30 
Dek
2021
17:40
43
112
4734
Virtual karabakh

Elşad İbrahimov: “Məndən qabaq həmin vəzifəni erməni əsilli bir şəxs tuturdu” - MÜSAHİBƏ + FOTO

30 Dek, 2021
17:40
4734

Elşad İbrahimov: “Məndən qabaq həmin vəzifəni erməni əsilli bir şəxs tuturdu” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmvətənlilərimiz bu gün dünyanın müxtəlif ölkələrində uğur qazanmaqdadır. Ukraynada yaşayan Elşad İbrahimov isə özünü idman menecmentində tapıb. Vaxtı ilə özü də idmançı olmuş soydaşımız hazırda Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidentidir. O, bu ay Kiyevdə keçirilmiş və Azərbaycan idmançılarının uğur qazandığı “Wizard Open” beynəlxalq kikboksinq turnirinin əsas təşkilatçılarından olub.

10 il Bakıda daxili işlər orqanlarında işləmiş E.İbrahimov bu gün də Vətəni ilə sıx əlaqədədir: Ukrayna azərbaycanlıları diasporunun aktiv üzvlərindəndir və Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına öz töhfəsini verir.  

O, Ukraynada azərbaycanlı idmançıların aktivliyi barədə Oxu.Az-a müsahibəsində danışdı.

- İdmana həvəsiniz haradan qaynaqlanır və Kikboksinq Federasiyasına necə gəldiniz?

- Ukraynaya gəldiyim gündən Kikboksinq Federasiyası ilə sıx əməkdaşlıq etmişəm. Özüm də cavanlıqda boksla məşğul olmuşam ki, bu da yaxın idman növləridir. Hətta Kiyev şəhərinin meri, məşhur Vitali Kliçko özü boksa kikboksinqdən gəlib.

Azərbaycanda idmana dövlət səviyyəsində daha çox diqqət ayrılır. Bildiyimiz kimi, İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Amma Ukraynada belə deyil.

Peşəkar idmançının həyat tərzi tam fərqlidir: o ən azı gündə 2 dəfə məşq etməlidir. Sözsüz ki, belə olan halda o işləyib özünü dolandıra bilməz. Gərək kimsə onların qayğısına qalsın. Biz də, Ukrayna azərbaycanlıları diasporu olaraq, Kikboksinq Federasiyasına köməklik edirdik. Məni Federasiyanın İdarə heyətinə daxil etdilər.

Və bir gün də Federasiyadan təklif gəldi ki, vitse-prezidentliyə namizədliyimi irəli sürüm. 2018-ci ildə namizədliyimi irəli sürdüm və bu Federasiyanın prezidenti tərəfindən dəstəkləndi. Səs çoxluğu ilə mənim namizədliyim təsdiqləndi və Kikboksinq Federasiyasının vitse-prezidenti seçildim.

- Ukraynada kikboksinqlə məşğul olan azərbaycanlılar çoxdurmu? Tutduğunuz vəzifə onlara kömək etməyə imkan verirmi?

- Ukraynada kikboksinq digər döyüş növlərinə nisbətən daha çox inkişaf edib. Həm oğlanlar, həm də qızlar bu döyüş növünə can atır.

Ümumiyyətlə isə Ukrayna Kikboksinq Federasiyasının 45 minə yaxın üzvü var.

Bildiyiniz kimi, Ukraynada 500 min azərbaycanlı yaşayır. Onlardan təqribən 600 nəfəri kikboksinq idman növü ilə məşğuldur. Bunların içində Dünya çempionu Orfan Səmədzadə də var. O, 2017-ci ildə ən yaxşı nəticə vermiş idmançı kimi artıq tarixə düşüb.

Federasiyada fəaliyyətim geniş çeşidlidir. Amma öz qarşımda qoyduğum məqsəd - azərbaycanlı idmançılara kömək etməkdir. Bu istiqamətdə əlimdən gələni edirəm.

Məndən qabaq həmin vəzifəni erməni əsilli bir şəxs tuturdu. Halbuki xəbərimiz vardı: o Azərbaycan əsilli idmançılara heç də müsbət yanaşmırdı. Bu da bizim uşaqlara çox yer edirdi.

- Dekabr ayında Kiyevdə böyük beynəlxalq turnir təşkil olunmuşdu ki, burada Azərbaycandan gələn idmançılar uğurla çıxış etdilər. Sizin bu turnirdə fəaliyyətiniz nədən ibarət idi?

- “Wizard Open” beynəlxalq turniri gözəl, mehriban şəraitdə keçdi. Azərbaycandan böyük nümayəndə heyəti gəlmişdi. 25 idmançı, 4 məşqçi və 1 hakim bir neçə gün Kiyev şəhərinin və bizim qonağımız oldu. Onların arasında dəfələrlə dünya və Avropa çempionu olmuş, fəxrimiz Eduard Məmmədov təşrif buyurmuşdu.

Ümumiyyətlə yarışlara İngiltərə, İsrail, Moldova, Ermənistan, Özbəkistan, Qazaxıstan, Türkiyə və Ukraynadan yüzlərlə gənc idmançı qatıldı. Azərbaycan yığması gözəl nailiyyət əldə edərək 2-ci yerə yüksəldi. Birinci yeri isə gözlənilən kimi Ukrayna kikboksçuları tutdular.

- Ukrayna kikboksçuları Azərbaycan haqda nələr bilirlər? Azərbaycana səfərləri olurmu?

- 2017-ci ildə Azərbaycanda çempionat keçirilən zaman Ukrayna Kikboksinq Federasiyasının böyük nümayəndə heyəti Bakıya gəlmişdi. Ukraynalılar bizim xalqın qonaqpərvərliyinə heyran qaldılar və indiyədək o səfəri yada salırlar.

Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev onları hətta Naxçıvana da aparmışdı. Ukraynalılar Azərbaycanda gördükləri gözəlliklər haqqında hər yerdə danışırlar.

- Ukraynada digər idman növlərini təmsil edən məşhur Azərbaycan əsilli idmançılar var. Onlarla ünsiyyətiniz varmı?

- Əlbəttə. Biz bir-birimizi dəstəkləməyə can atırıq. Elə “Wizard Open” yarışına son Olimpiya oyunlarında gümüş medal qazanmış Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov da gəldi, nitq söylədi, iştirakçılara ruh yüksəkliyi bəxş etdi. Pərviz Kiyevdə yaşamır, və xüsusi olaraq bölgədən gəlmişdi. Əslində o azərbaycanlı idmançılara böyük dəstək oldu.

Kiyevdə güləş üzrə dünya çempionu olmuş, məşhur həmyerlimiz Oleq Krapivin “Bakinets” güləş klubunu yaradıb.

Bundan əlavə, Kempo Federasiyasının rəhbəri Rauf İbrahimovdur. Onun da öz idman klubu var. Kempo növü üzrə onun və övladlarının gözəl nəticələri var. Ukraynanın bölgələrində də azərbaycanlıların yaratdığı və idarə etdiyi idman klubları kifayət qədərdir.

- Pandemiyanın pik dövrü artıq keçilib və gələcəyə ümid dolu baxışlar yönəlib. Siz necə, yeni turnirlər keçirmək planlayırsınızmı?

- Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş böyük beynəlxalq turnir keçirmək niyyətindəyik. Bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla birgə düşünmüşdük, hələ 2019-cu ildə keçirməliydik, lakin məlum pandemiya və karantin qadağaları buna imkan vermədi. Ancaq son iki il tək pandemiya ilə yadda qalmadı: Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytara bildi. İndi də belə bir fikir var ki təxirə salınmış yarışı elə Qarabağda, onun gözü-bəbəyi Şuşada keçirək.

Sözsüz ki, bu böyük məsuliyyətdir, çünki orada təhlükəsizlik problemləri hələ də qalmaqdadır. Lakin müəyyən şərtlərlə bu yarışı keçirmək mümkündür. Bunun üçün iş aparırıq və Beynəlxalq Kikboksinq Federasiyasına müraciət etmək fikrimiz var.

Namiq Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri