19 
Yan
2022
09:48
226
43
3955
Virtual karabakh

Tofiq Musayevin məşqçisi: “Nəriman Abbasov hələ onun qət etdiyi yolu getməyib” - MÜSAHİBƏ

19 Yan, 2022
09:48
3955

Tofiq Musayevin məşqçisi: “Nəriman Abbasov hələ onun qət etdiyi yolu getməyib” - MÜSAHİBƏ

Yaxınlarda Zabit Səmədovun Oxu.Az saytında Azərbaycanın iki MMA idmançısı Tofiq Musayevlə Nəriman Abbasovun döyüşünü təşkil etmək istəməsinə dair açıqlaması tərəflərdə müəyyən söz-söhbətlərə səbəb oldu. Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov Tofiq Musayevin sonuncu beynəlxalq döyüşünü uduzduğu üçün bu döyüşə razı olmadığını bildirməklə “odun üstünə yağ tökmüş oldu”.

Jurnalistika prinsiplərini nəzərə alaraq Oxu.Az qarşı tərəfin də fikrini öyrəndi, bunun üçün Tofiq Musayevin şəxsi məşqçisi Ruslan Əfəndiyevə müraciət etdi.

– Sözügedən məsələyə münasibətinizi öyrənərdik...

– Mən Zabit Səmədovun saytınızda çıxan fikirləri ilə tanış idim. Bu, Zabitin öz şəxsi fikri və təklifidir. Burada pis bir şey görmürəm. Bundan sonra Zabitlə də danışmışam...

Mən Tofiqlə uzun və çətin bir yol keçmişəm. O, Dağıstanda şadlıq sarayında döyüşürdü. Sonra Dağıstanda daha iri turnirlərdə, Rusiyanın paytaxtı Moskvada, Çində döyüşməyə başladı. Daha sonra Qroznıda “Axmat”da döyüşdü. “Axmat”ın Bakıda keçirdiyi döyüşdə də qalib gəldi, ancaq kəmər döyüşünü ona vermədilər deyə, o təşkilatdan ayrıldıq. Ondan sonra Yaponiyada “Rizin”də döyüşdü. 2019-cu ildə “Rizin”də dörd döyüşdə qalib gəldi. Finalda “Pitbull” ləqəbli Patriki Freyreyə qalib gəlib Qran Pri kəmərini qazandı. Bundan sonra ona UFC və “Bellator”dan təklif gəldi. Ancaq az qonorar təklif etdiklərindən “Rizin”də qaldıq. “Rizin”də iki dəfə çox pul verirlər.

Müharibədən qayıtdıqdan sonra onun travması oldu, “Rizin”də uduzdu. İndi də Tofiq “Bellator”la müqavilə bağlayıb. Orada UFC-dən daha çox pul verirlər. Həm də orada kəmərə gedən yol UFC-dəki kimi uzun deyil. “Bellator”un qalibi “Pitbull” yaxınlarda “story”sində portuqal dilində sorğu keçirib ki, Tofiqlə revanş döyüşmək istəyir. 95 faiz onun izləyicisi bu döyüşün keçirilməsini istəyib. İndi sizcə, Tofiqin Nərimanla döyüşməyinin mənası varmı?

Demək istəyirəm ki, biz bu yerə çatmaq üçün Tofiqlə uzun yol qət etmişik. Nərimangil isə hələ bu yolu getməyiblər. Onu hələ qabaqda çox şey, çətinliklər gözləyir. Biz isə o yolu keçmişik, geri qayıtmağın mənası yoxdur. Bu döyüş olsa da, Tofiqin reytinqi qalxmayacaq və ya bu döyüşə görə yüksək qonorar veriləsi deyil.

Nəriman Abbasovun qalib gəldiyi “AMC Fight Nights” məşhur turnirdir, ancaq Rusiyada. Bu döyüş əksinə Nərimanın xeyrinə olar. Çünki hazırda Tofiq dünya reytinqində 39-cu yerdədir. O, döyüş keçirməyib deyə, indi bu yerə düşüb. Vaxtı ilə 12-ci yerdə idi. Onda Konor Makqreqor 6-cı idi.

– Şəhriyar Abbasov bildirib ki, Tofiq Musayevə rəqib kimi Ramin Sultanovu verə bilərəm. Sizcə, Sultanov Tofiqə bab rəqibdirmi?

– Qətiyyən yox. Ramin Sultanovu heç tanıyan var ki? Tofiqdən soruşdum, dedi ki, belə bir idmançı olduğunu eşidib.

– O, Bakıda 2020-ci ildə sizin tələbəniz Xəzər Rüstəmovu məğlub edib...

– O, karyerasına təzə başlayıb, cavan uşaqdır... Mən Şəhriyarı başa düşürəm, Ramin onun tələbəsidir, onu PR edir. Ancaq PR beynəlxalq arenada lazımdır.

– Əslində bu tipli açıqlamalar Azərbaycanın daxili MMA bazarında rəqabətin artmasına səbəb olmurmu?

– Mən burada rəqabət görmürəm. Nərimanla Ramin Tofiqdən fərqli səviyyədədir. Onların hər biri fərqli liqalarda döyüşür. “Instagram”da canlı yayımda mənə sual verirlər ki, Tofiqlə Nərimanın döyüşünə baxmaq istəyirik. Düşünürəm ki, Azərbaycanın 2-3 məşhur MMA idmançısı var, onların da bir-biri ilə döyüşməsi düzgün deyil. Digərləri Tural Rəhimov, Vüqar Kərəmov və Mehman Məmmədovdur. Başqa kimimiz var ki? Onları bir-biri ilə qırdırmağın nə mənası var ki?

– Tofiq Musayev saytımıza açıqlamasında “Bellator”da döyüşünün fevralın sonu-martın əvvəlləri olacağını demişdi. Bu barədə nə yenilik var?

– Yanvar-fevral aylarında döyüş kartları doludur. Ona görə də onun ilk döyüşü mart-aprel aylarında ola bilər. Ona hazırda ABŞ üçün P1 vizası düzəldilir. Bu viza olanda qazandığı qonorardan vergi ödəməkdə çətinliyi olmayacaq. “Bellator” özü vizanın düzəldilməsi üçün çalışır.

– Digər yetirməniz Vüqar Kərəmov da “Rizin”də davam edəcək?

– Bəli. Onun müqaviləsi dekabrda başa çatıb. Amma onlar istəyir ki, “Rizin”də davam etsin. Vüqarın özünün də orada çıxış etməkdən xoşu gəlir. Yeni müqavilə bağladıqdan və sərhədlər açıldıqdan sonra Vüqar Yaponiyada döyüşlərə başlayacaq.

Sonda demək istəyirəm ki, belə söz-söhbətlər bizə başucalığı gətirmir, parçalanmaya və düşmənçiliyə səbəb olur. Əksinə, mən Zabit Səmədovla birgə bütün MMA klublarını bir bayraqda birləşdirmək istəyirik. Hazırda Gənclər və İdman Nazirliyində bununla bağlı iş gedir. Danışmaqdansa, iş görmək daha yaxşıdır. Nəriman Abbasovun idmançısı olduğu “TT Fight” klubunun məşqçiləri ilə də görüşmüşük. Onlar da bizim təklifimizi qəbul edib.  

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri