25 
Okt
2021
15:48
10
112
2665
Virtual karabakh

Titullu idmançılarımız niyə dünya çempionatında iştirak etmirlər? - AÇIQLAMA

25 Okt, 2021
15:48
2665

Titullu idmançılarımız niyə dünya çempionatında iştirak etmirlər? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gündən Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı start götürəcək.

Dünya çempionu Cavid Çələbiyev və Olimpiya mükafatçısı Kamran Şahsuvarlının yarışa yollanmaması diqqətimizdən qaçmayıb.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, Cavid Çələbiyev Malik Həsənova Azərbaycan Boks Federasiyasının zalında keçirilən sparrinq yarışında uduzub. Bu səbəbdən də dünya çempionatındakı yarışın 63,5 kq çəki dərəcəsində Azərbaycanı Malik təmsil edəcək. O, sabah Qvatemaladan olan idmançı ilə mübarizə aparacaq.

Lakin 2013-cü ildə Almatıda 56 kq-da dünya çempionu olan, 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının qalibi olan Cavid heç bir rəqibindən zəif olmadığını və bunu sparrinq saymadığını bildirib:

“Olimpiadaqabağı çox məşq keçmişdim. Bu səbəbdən də demək olar ki, çox yorulmuşdum. Ona görə də istirahətə daha çox vaxt ayırmışdım. Olimpiadadan gəldikdən sonra bir ay məşq etməmişdim. Amma bununla belə formadan düşməmək üçün məşqlərimi tam da dayandırmamışdım.

Tam istədiyim pik formada deyildim. Ona görə də məşqçinin məsləhəti ilə dünya çempionatına yollanmadım. Gedib uduzmaqdansa, getməmək məsləhət bilindi.

Mən bunu sparrinq adlandırmazdım. Maliklə “para” işləmişik. Mən çox az müddət məşq keçmişəm. Tokiodan gəldikdən sonra milli komanda ilə cəmi 8 məşqdə iştirak etmişəm. Mən federasiyanın zalına dünya çempionatına hazırlaşmaq üçün yox, bədənim tonusdan düşməsin deyə məşq etməyə getmişəm. “Instagram”da paylaşdığım videolar olimpiadaqabağı etdiyim məşqdən görüntülər idi”.

29 yaşlı Cavid Çələbiyev Paris-2024-dən sonra karyerasını bitirəcəyini və hazırda çəkisində özünü Azərbaycanın bir nömrəsi saydığını bildirib:

“Uduzmağımla bağlı deyilənlərin hamısı boş şeylərdir. İndi pandemiyaya görə ölkə çempionatı keçirilmir. Respublika çempionatı keçiriləndə, aydın olar ki, bu çəkidə kim bir nömrədir. Hazırda son ölkə çempionatının nəticələrinə görə 63 kq-da mən, 75 kq-da Kamran Şahsuvarlı ən güclüdür”.

Caviddən fərqli olaraq, Kamran Şahsuvarlı 75 kq-da Mirşərif Kazımzadəyə uduzduğunu etiraf edib:

“Bizi sparrinq etdilər. Açığı, həm özüm hazır deyildim, həm də o, məndən indi daha hazırlıqlı idi. Ona görə də federasiya dünya çempionatına onu aparmağı layiq bildi”.

Qeyd edək ki, Mirşərif Kazımzadə dünya çempionatında oktyabrın 30-da mübarizəyə qoşulacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri