Sen
2021
12:36
33
147
4020
Virtual karabakh

Futbolçularımız nə ilə qidalanır? - Klublardan AÇIQLAMA

9 Sen, 2021
12:36
4020

Futbolçularımız nə ilə qidalanır? - Klublardan AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qidalanma idmanda əsas faktorlardan biridir. “Sağlam bədəndə sağlam ruh olar” devizinin təməl prinsipində tək idmanla məşğul olmaq yox, həm də idmançının qidalanması və vaxtında istirahəti də nəzərdə tutulur. Məhz bu üç faktor birgə tətbiq olunduqda, idmançı da görmək istədiyi uca zirvəyə çatmağa yaxın olur.

Bəs bizim futbol klublarında idmançıların qidalanması hansı formada həyata keçirilir? Onların qidalanmasına klubda kimlər nəzarət edir? Oxu.Az elə məhz bu suallarla Azərbaycan Premyer Liqasında mübarizə aparan klublarımıza müraciət edib. Yeddi klub sorğumuzda iştirak edib.

“Sumqayıt”: “Futbolçuların qida rasionuna nəzarət sırf əsas komandanın baş məşqçisi Ayxan Abbasovun nəzarətindədir. Ancaq bu məsələlər komandanın ispaniyalı fitnes məşqçisi Jerar Merino Elqaristo və klub həkiminin birgə proqramı əsasında tənzimlənir”.

“Qarabağ”: “Qida rasionu individual olaraq dəyişir. Hər bir futbolçunun yaşı, boyu, çəkisi, qan analizlərinə əsasən onların qida tərkibi müəyyənləşdirilir. Futbolçunun oynadığı mövqe belə bədəndəki yağ faizinə və qidalanmadakı karbohidrat və zülal miqdarına təsir edir. Oyunçuların günlük və həftəlik bədənlərindəki yağ faizi, eyni zamanda günlük çəkisi ölçülür. Müntəzəm olaraq onların qan analizlərinə baxılır ki, onlarda hər hansısa hormonal dəyişikliklər, qanlarında lazım olan vitamin, mineral ehtiyacı yoxlanılır. Buna uyğun olaraq da qida rasionu mövsümə uyğun olaraq yenilənir”.

“Qəbələ”: “Ümumi olaraq futbolçuların yemək rasionunda tam tərkibli qidalara üstünlük verilir. Yəni, qidalanmada həm enerjinin, həm də vitamin və mineralların bərpasını təmin edən qidalardan istifadə olunur. Enerji və orqanizmin bərpası üçün rasionumuzda təbii normal yağ tərkibli, protein və karbohidratlarla zəngin qidalar yer alır. Bunlara misal olaraq ət və ət məhsulları, dənli bitkilər, taxıl məhsulları, kərə və zeytun yağı daxildir. Vitamin bərpasi ücün meyvə və tərəvəzlərə üstünluk verilir. Bundan əlavə, vitamin və qida əlavələrindən də istifadə olunur. Futbolçular əsasən komandanın həkiminin verdiyi qida planı və məsləhətlər əsasında qidalanırlar. Vaxtaşırı futbolçuların çəki prosesləri olur ki, bununla da futbolçular ideal çəkilərində saxlanılır”.

“Neftçi”: “Futbolçunun qidalanması zamanı karbohidrat da, zülal da olur. Kremli şirniyyatlardan uzaq durmaq tövsiyə edilir. Ancaq qida menyusu günlərə görə dəyişə bilir. Məsələn, oyundan əvvəl, matç günü və ondan sonrakı gün fərqli olur. Futbolçuların qidalanmasına başda həkimimiz Şaiq Zöhrablı olmaqla, ispaniyalı fiziki hazırlıq üzrə məşqçimiz Eduardo Karo nəzarət edir. Onların çəkilərinə nəzarət olunur. Əgər futbolçunun çəkisi azdırsa və ya çoxdursa, ona uyğun olaraq da müəyyən zülal tərkibli qidaları qəbul etmək tapşırılır. Əsas komandada olan futbolçular peşəkardır. Təbii ki, ilk növbədə qidalanmalarına özləri nəzarət etməlidir. Ancaq klub tərəfindən müəyyən məsləhətlər verilir. Əgər futbolçu verilən tapşırıq və məsləhətlərə baxmayaraq, nə gəldi yeyirsə və bunun nəticəsində artıq çəki problemi ilə üzləşirsə, klubun daxili intizam kodeksinə uyğun olaraq cərimələnə bilər”.

“Səbail”: “Futbolçuların qidalanması klub həkiminin nəzarəti altında aparılır və qida rasionunu o təyin edir. Bundan əlavə olaraq, xüsusi qidalara ehtiyacı olan futbolçular var ki, onlar da həkim nəzarəti altında qidalanırlar”.

“Keşlə”: “Futbolçuların qidalanması tələblərə uyğun həyata keçirilir. Qida rasionuna vitaminli ərzaq məhsulları daxil olunur. Komandanın həkiminin təqdim etdiyi menyuya uyğun olaraq yeməklər hazırlanır. Futbolçuların qidalanması üçün bizim bazada zəruri şərait var, yeməkxana fəaliyyət göstərir və yeməklərin keyfiyyətinə, tərkibinə birbaşa həkim nəzarət edir”.

“Sabah”: “Futbolçular yarış zamanı və yarışa hazırlıq dövründə müxtəlif qida rasionundan istifadə etməlidirlər. Məsələn, yarışa hazırlıq zamanı daha çox zülal maddələri bol olan yumurta, ət, balıq və s. kimi qidalardan, yarış günündə isə karbohidratlarla zəngin qidalardan istifadə etməlidirlər. Ümumiyyətlə, qida rasionu ilə bağlı futbolçular komandanın həkimi tərəfindən mütəmadi olaraq məlumatlandırılır. O ki qaldı futbolçuların qidalanmasına diqqət yetirilməsinə, komandada çıxış edən hər bir futbolçu peşəkardır və bu təlimatların məhz onların sağlamlığı və daha yaxşı formada qalmaları üçün edildiyini başa düşürlər. Buna görə də bu cəhətdən ciddi problem olmur”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri