18 
Fev
2022
01:54
493
161
18707
Virtual karabakh

Konfrans Liqası: “Qarabağ” səfərdə “Marsel”ə məğlub oldu - YENİLƏNİB + FOTO/VİDEO

18 Fev, 2022
01:54
18707

Konfrans Liqası: “Qarabağ” səfərdə “Marsel”ə məğlub oldu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Ağdam klubu tarixi matçda Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna yaxşı başlayan “Qarabağ” 7-ci dəqiqədə hesabı açmağa yaxın olublar. Lakin Abdullah Zubir qapıçı Stiv Mandanda ilə üzbəüz epizodda zərbə vurmağa gecikdiyindən fürsəti boşa verib. Cəmi 2 dəqiqə sonra isə fransalı yarımmüdafiəçinin fərqlənməsinə həmyerlisi olan 37 yaşlı qolkiper imkan verməyib. Fransa təmsilçisi ilk real qol vəziyyətini 14-cü dəqiqədə yaradıb. Amma Arkadiuş Milikin vurduğu topu Luka Quqeşaşvili qaytarıb. Bundan 3 dəqiqə sonra Toral Bayramov sol cinahdan cərimə meydançasına iti ötürmə versə də, komanda yoldaşlarından heç kim topa toxuna bilməyib. 30-cu dəqiqədə Bubakar Kamaranın uzaq məsafədən qüvvətli zərbəsi təhlükəli alınsa da, az fərqlə qapının üstündən keçib. 39-cu dəqiqədə Quqeşaşvilinin kobud səhvi künc zərbəsi ilə nəticələnib. Gürcüstanlı qapıçı hücumun davamında növbəti dəfə çıxışda səhvə yol verib. Fürsətdən maksimum yararlanan Milik 41-ci dəqiqədə hesabı açıb. “Qarabağ” qolun şokundanm ayılmamış ikinci topu qapısında görüb. Cəmi 3 dəqiqə sonra polşalı hücumçu dublunu rəsmiləşdirib. Bu epizodda əvvəlcə Marko Veşoviç, ardınca isə Kevin Medinanın səhvləri həlledici rol oynayıb. Ağdamlılar ilk hissənin sonuncu dəqiqəsində fərqi azalda bilərdilər. Toral Bayramov Mandanda ilə qarşı-qarşıya qalsa da, qapıçı səddini keçə bilməyib. Beləliklə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv fasiləyə məğlub yollanıb.

İkinci hissəyə yaxşı başlayan tərəf isə “Marsel” olub. Bunun məntiqi nəticəsi kimi, Milik ardıcıl 2 epizodda təhlükə yaradıb. 50-ci dəqiqədə “Qarabağ”ın heyətində Filip Ozobiçin zərbəsi qapı dirəyindən meydanı tərk edib. Az sonra “Marsel”dən Pap Quyenin hesab arasındakı fərqi artırmasına Quqeşaşvili mane olub. 23 yaşlı qolkiper yaxın məsafədən topun qapıdan keçməsinə imkan verməyib. 65-ci dəqiqədə rəqibin müdafiədəki səhvindən istifadə edən Zubir topu Vadjiyə ötürüb. Sonuncunun qüvvətli zərbəsini Mandanda çətinliklə dəf edə bilib. 79-cu dəqiqədə Bayramovun ötürməsindən sonra Kadi Borges topu dabanı ilə qapıya göndərməyə çalışsa da, təcrübəli qolkiper zərbənin qarşını ustalıqla alıb. Daha sonra yan xətt hakimi bayrağını qaldıraraq, oyundankənar vəziyyət olduğunu bildirib. 83-ci dəqiqədə Patrik Andradenin zərbəsi qüvvətli alınsa da, dəqiqlik çatmayıb. 85-ci dəqiqədə “Qarabağ” buraxılan toplardan birinin əvəzini çıxıb. Andradenin istiqamətində iti ötürməsindən sonra Kadi Borges topu qapıdan keçirib. 90-cı dəqiqədə Dmitri Payetin cərimə zərbəsini Quqeşaşvili dəf edib. Davamında isə top qapı tirindən geri qayıdıb. Lakin Payet əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması fevralın 24-də Bakıda keçiriləcək

01:50

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 4-cü qol vurulub.

Meydan sahiblərinin futbolçusu Payet 90-cı dəqiqədə fəqlənib - 3:1.

01:42

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 3-cü qol vurulub.

85-ci dəqiqələrdə Kadi Borges buraxılan toplardan birinin əvəzini çıxıb - 2:1

01:03

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 2-ci hissə başlayıb.

Ağdam klubu ilk yarıdan sonra hesabda geridədir - 2:0.

00:48

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun birinci hissəsi başa çatıb. 

Meydan sahibləri iki top fərqlə qabaqdadır. "Marsel" klubunun futbolçusu Arkadiuş Milik dubl edib - 2:0.

Ağdam klubu fasiləyə məğlub yollanıb.

00:45

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 2-ci qol vurulub.

Meydan sahiblərinin heyətində Arkadiuş Milik 44-cü dəqiqədə dubl edib - 2:0.

00:42

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.

41-ci dəqiqədə Arkadiuş Milik meydan sahiblərini önə keçirib - 1:0.

00:01

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

"Velodrom" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edir.

Qeyd edək ki, cavab görüşü fevralın 24-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

23:00

Fransada UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Marsel" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Avropa futbol qurumunun rəsmi saytında yer alan məlumata görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

“Marsel”: 30. Stiv Mandanda, 3. Alvaro Qonsales, 4. Babakar Kamara, 5. Leonardo Balyerdi, 8. Jerson 9. Arkadiuş Milik, 14. Luan Peres. 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 22. Pap Quye, 29. Pol Lirola

Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 6. Matteo Genduzi, 7. Amin Arit, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 15. Due Çaleta-Tsar, 23. Sead Kolaşinats, 31. Yuqo Bertelli, 46. Aylan Benyahya Tani

Baş məşqçi: Xorxe Sampaoli

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, “Velodrom” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

10:12

“Qarabağ” tarixi oyuna çıxacaq.

Oxu.Az xəbər verir ki, “Qarabağ” ilk dəfə beynəlxalq turnirin pley-off mərhələsində mübarizə aparacaq.

Ağdam komandası Fransada “Marsel”in qonağı olacaq. Hazırda Fransa çempionatının ikincisi olan “Marsel”lə ilk oyun cütün taleyini müəyyənləşdirmək baxımından böyük önəm daşıyır.

“Qarabağ”da 3 zədəli var. “Marsel”də isə yarımmmüdafiəçi Valontan Ronjye Avropa Liqasının qrup mərhələsində qırmızı vərəqə aldığından, meydana çıxa bilməyəcək.

UEFA Avropa Konfrans Liqası

Pley-off mərhələsi, ilk oyun

17 fevral

00:00 “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Nikola Dabanoviç, Milovan Cukiç, Vladan Todoroviç, Miloş Boşkoviç (hamısı Monteneqro)

Marsel. “Velodrom” stadionu

Oynayamayacaqlar: Luis Enrike, Valontan Ronjye (hər ikisi “Marsel”), Abbas Hüseynov, Bədəvi Hüseynov, Şahruddin Məhəmmədəliyev (hər üçü “Qarabağ”)

Turnirdə keçiriləcək digər oyunlar bunlardır:

21:45 PSV (Niderland) – “Makkabi” (Təl-Əviv, İsrail)

21:45 “Fənərbağça” (Türkiyə) – “Slaviya” (Çexiya)

21:45 “Midtyulan” (Danimarka) – PAOK (Yunanıstan)

21:45 “Rapid” (Avstriya) – “Vitess” (Niderland)

00:00 “Lester” (İngiltərə) – “Randers” (Danimarka)

00:00 “Seltik” (Şotlandiya) – “Budö/Qlimt” (Norveç)

00:00 “Sparta” (Çexiya) – “Partizan” (Serbiya)

Qeyd edək ki, komandalar arasında cavab oyunları fevralın 24-də Bakıda keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri