23 
Noy
2021
12:42
227
19
2064
Virtual karabakh

Dünya çempionatından iki medalla qayıtmış yeganə karateçimiz: “Müəyyən qədər kədərliyəm”

23 Noy, 2021
12:42
2064

Dünya çempionatından iki medalla qayıtmış yeganə karateçimiz: “Müəyyən qədər kədərliyəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ümumiyyətlə, medalla Vətənə döndüyüm üçün çox sevincliyəm. Həm şəxsi, həm də komanda çıxışında dünya üçüncüsü oldum. Müəyyən qədər də kədərliyəm ki, bu bürünc medalı qızıl edə bilmədim. Bunun üçün kiçik çatışmazlıq oldu. Bu məni çox üzdü. Çünki bu dünya çempionatına qızıl medal qazanmaq məqsədi ilə getmişdim”.

Bunu Oxu.Az-a BƏƏ-nin Dubay şəhərində keçirilmiş karate üzrə dünya çempionatında iki bürünc medalla qayıdan Asiman Qurbanlı deyib.

O, karateçilərimiz arasında yeganə idmançımız olub ki, yarışdan iki medal qazana bilib:

“Buna da şükür olsun. Əsas odur ki, medalsız qalmadım. Hazırda dünyanın ilk 3 idmançısından biriyəm və reytinqdə ilk beşlikdəyəm. Bu medallar mənim gələcək yarışlarım üçün böyük motivasiyadır. Məqsədim yalnız kürsünün ən yüksək zirvəsidir. Deyə bilərəm ki, mənim üçün hər şey hələ ki yaxşı gedir. Əsas odur ki, zədə olmasın”.

29 yaşlı atlet +84 kq çəki dərəcəsinin yarımfinalında 2017-ci ilin Avropa çempionu Simone Marinoya uduzmasına görə təəssüfləndiyini bildirib:

“Yarımfinalda italyan rəqibimə uduzmağıma çox heyfsilənirəm. Ümumiyyətlə, bu rəqibimin qrupdan çıxacağına inanmırdım. Deməzdim ki, zəif idmançıdır. Ancaq onun yer aldığı qrupdan başqa güclü karateçilərin çıxacağını gözləyirdim. İtalyan idmançı güclü taktika hesabına gəlib bura çıxdı. Düşünürdüm ki, onu rahat keçəcəyəm. Bundan əvvəlki yarışlardan birində onu ilk turlarda 5:0 hesabı ilə məğlub etmişdim. Amma bu dəfə mənə güc olaraq yox, taktiki olaraq üstün gəldi və 2:1 qələbə qazandı. Finala çıxa bilməməyimə çox heyfsilənsəm də, özüm özümə söz vermişəm ki, 2023-cü ildə Budapeştdə keçiriləcək dünya çempionatında bu medal qızıl olacaq.

Avropa çempionatı, Avropa Oyunları, İslam Həmrəylik Oyunlarından medalım vardı. Ancaq dünya çempionatında medal qazanmamışdım. Ümumiyyətlə, müəyyən səbəblərdən dünya çempionatında çıxış etməyə haqq qazana bilmirdim. Şükürlər olsun ki, dünya çempionatına yollandım və Vətənə medalla döndüm”.

Qeyd edək ki, 16-21 noyabr tarixlərində keçirilmiş dünya çempionatında Azərbaycan 1 qızıl və 2 bürünc medal qazanmaqla 7-ci ən yaxşı nəticəni göstərib. Karatenin yaradıcıları Yaponiya isə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla hamıdan yaxşı olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri