemindən çıxarmasınlar. Avqustun 25-i bizdə püşkatmadır. Ayın 27-də çəkiölçmə mərasimi, 28-i isə yarışımdır. İnşallah, sistemdə adım saxlanılsa, təzyiq edib, yenidən test verdirəcəyəm.

- Artıq 40 yaşınız var. Parisdə keçiriləcək növbəti Paralimpiya Oyunlarında 43 yaşınız olacaq. Davam, yoxsa tamam olacaq?

- Dizimdə zədələr var. Onu əməliyyat etdirdikdən sonra buna qərar verəcəkdim. Həkimlərin diaqnozuna əsasən bunu müəyyənləşdirəcəkdim. Amma nağd olanı bu Paralimpiya Oyunlarıdır. Lisenziya qazanmaq, hazırlaşmaq, ev-eşikdən uzaq qalmaq – hamısı çətindir. Amma bu boyda əziyyətdən sonra belə bir situasiya ilə qarşılaşmaq adama xoş gəlmir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri