22 
Sen
2021
10:26
194
13
3328
Virtual karabakh

Ukrayna millisində çıxış edən azərbaycanlı karateçi: “Valideynlərim Ağdama getməyi çox istəyirlər” - MÜSAHİBƏ

22 Sen, 2021
10:26
3328

Ukrayna millisində çıxış edən azərbaycanlı karateçi: “Valideynlərim Ağdama getməyi çox istəyirlər” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xaricdəki azərbaycanlı idmançılar” rubrikasının növbəti qonağı Ukraynanın karate millisinin üzvü Rizvan Talıbovdur.

Oxu.Az-a müsahibəsində o, Ukraynadakı həyatından və aldığı maaşdan, azərbaycanlı karateçilər ilə dostluğundan, eləcə də, medal gözləntilərindən danışıb. 

– Sizin haqqınızda geniş məlumata sahib deyilik. Harda doğulmusunuz?

– Mən 1998-ci ilin yanvarın 20-də Ukraynanın Çernovtsı şəhərində anadan olmuşam. Həmin vaxt ora çoxlu azərbaycanlılar köçüb. Valideynlərim də 1995 və ya 1996-cı ildə ora köç edib. Mən də Ukraynada doğulduğumdan, bağçaya və məktəbə orada getmişəm.

– Bəs valideynləriniz Azərbaycanın hansı bölgəsindəndir?

– Qarabağdan. Həm atam, həm də anam Ağdamdandır. Atam Novruzlu kəndindən, anam isə Ağdam şəhərindən olub.

– Ağdam artıq işğalda deyil. Ora getməyi planlaşdırırsınız?

– Hər ikisi 100 faiz planlaşdırır. Ora getməyi çox istəyirlər. Amma orada yaşayacaqlarını deyə bilmərəm. Çünki atamın Ukraynada biznesi var.

– Valideynləriniz orada nə işlə məşğuldur?

– Atam Şahməmmədin Çernovtsı şəhərində texnika mağazası var, anam isə evdar qadındır. Məndən başqa bacım da var. O da universitet oxuyur.

– Karateyə gəlişinizin tarixçəsi varmı?

– Tarixçəsi sadədir. Məktəbdə 2-ci sinifdə oxuyan zaman karate müəllimi içəri girdi. Məşqə yazılmağa dəvət etdi. Mən də evdə dedim, atam güldü, amma anamdan razılıq aldım.

– Yəqin ki o vaxt karateyə gedəndə belə peşəkar səviyyəyə çatacağınızı gözləmirdiniz...

– Yox, təbii ki. Amma əvvəlcə zalda mənimlə birgə məşq edənlərdən yaxşı olmağa çalışdım. Daha sonra şəhərdə ən yaxşı karateçi olmaq istədim. Kimsə məşqçinin verdiyi tapşırığı məndən yaxşı edəndə, pis olurdum. Belə-belə iddialarım böyüdü. Ancaq onu da deyim ki, 19 yaşadək yaxşı nəticələrim olmayıb. Ən yaxşı halda Ukrayna çempionatında ikinci yerə çıxmışdım. Maraqlıdır ki, Ukrayna çempionatında yer tuta bilirdim, digər turnirlərdə məndə heç nə alınmırdı.

– Səbəb nə idi?

– Vallah, bilmirəm. Hamıdan çox məşq edirdim. Bir dənə də olsun məşq buraxmırdım. Bütün təlim-məşq toplanışlarına gedirdim. Atam ora qatılmağım üçün pul verirdi. Heç vaxt demirdi ki, getmə. İndi nəticə verirəmsə, valideynlərimə borcluyam. İlk Ukrayna çempionluğumu yalnız 19 yaşında əldə etdim. Onda Ukraynanın gənclər millisinə düşdüm. Lakin Avropa çempionatı Rusiyada olduğundan, bizim milli ora getmədi.

– Bəs əsas komandaya yolunuz necə açıldı?

– 2017-ci ildə Avstriyanın Zalsburq şəhərində Karate A Seriyası keçirilirdi. Orada yeddinci oldum. Həmin vaxt 75 kq çəki dərəcəsində yarışırdım. Bildiyiniz kimi, Stanislav Qoruna (Tokio Olimpiadasının bürünc mükafatçısı – S.M.) da həmin çəkidədir. Ona görə də Ukrayna millisində fərdi yox, komanda yarışlarında iştirak edirdim. 2018-ci ildə Serbiyanın Novı Sad şəhərində komanda şəklində Avropa çempionatının bürünc medalını qazandım.

– Ukraynada yaşayan azərbaycanlılardan özünüzə diqqət görürsünüz?

– Yox. Hansısa sözlə, hörmətlə ola bilər. Amma əməldə nəsə edən olmayıb. Açığı, Premyer Liqada qızıl medalımı saymasam, elə ciddi nəticəm də yoxdur. Yalnız iki dəfə Avropa çempionatında komanda şəklində bürünc mükafata sahib çıxmışam. İkincisini bu il Xorvatiyanın Poreç şəhərində aldım. Ümumiyyətlə, Ukraynada maddi baxımdan sənə kömək edə biləcək elə imkanlı iş adamı da yoxdur.

– Azərbaycana gəlişinizin xüsusi səbəbi varmı?

– Məqsədim ən birinci burada yaşayan qohumları görməkdir. Çünki 10 ildir ki, heç kimi görmürdüm. Əmim istisna olmaqla, bütün qohumlarım buradadır. Hətta burada olanda azərbaycanlı karateçilərlə məşq etməyi də planlaşdırırdım. Amma gördüm ki, o qohuma, bu qohuma getməkdən vaxt yoxdur (gülür). Heç Bakını gəzməyə vaxt edə bilmədim.

– Bizim millidə Asiman Qurbanlı ilə eyni çəkidə, yəni +84 kq kateqoriyasında rəqibsiniz. Müsahibəyə gəlməzdən əvvəl hətta onunla bir yerdə oturmuşdunuz. Maraqlıdır: bir-birinizlə söhbətiniz nədən ibarət olur?

– Asimanla dostuq. Çünki çox yaxşı uşaqdır. Döyüşdən sonra bu haqda söhbət edirik: bir-birimizə vurduğumuz zərbələr haqda zarafatlaşırıq. Amma tatamiyə çıxanda bir-birimizə rəqibik. Ayxan Mamayev və Rafael Ağayevlə də ünsiyyətim olur. Rafael ümumiyyətlə kumirimdir. Hələ 2018-ci ildə biləndə ki mən azərbaycanlıyam, mənlə danışırdı, hal-əhvalımı soruşurdu. Bu mənim üçün böyük şeydir...

– Yəqin bizim millidə əsas dostlarınızdan biri də İrina Zaretskayadır. O, ukraynalı olsa da, Azərbaycan adından yarışır. Sizdə isə əksidir. Bu necə hissdir?

– Mən artıq buna öyrəşmişəm. Ukrayna və Azərbaycan bir-birinə dost ölkələrdir. Mən hər iki dövləti çox sevirəm. Düzdür, Azərbaycan müqayisədə mənə daha doğmadır. Amma mən hazırda yad ölkəni təmsil etdiyimi düşünmürəm.

– Azərbaycandan sizə təklif gəlsə, dəyərləndirərsinizmi?

– Elə olsa, bu barədə düşünərəm. Ukraynada karatedə maddi vəziyyət elə yaxşı deyil. Məsələn, yarışdan qayıdanda yaşadığım Çernovtsı şəhərinə getməyin pulunu özüm ödəyirəm. Həkim, masaj, bərpa pulu da həmçinin. Aldığım maaş da elə buna gedir. Amma Asiman mənə deyib ki, həkimlər burada pulsuzdur, federasiya xərcləri qarşılayır. Mən də ən azı tibbi məsələlərin Azərbaycandakı kimi pulsuz olmasını istərdim.

– Orada maaşınız nə qədərdir?

– 450 dollar.

– Karate ilk dəfə Tokio Olimpiadasının proqramına salınmışdı. Bəlkə də bu idman növü bir daha Olimpiadada olmayacaq. Niyə Parisdə lisenziya verən yarışa aparılmadınız?

– Mən lisenziya xalları yığmağa gec başladım. Bildiyiniz kimi, Olimpiadada +75 kq çəki dərəcəsində mübarizə vardı. Məndən əvvəl 84 kq-da yarışan Valeri Çebotar 2018-ci ildə Madriddə dünya ikincisi olmuşdu, 2019-cu ildə isə Minskdə Avropa Oyunlarının bürünc medalını qazanmışdı. Reytinqi mənimkindən yüksək olduğundan, lisenziya turnirinə o aparıldı. Ancaq Valeri də orada Olimpiadaya lisenziya qazana bilmədi. Olimpiadada isə Asimanın da, mənim də qalib gəldiyimiz Səudiyyə Ərəbistanı karateçisi Tareq Hamedi gümüş medal qazandı. Yəqin ki, biz də orada iştirak etsəydik, yer tutmağımız mümkün idi. Təəssüf ki, qismət olmadı.

– 16-21 noyabrda Dubayda dünya çempionatı keçiriləcək. Sindromu qırıb fərdi şəkildə medal qazanmaq mümkün olacaq?

– Orada məqsəd birdir: dünya çempionu olmaq.

– Azərbaycan Olimpiadada 2 gümüş, Ukrayna isə 1 gümüş və 1 bürünc medal qazandı. Nəticəni necə qiymətləndirmək olar?

– Məncə, Ukrayna necə gözlənilirdisə, elə də nəticə göstərdi. Finalda uduzan Anjelika Terlyuqa qızıl medal da qazana bilərdi. Ancaq nəzərə almalıyıq ki, onun bolqar rəqibi İvet Qoranova çox güclüdür. Stasın da, Rafael Ağayevin də medal qazanmasını istəyirdim. Rafaelə qarşı finalda haqsızlıq oldu. Onun vurduğu zərbə xal sayılmalı idi. Zaretskaya isə finalda çox həyəcanlı idi. Rəqibə ona zərbə vurmağa imkan verdi. Onun sonda ayaq zərbəsi ilə vurduğu xalının sayılmamasına vaxt imkan vermədi: vaxt bitdiyindən, həmin zərbə hesaba alınmadı. Ümumilikdə, Azərbaycanın göstərdiyi nəticə çox böyükdür. Sadəcə, camaat başa düşmür ki, karatedə lisenziya qazanmaq necə çətindir. O qədər karateçi cəmi 3 çəki dərəcəsi üzrə yarışır. 3 çəkiyə iki medal böyük nəticədir.

Səbuhi Musayev

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri