Dek
2021
17:52
121
15
1462
Virtual karabakh

Azərbaycan çempionatının açılış mərasimi oldu - FOTOREPORTAJ

7 Dek, 2021
17:52
1462

Azərbaycan çempionatının açılış mərasimi oldu - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.

Oxu.Az-ın xəbərinə görə, iki illik fasilədən sonra bərpa olunan yarışın açılış mərasiminə gənclər və idman nazirinin yeni müavini Mariana Vasilyeva, Güləş Federasiyasının prezidenti əvəzi Namiq Əliyev və nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov qatılıblar.

Əvvəlcə Vətən Müharibəsində şəhid olmuş şəxslərin ruhu sükutla anılıb. Daha sonra yuxarıda qeyd etmiş şəxslər fikirlərini bildirib.

Hər üç şəxsin fikirlərini təqdim edirik:

Mariana Vasilyeva: “Mən burada çıxış edəcəyimi bilmirdim. Ona görə də hazırlaşmamışam. Mən bütün güləşçilərə uğurlar diləyirəm”.

Namiq Əliyev: “Bilirsiniz ki, iki ildir ki, bu çempionatı müəyyən problem üzündən keçirə bilmirdik. Artıq bu çempionatı keçirə bilirik. Bizim üçün Azərbaycan çempionatı çox önəmli yarışdır. Ötən illərə baxanda Olimpiadada nəticələr qənaətbəxş olmasa da, yenə də medalla qayıtdıq. Artıq Paris Olimpiadasına üç il vaxt qalıb. Ora gedəcək idmançıları müəyyən etmək baxımından bu yarış önəmlidir. Hesab edirəm ki, bu üç gün ərzində maraqlı görüşlər izləyəcəyik”.

Fərid Mansurov: “İki ildən sonra yenidən Azərbaycan çempionatı keçirilir. Şeytanın qıçını qırmışıq desək, yalan olmaz. İdmançıların, məşqçilərin hazırlığını müəyyənləşdirən bu yarış Respublika üçün önəmli tədbirlərdən biridir. Burada qalib gələnlər 2022-ci ildə Azərbaycanı dünya və Avropa çempionatlarında təmsil edəcək. Qoy güclülər qalib gəlsin”.

Azərbaycan himni səsləndikdən sonra yarışda yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kq-da yarışlar başlayıb. Növbəti gün klassik güləşdə 87, 97 və 130 kq-da, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kq-da medalçıların adına aydınlıq gələcək. Yarışın son günündə isə 74, 79, 86, 92, 97 və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Səbuhi Musayev
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri