13 
Dek
2021
11:22
165
21
3513
Virtual karabakh

Jurnalist qazi: “XTQ zabiti olmasaydı, yolu azıb ermənilər tərəfə keçə bilərdim” - MÜSAHİBƏ + FOTO

13 Dek, 2021
11:22
3513

Jurnalist qazi: “XTQ zabiti olmasaydı, yolu azıb ermənilər tərəfə keçə bilərdim” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı idman jurnalisti, Vətən Müharibəsi iştirakçısı, “Şuşanın azad olunmasına görə” medalı ilə mükafatlandırılmış Daşqın Əzizovun Oxu.Az-a müsahibəsi.

– Müharibəyə çağırılmağınız necə oldu? Başınıza gələnləri ətraflı danışardınız...

– İlk dəfə məni sentyabrın 20-də hərbi komissarlığa çağırmışdılar. Getdim, adım siyahıda çıxmadığı üçün geri qayıtdım. Müharibə başlayanda jurnalist kimi axşam növbəsində işləyirdim. İki gün demək olar ki, gecə-gündüz yatmadan müharibə xəbərləri yazdım. Sentyabrın 29-u Şəki Hərbi Komissarlığından mənə zəng gəldi və səhər gəlməyimi istədilər. Orada bizə dedilər ki, gedirsiniz hərbi təlimə. Bizi Gəncədəki N saylı hərbi hissəyə göndərdilər. Hərbi hissənin komandir müavini qarşımızda çıxış edərək dedi ki, bilirik sizi bura təlim adı ilə göndəriblər. Amma 2-3 gün sonra müharibəyə göndəriləcəksiniz. Mən 2016-2017-ci illərdə Füzulidə hərbi xidmətdə olduğum kimi, qumbaraatan köməkçisi idim. Şəmkirdə Seyfəli poliqonunda təlimlərə başladıq. Əsasən bir həftə ərzində dağa qalxıb düşürdük.

Oktyabrın ortalarında bizə komanda gəldi ki, ön xəttə getməliyik. Onda bizi qəribə hiss bürüdü. Füzulinin Aşağı Seyidəhmədli kəndinə göndərildik. Bu kənd iki gün olardı ki, işğaldan azad edilmişdi. Ora gələn kimi bizə dedilər ki, səngər qazın. Çünki ermənilər o ərazini artilleriya və uzaqmənzilli raketlərlə vururdular. Orada 200 baş mal-qara qalmışdı. Həmin inəkləri kəsib kabab elədik. Orada yağışın altında səngərdə qalmağa başladıq. Elə uşaq oldu ki, böyrəyi “otkaz” getdi. Özüm də soyuqdan öskürməyə başlamışdım. Ümumi götürsək, 2 həftə idi ki, çimmirdik. Təxminən 4-5 gün belə orada qaldıq. Noyabrın 6-da, gecə yatmağa hazırlaşanda bizə komanda gəldi ki, yük maşınlarının yanında düzlənək. Ancaq bilmirdik hara gedəcəyik.

Füzulinin asfalt yoluna çıxanda komandirimiz dedi ki, Şuşaya gedirik. Əvvəl buna inanmadıq. Elə uşaq oldu ki, sevindiyindən göyə güllə atmağa başladı. O vaxt Şuşada indiki “Zəfər yolu” deyildi, pis gündə idi, bəlkə də dizə qədər palçıq vardı. Amma bəxtimizdən bizi daşıyan “Ural”ın sürücüsü maşını peşəkar sürürdü. Bizim maşın o yolda aşmadan gəlib mənzil başına çatdı. Halbuki digər maşınlar bu problemlə üzləşmişdi.

Noyabrın 7-də Xocalının Sığnaq kəndinə gəlib düşdük. Orada gözəl evlər, təzə “Toyota Prado” maşınları vardı. İlk dəfə mən müharibə vaxtı donuzu orada gördüm. İstər-istəməz fikirləşdik ki, burada da Füzulidəki kimi toyuq-cücə, donuz kəsib yeyəcəyik. Amma bizi dərhal Şuşanın Daşaltı kəndinə apardılar. Noyabrın 4-ü oranın artıq işğaldan azad olunduğu elan edilmişdi. Həmin kənddə çox sayda erməni hərbçilərinin leşləri vardı. O yolda itki vermədik. Şuşaya təpələr arası ilə gedən yolu 7 saata ac-susuz getdik. Döyüş yoldaşım olan Göyçaylı Emin Şuşanın Daşaltıdan olan girişinə bayraq sancdı. Gördük ki, qarşıdan uğultu səsi gəlir. Rus dilində soruşduq ki, siz ermənisiniz? Dedilər ki, hə. Ondan sonra güllə-baran başladı. Onda həmin Eminin topuğunu pulemyotun gülləsi sındırdı. Tabor komandiri də orada yaralandı. Sən demə, onlar erməni diversantları imiş, Xankəndi tərəfdən Şuşaya basqın etməyə gəliblərmiş. Biz də Şuşanın həmin girişini mühafizə etməyə gəlmişdik.

Yəqin dərənin dibində erməni cəsədləri, sanitar maşını olan videonu görmüsünüz. Onu bizim taborun uşaqları edib. Orada 40-a yaxın erməni vardı. Qumbaraatanla onları qırmışıq. Orada köhnə elektrik stansiyasının yanına gəlib gecələdik. Amma yatmadıq, yer palçıq idi, səhərə kimi ayaq üstdə qaldıq.

– Şuşada sizi təsirləndirən nə oldu?

– 1992-ci ildə yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun mayın 8-də vurduğu Qaqik Avşaryanın komandiri olduğu T-72 tankı orada Şuşaya girməyə çalışan ilk erməni tankı kimi əbədiləşdirilmişdi. Oranı Robert Koçaryan, daha sonra Serj Sarkisyan, daha sonra Nikol Paşinyan ziyarət etmişdi. Onu o vaxt rəhmətlik Çingiz Mustafayevin kadrlarından görmüşdüm. Elə o vaxtdan “Facebook”da “Albert Aqarunov” adlı səhifəni işlədirdim. Ora çatanda uşaqlara dedim ki, bu, Albertin vurduğu tankdır. Uşaqlar şoka düşdülər ki, gör haradan, haraya gəlmişik. Sən demə, 3-4 erməni o tankın altında gizlənib bizə pusqu qurubmuş. Yaxşı ki biz orada 2 pulemyotçu qoymuşduq. Biz həmin pulemyotçular sayəsində sağ qaldıq.

Daha sonra Xankəndidən siqnal verildi. Ermənilər qarışqa kimi tökülüşdülər. Hətta tankla üstümüzə gəlirdilər. O tank gələndə bir qədər panikaya düşdük. Mayor Fərid Ələkbərov tank mərmisindən şəhid oldu. Onun nəşini təpədən düşürən 4 nəfərdən biri mən idim. Ermənilərə sonradan əsir düşən Mobil Əhmədzadə orada ayağından yaralandı. Onların üstünlüyü onda idi ki, bizdə artilleriya yox idi.  Ağstafadan Həsənov Elnur Elman oğlunun başının yarısı yox idi, can verirdi. Onu arxası üstə sürüyüb, mina düşən yerə qoydum. Elə orada da keçindi.

Daha sonra xərəkdə yaralını daşımağa kömək etməyimi istədilər. Həmin zaman formamın balağından bir əsgər tutdu. Dedi ki, hara kimi getsən, məni də elə sürü...

– Noyabrın 8-də yaralandınız. Bu, yaralılara kömək edən an oldu?

– Bəli. Ermənilər həmin vaxt təpəlikdəki kolluqlarda gizlənmişdi. Yaralımıza kömək edirdim. Həmin an çox taqətsiz idim, hətta xərəyi belə daşıya bilmirdim. Yaralı dedi ki, üşüyürəm. Mən yaxındakı erməni buşlatını onun üzərinə atdım. O an mənə nəsə dəydiyini hiss etdim. Elə bil ki məni təpiklə vurdular. Güllə sol böyrümə dəydi və çıxdı. Onda həyatla üzülüşdüm, dedim ki, mənimki bura qədərmiş. Sonradan tibbi müayinə zamanı dedilər ki, bəxtim gətirib ki, güllə böyrəyimə dəyməyib, yoxsa qanaxmadan öləcəkdim. Ondan əvvəl də tank mərmisinin qəlpəsi sol ayağıma iynə kimi girmişdi, hiss etməmişdim, hətta həkimə bu barədə deməmişdim. O indi də ayağımdadır. Onu yadigar kimi saxlayıram (gülür). Yalnız soyuq olanda yüngülcə göynəmə verir.

– Müsahibələrinizdə demisiniz ki, sizi Xüsusi Təyinatlı Qüvvələr (XTQ) zabiti oradan çıxarıb. Niyə sizin taborun əsgərləri yox, XTQ zabiti?

– Çünki bizim tabor irəli getmişdi. Mən isə aktiv zonadan çıxmaq üçün arxaya sürünmüşdüm. Onda mənə oradan çıxmaqda leytenant Rüfət Nəbizadə köməklik edib. Sonradan bilmişəm ki, o, Daxili İşlər Nazirliyinin (DİN) Xüsusi Təyinatlı Dəstəsinin zabiti imiş. Artıq o da şəhiddir. Təəssüf ki, bu ilin mayın 5-də o, aldığı kontuziyadan DİN-in Hospitalında dünyasını dəyişdi. Halbuki onunla çay süfrəsində oturmaq kimi istəyim vardı.

Onunla qarşılaşanda qara mülki geyimdə idi. Sadəcə, üstündən XTQ-nin formasını geyinmişdi. Üstündəki AK-74 avtomat və başındakı dəbilqədən bildim ki, bu, XTQ geyimidir (müharibə vaxtı XTD hərbçiləri də XTQ hərbçiləri ilə vahid formada döyüşürdülər – S.M.). Amma fikirləşdim ki, birdən erməni olar. “Allahu əkbər” dedim, qarşılıq verdi. Mənə əmr verdi ki, dağa qalxım. Halbuki yaralı halda dağa qalxmaq mənə olduqca çətin idi. Amma düz yol getsəm, o ərazini minaatan vura bilərdi. Ümumiyyətlə, o olmasaydı, mən yolumu azıb ermənilərin qaynaşdığı Kərkicahan istiqamətinə də gedə bilərdim.

Şuşa Qalasının yaxınlığında mənə ağ-yaşıl rəngdə villa göstərdilər, dedilər ki, bu, Ermənistan millisinin “Arsenal”da oynamış futbolçusuna məxsus olub. Mən də fikirləşdim ki, onda bu ev Henrix Mxitaryanın olub. Mən ilk müayinəni orada aldım. Amma oranı minaatanla vururdular deyə, bizi oradan çıxarıb “Qarabağ” hotelinə yerləşdirdilər. Onun üstü beton idi deyə, minaatan ona o qədər də təsir edə bilmirdi. 100-ə yaxın yaralının içərisində uzandım. Gəncədən olan döyüş yoldaşım vardı, dili tutulmuşdu, danışa bilmirdi. Ağrım çox olduğu üçün mənə çoxlu iynə vurdular. Oradan məni Hadrutdakı səyyar hospitala, oradan da Füzuliyə göndərdilər.

– Sizə Şuşanı gəzmək qismət olmadı?

– Xeyr. Ona görə də bizi “pikap”la Şuşadan aparanda heç qayıtmaq istəmirdim. Çünki döyüş yoldaşlarım müharibə bitdiyindən, orada qalıb şəkil çəkdirir, Şuşanı gəzirdilər. Mən Şuşanı ancaq mərmi altında və bir də tərk edərkən görə bildim. Amma döyüş yoldaşlarıma çox paxıllığım tutdu. Ermənilərin “Şuşi” yazdığı, bizim hərbçilərin söküb “Şuşa” etdiyi yerdə şəkil çəkdirmək istərdim. Qismət olsa, yenidən ora gedərəm. Ancaq mən Şuşadan çox, həmin Xankəndi istiqamətində getmək istərdim. Çünki orada döyüşdüyüm üçün ora mənə daha doğmadır. İndi o yolda Rusiya Sülhməramlıları dayanır.

– Sizin jurnalist olduğunuzu orada nə vaxt bildilər?

– Hələ Gəncədə olanda. Bölük komandirimiz baş leytenant Məmmədov Mirkazım hamı ilə fərdi tanış olurdu. Dedim ki, jurnalistəm. Dedi ki, ola bilməz. Dedim, idman saytında işləyirəm. Bundan sonra hamı mənə “jurnalist” deməyə başladı.

– Bilirik ki, əslən Şəkidənsiniz. Tanışlarınızdan sizinlə hərbi xidmətə çağırılan vardı?

– Bəli. Şəkinin Oraban kəndindən kəndçimiz. Düz onun gözü qarşısında yaralandım. Mənə həmin vaxt təskinlik verirdi.

– Müharibənin bitməsindən 1 il keçir. Yuxularına müharibə ilə bağlı nələrsə yenə də girir?

– Təbii ki. Bu 1 il elə tez, bir göz qırpımında keçdi. Dünən olmuş kimi xatırlayıram. İnanın ki, hələ də tam yadırğaya bilmirəm. Sosial şəbəkədə hələ də döyüş təəssüratlarımı paylaşıram. Halbuki öz sahəm üzrə daha çox futboldan paylaşım edə bilərəm.

– Müharibədən sonra mətbuatda, sosial şəbəkələrdə saxta qazilər, müharibə iştirakçıları üzə çıxır. Yəqin ki, siz müharibə iştirakçısı olaraq onların düzgün danışmadıqlarını bizdən daha tez tutmağı bacarırsınız...

– Çox yaxşı məqama toxundunuz. Futbolda da belə bir şey var: publikaya oynamaq. Onlar istəyir ki, publikaya oynamaqla özlərini xalq qəhrəmanı kimi təqdim etsinlər. Sən onsuz da müharibədə iştirak etmisən, orada 1 və ya 10 düşmən öldürmüsən, bunun heç bir önəmi yoxdur. Onu şişirdib danışmaqla başqasının haqqına girmiş olursan. Məsələn, Daşaltı kəndində N saylı hərbi hissə döyüşüb, onu başqa hərbçilərin adı ilə qələmə vermək düzgün deyil. Bəlkə də kobud desəm, 1 tabor orda yer üzündən silinib, şəhid olub. Sən o yalanı danışmaqla daha da özünə nifrət qazanırsan. Düz danışanlar da yalan danışanların badına gedir.

Bir də mən Müdafiə Nazirliyindən xahiş edərdim ki, ön xətdə olan hərbçilərdən smartfonlar yığışdırılsın. Biri ləzginka oynayır, biri video çəkib “TikTok”a yerləşdirir. Bu, qəbuledilməz, yolverilməzdir. Azərbaycan Ordusunun nümayəndəsi ciddiyyətini qorumalıdır. Ucuz şeylərlə özünüzü reklam etməyin! Müharibə vaxtı çəkilmiş videoya “YouTube”da 1 milyon baxış var. Halbuki o videoya yalandan, xarici kinodan götürülmə avtomat səsləri qoyub paylaşıblar. Bu, biabırçılıqdır. Bizim qazi jurnalistimiz Ədil Arifoğlu da deyir ki, kaş ora peşəkar operator gedərdi və real döyüş səhnələrini çəkərdi.

Səbuhi Musayev

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri