13 
Yan
2022
15:40
112
19
1530
Virtual karabakh

Zaur Axundov: “Komandamız futzal oynamağa ilk oyunun ikinci hissəsində başlayır” - FOTO

13 Yan, 2022
15:40
1530

Zaur Axundov: “Komandamız futzal oynamağa ilk oyunun ikinci hissəsində başlayır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün milli komanda ilə görüşdüm. Məşqçilər korpusu gündəlik olaraq hazırlıq prosesi haqqında bizə məlumatlar verir. Demək olar ki, komanda Avropa çempionatına 90 faiz hazırdır. Məşqçilər korpusunun dediyinə əsasən, az işlər qalıb. Bu da taktiki məsələlərdir və qarşıdakı həftə ərzində bunu bitirəcəklər. Sevindirici haldır ki, heç bir oyunçuda zədə yoxdur. Tam deyə bilərəm ki, komandamız Avropa çempionatının final mərhələsinə hazırdır”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov deyib.

Axundov qitə birinciliyindəki hədəfləri barədə də danışıb:

“Tək baş məşqçi ilə yox, bütün oyunçularla danışmışıq. Hər Avropa çempionatında olduğu kimi, burada da ilk hədəfimiz birinci oyunda qələbə qazanmaq və ardınca qrupdan növbəti mərhələyə keçməkdir. Ondan sonra hər şey növbəti rəqibdən asılı olacaq. Ən əsası, ilk görüşdə debütant Gürcüstan millisinə qarşı uğurla çıxış etməkdir”.

AFF prezidenti futzalda zəif komandanın olmadığını sözlərinə əlavə edib:

“Hansısa milli komanda Avropa çempionatının final mərhələsində çıxış edirsə, deməli, buna layiqdir və güclüdür. Amma futzalın da öz qaydaları var. Birinci oyun həmişə zala və şəraitə uyğunlaşmaq baxımından çətin və ağır olur. Demək olar ki, komandamız futzal oynamağa ilk oyunun ikinci hissəsində başlayır. Bu səbəbdən də əsas məsələ komandanı ilk görüşə kökləməkdir. Avropa çempionatından öncə də kollektivlə görüşümüz olacaq. Layiqincə çıxış edəcəklərinə ümid edirəm”.

O, Niderlandda keçiriləcək Avropa çempionatının qruplarında bu dəfə 3 yox, 4 komandanın mübarizə aparmasına isə belə münasibət göstərib:

“Bunun o qədər də önəmi yoxdur. Biz 6-cı dəfə bu yarışda iştirak edəcəyik. Əsas hədəf hazırda ilk matça köklənməkdir. Birinci qarşılaşmadan sonra komandanın hansı səviyyədə olduğu bilinir”.

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üzə gələcək. 19 yanvar - 6 fevral tarixlərində gerçəkləşəcək Avropa çempionatı Niderlandın Amsterdam və Qroninqen şəhərlərində keçiriləcək.

Səbuhi Musayev

Foto: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri